Aktual

Ruslan Əliyev: “47 manat dəyəri olan qaz sayğacları üçün mənzil sahiblərindən 500 manat istənilməsi qeyri-qanunidir”

"Sahibkarların borclarının silinməsi “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətində deyil"

“47 manat dəyəri olan qaz sayğacları üçün bir sıra mənzil-tikinti kooperativlərinin (MTK) mənzil sahiblərindən 500 manat istəməsi qeyri-qanunidir”. Bu sözləri bu gün “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev KİV və QHT nümayəndələri ilə təşkil olunan növbəti “Açıq qapı” aksiyası zamanı bildirib. Baş direktor aksiyada mətbuat nümayəndələri tərəfindən ünvanlanan bütün sualları cavablandırıb. Bəzi MTK-larda sayğacların quraşdırılması üçün vətəndaşlardan müəyyən ödənişlərin tələb olunması ilə bağlı suala aydınlıq gətirən Ruslan Əliyev bildirib ki, bu ilin iyul ayından etibarən çoxmərtəbəli binaların da qazlaşdırılması zamanı qaz sayğaclarının quraşdırılmasına görə heç bir ödəniş alınmır”. Birlik rəhbərinin sözlərinə görə, bəzi binalarda MTK rəhbərləri özlərini binanın sahibi kimi aparırlar. “Amma hüquqi cəhətdən baxsaq, vətəndaşlar bilməlidir ki, binanın sahibi onların özləridir. Onlar bu MTK-larda payçıdırlar”. Baş direktor bu cür MTK-larda yaşayan sakinlərə müraciət edərək bildirib ki, belə hallarda heç bir ödəniş etməsinlər. Ruslan Əliyev istixana sahiblərinin mövcud borcunun silinməsi və ya hansısa güzəştlərin olunması ilə bağlı sualı da cavablandırıb. “Bu gün Azərbaycandakı istixanalardan qaz pulunun yığım səviyyəsi 70%-dir. Bu ilin sonuna qədər biz yığım səviyyəsini 80%-ə çatdırmaq niyyətindəyik. Mütəmadi olaraq sahibkarlarla görüşlərimiz olur. Görüş zamanı sahibkarlar “Azəriqaz” İstehslat Birliyinə olan borclarını qeyd edirlər. Təəssüflər olsun ki, bəzi sahibkarlar verdiyi vədi tutmurlar. Bu görüşlər o demək deyil ki, biz onların borcunu silməklə məşğuluq. Sahibkarların borclarının silinməsi “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətində deyil”, deyə – Birlik rəhbəri qeyd edib.
Bundan əlavə görüş zamanı baş direktor vətəndaşlar və QHT nümayəndələri tərəfindən sosial şəbəkələr üzərindən ünvanlanan suallara da aydınlıq gətirib. Ruslan Əliyev ünvanlanan suallar zamanı heç kimə hansısa bir məhdudiyyətin qoyulmadığını, istənilən şəxsin qaz təchizatı ilə bağlı sualını açıq şəkildə ünvanlaması üçün şəraitin yaradıldığını qeyd edib. Daxil olan müraciətlərin cavablandırılması yaranan nöqsanları minimuma endirdiyinə görə baş direktor KİV və QHT nümayəndələrini “Açıq qapı” aksiyasında fəal iştirak etməyə çağırıb.
Qeyd edək ki, hər həftə keçirilən “Açıq qapı” aksiyası Birliyin baş direktoru Ruslan Əliyevin rəsmi “Facebook” səhifəsində canlı yayımlanır. Bu da Birlik tərəfindən şəffaflığın qorunmasına xidmət edir.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button