Siyasət

Xəzər – sülh və əməkdaşlıq məkanı

İyunun 29-da Aşqabadda 5 Xəzəryanı ölkənin – Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın dövlət başçılarının VI Zirvə toplantısı keçirilib. Toplantıda tərəflər əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə ediblər. Eyni zamanda, prezidentlərin təkbətək görüşləri də baş tutub.

Ətraflı
Azərbaycan Xəzəryanı dövlətlərin əlaqələrinin dərinləşməsinə, onun sülh, əməkdaşlıq və təhlükəsizlik dənizinə çevrilməsində hər zaman maraqlı olduğunu bəyan edib və bu istiqamətdə konkret addımlar atıb.

Xatırladaq ki, Xəzəryanı dövlət başçılarının Qazaxıstanın Aktau şəhərində 2018-ci il avqustun 12-də keçirilən V Zirvə toplantısı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ilə tarixə yazıldı. Prezident İlham Əliyev 22 fevral 2019-cu il tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiq edib.

Sənədin məqsədi tərəflərin Xəzər dənizindən istifadəyə dair hüquq və öhdəliklərinin müəyyən olunması və tənzimlənməsidir. Buna dəniz suları, dibi, yerin təki, təbii resurslar və hava məkanı daxildir. Sənədlə tərəflərin dənizdə fəaliyyət prinsipləri müəyyən olunur – suverenliyə, ərazi bütövlüyünə, müstəqilliyə, dövlətlərin suveren bərabərliyinə hörmət, güc tətbiq etməmək və güclə hədələməmək, qarşılıqlı hörmət, əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq.

Həmçinin, prinsiplər qarşılıqlı hörmət, əməkdaşlıq, biri-birinin daxili işlərinə müdaxilənin yol verilməməsi, Xəzər dənizinin sülh məqsədilə istifadəsi, dənizin sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevrilməsini nəzərdə tutur. Xəzərin statusu ilə bağlı konvensiyanı hələ ki, İran tərəfi ratifikasiya etməyib.

Prezident İlham Əliyev Zirvə toplantısında çıxışı zamanı bildirib ki, Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.

Dövlət başçısı vurğulayıb ki, nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır: “Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.

Biz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub”.

Qeyd edilib ki, bu il Azərbaycanda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin koordinasiya şurasının VIII görüşünün keçirilməsi də planlaşdırılır.

Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin artıq reallığa çevrildiyini də əlavə edib: “Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən, beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Zəngəzur dəhlizi artıq reallığa çevrilir”.

Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün də əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir. Bu ilin sonunda Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının keçirilməsi nəzərdə tutulub. Aşqabadda liderlər Xəzər dənizinin dayazlaşması barədə də fikir mübadiləsi aparıblar. Azərbaycan Prezidenti bildirib ki, biz bunu uzun illər boyu müşahidə edirik və təəssüf ki, dayazlaşma dinamikası narahatlıq doğurur: “Buna görə biz fikir mübadiləsi apardıq və yəqin ki, nümayəndə heyətlərimiz belə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklər”.

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı deyib ki, Xəzər dənizi sülh və əməkdaşlıq məkanıdır: “Bu baxımdan Aşqabadda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının görüşü böyük əhəmiyyətə malikdir. Bundan əvvəl keçirilən sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya qəbul olunmuşdu. Bu da mübahisəli olan bir çox məsələlərin həll olunmasına gətirib çıxartdı”.

Deputat deyib ki, Aşqabad sammitində liderlər aktual məsələləri müzakirə etdilər. “Bu, Xəzər dənizinin əhəmiyyətinin qlobal şəkildə artması ilə bağlıdır. Bu gün Xəzər dənizinin dibi ilə kommunikasiyaların çəkilməsi məsələsi də aktuallaşıb”.

A.Badamov əlavə edib ki, səfər çərçivəsində Prezident İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçıları ilə ikitərəfli görüşlər keçirdi: “Bunu ölkələrimizin ikitərəfli münasibətlər platformasında müəyyən məsələlərin müzakirəsi üçün bir imkan kimi də dəyərləndirmək olar”.PƏRVANƏ/525.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button