AraşdırmaBannerManşet

“Jurnalistlər şəhərciyi”nin ünvan müəmması, müvafiq qurumların sənəd oyunu…

2017-ci ilin iyul ayının 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün tikilmiş 2-ci binanın açılışı oldu. 2018-ci ilin yanvar ayının 31-də mənzillərin açarları və xidmət müqavilələri sakinlərə verildi.

Ancaq bu binanın sakinlərin ixtiyarına verilməsindən 4 ildən artıq müddət keçsə də, hələ də bəzi hüquqi məsələlər öz həllini tapmayıb.

Dövlət başçısının “Jurnalistlər şəhərciyi” adlandırdığı yaşayış massivində yaşanan ciddi hüquqi problemlərdən biri də ərazidəki ikinci binanın fərqli ünvanlara malik olması və bunun da ictimaiyyətdə çaşqınlıq yaratması ilə bağlıdır.

Bir küçənin 4 adı… İkinci binanın 4 bina nömrəsi var

Əvvəlcə bildirim ki, “Jurnalist Evi ” MMC ilə ikinci binanın sakinləri arasında bağlanmış 112 saylı “Xidmət Müqaviləsi”ndə həm sözügedən qurumun yerləşdiyi, həm də sakinlərin yaşadıqları ünvan “Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan Yolu 22” kimi göstərilib. “Daşınmaz Əmlakın Bağışlanılması Müqaviləsi”ndə isə adıçəkilən MMC-nin ünvanı “Səbail rayonu, Bibi-Heybət ŞTQ, Salyan şossesi, ev 22” kimi qeyd olunub. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ikinci binanın sakinlərinə verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”da, eləcə də həmin reyestr xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “Texniki Pasport”da ünvan “Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 20” kimi yazılıb. İkinci binanın ünvanı Səbail bələdiyyəsinin “Tədiyyə bildirişi”ndə “Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 20”, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin bildiriş-xəbərdarlığında “Səbail NQÇİ, Bibiheybət qəsəbəsi, Salyan yolu, ev (bina) 0002”, “Azərsu” ASC-nin Səbail rayon Sukanal İdarəsinin “hesab-faktura”sında (bildirişdə) “Səbail, Yeni Səlyan yolu, ev 22 A” kimi göstərilib. Ünvan bəzi sənədlərdə Bibibheybət qəsəbəsinin ərazisi kimi qeyd olunsa da, digər sənədlərə görə adıçəkilən qəsəbənin ərazisi deyil. Rəsmi sənədlərdən açıq-aydın görünür ki, küçənin adı “Salyan yolu”, “Yeni Salyan yolu”, “Yeni Səlyan yolu” və ya “Salyan şossesi”, binanın nömrəsi isə ev 22, 20, 0002, eləcə də 22 A kimi qeyd olunub.
Bir sözlə, 4 adı olan küçənin və 4 bina nömrəsi olan ikinci binanın konkret hansı ünvana malik olmasını dəqiqləşdirmək Allahın ümidinə qalıb.

“Qızın iki adaxlısı var”…

Yuxarıda qeyd etdiyimiz kimi ikinci binanın ünvanı dəqiq bilinmədiyindən ərazinin Bibiheybət qəsəbəsinə aid olub-olmaması da məlum deyil. Lakin buna baxmayaraq, Səbail bələdiyyəsi “Jurnalistlər şəhərciyi”nin onun tabeçiliyində olduğunu sübut etmək üçün hər iki binanın sakinlərinə əmlak vergisinin ödənişi üçün “Tədiyyə bildirişi” göndərməkdədir. Öncəliklə bildirim ki, bu bildiriş mənzil alan bütün sakinlərə deyil, yalnız Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ikinci binanın sakinlərinə verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” və həmin reyestr xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “Texniki Pasport” alanlara göndərilir. Yəni, mülkü sənədləşdirənlər məcburən vergini ödəməlidirlər, “kupça” almayanlar isə bir qəpik belə ödəməyəcəklər. Təbii ki, bu da haqqında danışılan “çıxarış” və “Texniki Pasport”u alanları peşiman edib.
Digər bir məsələ də budur ki, “Jurnalistlər şəhərciyi”ndəki birinci bina 2013-cü ildə, ikinci bina isə 2018-ci ildə sakinlərin ixtiyarına verilsə də, 9 ildir Səbail bələdiyyəsinin ərazidə hər hansı bir iş gördüyünü, tədbir keçirdiyini, sakinlərin dərd-səri, problemləri və qayğıları ilə maraqlandığını kimsə eşitməyib. Ona görə də sadəcə əmlak vergisinin ödənilməsi ilə bağlı sakinlərə “Tədiyyə bildirişi” paylamaqla işini bitmiş sayan bələdiyyənin fəaliyyətini araşdırmaq qərarına gəldik və aşkara çıxartdığımız faktlardan şoka düşdük. Həmin faktları oxucularımızın diqqətinə çatdırırq.
Səbail rayon İcra Hakimiyyətinin rəsmi saytında (http://sabail-ih.gov.az/page/23.html) qeyd olunub ki, Səbail bələdiyyəsinin əhatə etdiyi inzibati ərazi vahidlərinə Səbail rayonu, mərkəz, Bayıl və 20-ci yaşayış sahələri daxildir. Bələdiyyənin sədrinin Əliyev Hacı Nurəddin oğlu olduğu yazılıb. Səbail bələdiyyəsinin rəsmi saytı olan http://www.belediyye.com/sebail/ internet portalında isə Səbail Bələdiyyəsinin sədrinin Hüseynov Əhməd Həsən oğlu olduğu qeyd olunub. Beləliklə bələdiyyə sədrinin adı iki saytda fərqli və iki adda göstərilib. Sonuncu saytda bələdiyyənin üzvlərinin adları və onların tərcümeyi-halları barədə məlumat yerləşdirilsə də, Səbail bələdiyyəsinin fəaliyyəti haqqında bircə sətir belə yazılmayıb. “Bələdiyyəyə sözüm var” bölümündə isə sadəcə bələdiyyəyə məktub yazmaq mümkündür.
Araşdırmalarımız nəticəsində “Səbail bələdiyyəsi tərəfindən 2021-ci ildə görülmüş işlər haqqında HESABATI”nı tapdıq. http://belediyye.info/new/details/sebail-belediyyesi-terefinden-2021-ci-ilde-gorulmus-isler-haqqinda-hesabati–6839.htm linkində oxuduğumuz bəzi məlumatlar diqqətimizi özünə cəlb etdi. Hesabatda qeyd olunub: “Bələdiyyənin inzibati ərazisində ekoloji durumu, o cümlədən yaşıllıqlarının vəziyyəti daimi diqqət mərkəzindədir. Məlum olduğu kimi yaşıllıqlar vaxt keçdikcə quruyur, bəziləri qəzalı vəziyyətə düşür və sakinlərin yaşadıqları yerlərdə təhlükə mənbəyi yaradır. Bunların qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin 30.08.2016-cı il 321 № -li Qərarına əsasən tədbirlər görülür.
Hesabat dövründə sözügedən problemlərlə bağlı vətəndaşlardan daxil olmuş 33 müraciət, o cümlədən Səbail rayon İcra Hakimiyyətindən 7 müraciətə əsasən müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə müraciətlər edilmiş, alınmış rəylərə əsasən Bələdiyyə iclaslarında qərarlar qəbul edilmiş və Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə tədbir görmək üçün göndərilmişdir”.
“Jurnalistlər şəhərciyi”yində yaşayan hər kəs bilir ki, həyətyanı sahələrdə yaşıllaşdırma işləri, eləcə də ağacların əkilməsi yalnız yerli sakinlər tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış xahiş və müraciətlər əsasında baş tutub. Nazirliyin təşkilatçılığı ilə ərazidə iki dəfə ağacəkmə kampaniyası keçirilib. Ötən ilin noyabrın 8-də isə yerli sakin Hikmət Yaqubovun gətirdiyi ağaclar ərazidə əkilib. Yaşıllıqların suvarılması isə 2013-cü ildən üzübəri “Jurnalist Evi” MMC tərəfindən həyata keçirilir. Bu da o deməkdir ki, Səbail bələdiyyəsi 9 il ərzində şəhərcik ərazisində abadlaşdırma, yaşıllaşdırma və suvarma işləri aparmayıb.
Səbail bələdiyyəsi “Jurnalistlər şəhərciyi”ndə bircə dəfə də olsun görüş təşkil etmədiyindən yerli sakinlər bu qurumun fəaliyyətindən də, onun 012-491-05-89 nömrəli “Qaynar xətt”indən də xəbərsizdirlər. Üstəlik, həmin bələdiyyə özünün inzibati binasının qarşısında, həmçinin əhalinin sıx toplaşdığı yerlərdə “Bələdiyyə poçt” qutularını quraşdırsa da, jurnalist-sakinlərin yaşadığı massivdə belə bir qutu bu günədək quraşdırlmayıb. Hansı ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzi dəfələrlə bəyan edib ki, bələdiyyələr şəffaflığın təmin edilməsi üçün insanlarla daim təmasda olmalı, öz işləri haqqında onlara məlumat verməlidirlər: “Ona görə də, bələdiyyələrin inzibati binasının qarşısında, əhalinin sıx məskunlaşdığı ərazilərdə müxtəlif elan lövhələri yerləşdirməklə, əhali ilə mütəmadi olaraq görüşlər keçirməklə, qanunla nəzərdə tutulmuş vaxtlarda əhali qarşısında hesabatlar verməklə bu çətinlik aradan qaldırıla bilər”.
Hələlik Səbail bələdiyyəsinin gələcəkdə “Jurnalistlər şəhərciyi”ndə yerli sakinlərlə görüşüb-görüşməyəcəyi, ərazidə abadlaşdırma və yaşıllaşdırma işlərini həyata keçirib-keçirməyəcəyi bəlli olmasa da, adıçəkilən qurumun 9 illik fəaliyyətində şəffaflığın birtərəfli təmin edildiyini anlamaq çətin deyil.

Əmlak vergisini ödəyək, ödəməyək?

Səbail bələdiyyəsi ötən ilin sentyabrın 16-da və bu ilin fevralın 4-də yerli sakinlərə əmlak vergisinin ödənişi üçün “Tədiyyə bildirişi” ünvanlayıb. Sakinlər isə haqlı olaraq bu vergini ödəməkdən imtina edirlər. Səbəb isə sakinlərin 9 il ərzində adıçəkilən qurumun hər hansı bir istiqamətdəki fəaliyyətindən yararlana bilməmələridir. Ona görə də problemin tam həlli üçün Səbail bələdiyyəsinin yerli sakinlərlə görüşməsi, onların problemləri ilə maraqlanması və əməli işlərlə məşğul olması vacibdir ki, hər kəs bu quruma etibar etsin. Əks halda əmlak vergisinin ödənişini tələb etmək və ödəniş etməyənlərə sanksiya tətbiq etmək narazılığı daha da artıracaq. Bir sözlə, necə deyərlər, bu xamır hələ çox su aparacaq…

Təbriz VƏFALI

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button