Dünya

Pakistan Baş nazirinin hakimiyyətdən gedəcəyi gözlənilir

Pakistanın Baş naziri İmran Xanın hakimiyyətdən gedəcəyi gözlənilir.Analoq.az APA-ya istinadən xəbər verir ki, Baş nazirin rəhbərlik etdiyi Pakistan Təhriki-İnsaf partiyasının əsas müttəfiqi olan Müttahidə Qaumi Hərəkatı (MQM) müxalifətlə razılaşaraq hakim koalisiyadan ayrılıb. Nəticədə, hakim koalisiya parlamentdə çoxluq statusunu itirib.

MQM hərəkatının lideri Siddiqi ilə yanaşı digər müxalif liderlər Şahbaz Şərif və Bilaval Bhutto Zərdari İmran Xanı parlament çoxluğu statusunu itirdiyi üçün istefaya çağırıb. Onlar Baş nazirin bir həftə ərzində keçiriləcək etimadsızlıq səsverməsindən öncə istefa verməsini istəyiblər. Lakin, Baş nazir İmran Xanın müşaviri onun istefa verməyəcəyini bəyan edib.

“O, (İmran Xan-red.) istefa verməyəcək və sonacan mübarizə aparacaq. Böyük ehtimal ki, bazar günü səsvermə zamanı parlamentdə olacaq”, – deyə ölkənin daxili işlər naziri Şeyx Raşid Əhməd jurnalistlərə açıqlamasında deyib.

Artıq müxalifətə keçmiş MQM partiyasından olan informasiya texnologiyası və telekommunikasiya naziri Aminul Haq yerli telekanala açıqlamasında istefasını Baş nazirə təqdim etdiyini bildirib.

Vəziyyətlə əlaqədar İmran Xan bəzi şəxslərin xarici maliyyənin yardımı ilə onun hökumətini devirməyə çalışdığını qeyd edib. Baş nazirin yaranmış vəziyyətlə əlaqədar xalqa müraciəti gözlənilir.

Qeyd edək ki, Paksitan parlamentinin ümuilikdə 342 üzvü var və çoxluq statusu əldə edərək hökuməti formalaşdırmaq üçün minimum 172 səs tələb edilir. MQM partiyasının müxalifətlə razılaşaraq hakim koalisiyadan ayrılmasınadək İmran Xan hökumətinin parlamentdə 179 deputatı olub. MQM-in müxalifətə keçməsindən sonra parlamentdə İmran xanı dəstəkləyən 164 deputat qalıb, müxalifət koalisiyası isə deputat sayını 177-yə çatdıraraq parlament çoxluğu statusu qazanıb. İmran Xan hökumətinə etimadsızlıq səsverməsinin aprelin 3-də keçiriləcəyi gözlənilir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button