Manşet

Şok iddia-İslamda dörd arvad məsələsi-“Bir kişiyə 20 arvad da almaq olar”

Son zamanlar Şeyxülislam Allahşskür Paşazadənin əvvəllər vermiş olduğu bir müsahibəsini ortaya çıxarıb orada qeyd edilən Quranda çoxarvadlılıq məsələsini gündəmə gətiriblər.

Qısaca olaraq deyim ki, biz ilahiyyatçı, islamşünaslar gərək qərəzli, subyektiv fikirli olmayaq. İnsaf naminə deyim ki, şeyx həzrətləri çox düzgün qeyd edib. Bəli zaman, şərait, sosial durum, məkan şərt və şəraitinə görə bir kişiyə elə ola bilər bir arvad almaq vacib olsun, elə də ola bilər nəinki dörd arvad, hətta ondan da artığını almaq vacib olsun.

Həqiqəti danmaq və Quran əmrlərini öz şəxsi yanaşmamıza uyğunlaşdırmanın, həvayi-nəfaimizə xoş gələn formada izah vermənin ya da yozmanın küfr və subyektiv olmasını bəyan edirəm. Bəli, Allah dünyada qadını kişidən çox yaradıb. Kişilər daima savaşlarda yaralanıb, şikəst olub, ona görə onlara qulluq etməyə, baxmağa bir və ya bir neçə qadın lazım olub. Qadınların müxtəlif özünəməxsus halları var ki, o da bir ayrı mövzudur…

Quranda bəli, 4 arvada izn verilir. Lakin gərəkli şəraitdə. Məsələn, elə bir ölkədə elə bir savaş ola bilər ki, kişilərin az bir qismi sağ qalar. Qadınlar bu zaman subay, dul qarımalı və ya nataraz yollara düşməli, yaxud da müxtəlif xəstəliklərəmi təslim olmalıdırlar? Belə hal yaranan məkanlarda bir kişiyə 20 arvad da almaq olar. Ancaq məsələn, bizim ölkədə hazırki durumda həm ənənə, həm maddi – sosial vəziyyət, həm də digər məsələlər buna uyğun deyil. İslam dinində ümumiyyətlə zəruri olan, zaman və məkan, şərait, düşülən vəziyyət ilə əlaqədar bütün qanuni, əxlaqi, insani hərəkətlərə yol və icazə verilir.

Kimin birinci arvadı razıdırsa, maddi imkanı da varsa dul bir başqa qadını alıb övlad sahibi etməsində nə qəbahət ola bilər? Kimə nə ehtiyacsa müəyyən normalar, şəriət daxilində İslam icazə verir.

Çoxları niyə 3 yox, 6 yox məhz 4 arvaddan söhbət getdiyini də araşdırsayadılar yaxşı olardı. Bunun açıqlanması üçün bir məqalə kifayət etməz. Tibbi, anatomik, sosial və digər yönlərdən bunun izahı var…

Hazırki cəmiyyətdə isə hətta elə ola bilər ki, insanın ikinci arvad alması nəinki icazəli, hətta haram olsun. Çünki ona baxa bilməyəcəksə, dava – qırğına səbəb olacaqsa, əvvəlki arvadı da acıq edib qaçacaqsa bu artıq günah bir iş olur. Odur ki, hər şey İslamda zaman, məkan və şəraitə görə ölçülməlidir. Çoxarvadlılığı İslamda sırf savaşla əlaqələndirənlər də yanılır. Quran savaş kitabı yox, sülh kitabıdır.

Kim artıq arvad alıb saxlaya, idarə edə bilirsə Allah mübarək eləsin. Hansısa yetimi, ağır durumda olan qadını, hətta pis yola düşmüş xanımı alıb düz yola çəkib, övlad sahibi etmək çox böyük savab əməllərdəndir. Təbii ki, əvvəlki arvadların razılığı ilə…

Tural İrfan
İslamşünas, Qafqaz Müsəlmanları İdarəsinin sabiq axundu

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button