ManşetSiyasət

NATO Rusiyaya qarşı müharibəyə hazırlaşır?

Amerikanın aparıcı qəzetlərindən biri olan “The New York Times” ABŞ prezidenti Co Baydenin Rusiya sərhədinə, Şərqi Avropaya minlərlə əsgər, çoxlu döyüş gəmisi və təyyarə göndərə biləcəyini yazıb.
CNN isə xəbər verir ki, Bayden ABŞ qoşunlarının Ukrayna ətrafında yerləşdirilməsi variantlarını dinləyir. Qeyd edilir ki, ötən həftə Kemp Deviddə Pentaqonun yüksək səviyyəli rəsmiləri ilə görüşən prezident Baydenə bir neçə variant təqdim edilib.
Bunun ardından NATO açıqlama yayaraq Şərqi Avropada hərbi qüdrətini artırmaq üçün bölgəyə çox sayda döyüş təyyarəsi və hərbi gəmilər göndərmək qərarı verdiyini bildirib.
NATO-dan verilən yazılı açıqlamada, “Müttəfiqlər Şərqi Avropadakı NATO qüvvələrinə əlavə olaraq gəmi və döyüş təyyarələri göndərir. Bu vəziyyət Rusiyanın Ukrayna ətrafına hərbi qüvvə yığmaqda davam etdiyi bir vaxtda müttəfiqlərin çəkindirmə və müdafiəsini gücləndirir”.
NATO-nun açıqlamasına görə, Danimarka Baltik dənizinə 1 freqat, NATO-nun regionda uzun müddətdir davam edən hava polisi missiyasını dəstəkləmək üçün Litvaya 4 F-16 qırıcısı yerləşdirəcək. İspaniya NATO dəniz qüvvələrinə dəstək üçün döyüş gəmiləri göndərəcək və Bolqarıstana qırıcı təyyarələr yerləşdirəcək. Fransa NATO komandanlığı altında Rumıniyaya qoşun göndərəcək. Hollandiya NATO-nun bölgədəki hava polisi fəaliyyətlərini dəstəkləmək üçün aprel ayından etibarən Bolqarıstana 2 F-35 döyüş təyyarəsi yerləşdirəcək.
Bəyanatda, Birləşmiş Ştatların Alyansın şərq hissəsində hərbi mövcudluğunu artırmağı düşündüyü açıq bəyan edilir.
Şərqi Avropaya böyük hərbi qüvvə toplanması barədə açıqlamma verən alyansın baş katibi Yens Stoltenberq: “Mən müttəfiqlərin NATO-ya əlavə qüvvələr göndərməsini alqışlayıram. NATO Alyansın şərq hissəsini gücləndirmək də daxil, bütün müttəfiqləri qorumaq və müdafiə etmək üçün bütün lazımi tədbirləri görməyə davam edəcək”.
Rusiya isə ABŞ və NATO-nun bölgəyə əlavə hərbi qüvvə göndərmək qərarına sərt reaksiya verib. “İnterfaks” agentliyinə danışan Rusiya parlamentinin müdafiə komitəsinin rəhbəri Andrey Kartapolov Moskvanın NATO-nun bu addımına layiqli cavab verəcəyini bildirib.

Tahir TAĞIYEV

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button