Gündəm

E-manat ödəmə terminallarında kütləvi problem yaranıb

Müştərilər terminala ödəniş edərkən əskinaslar qəbul olunsa da, balansa heç bir ödəniş keçmir

Hazırda bir çoxlarımız Azərbaycanın müxtəlif şəhər və qəsəbələrində yerləşdirilmiş çoxsaylı “e-Manat” ödəniş terminallarından istifadə edir. Bu günlərdə ölkənin aparıcı ödəniş sistemi – “e-manat”-ın işində çətinliklər yaranıb.
Belə ki, müştərilər terminala ödəniş edərkən əskinaslar qəbul olunsa da, balansa heç bir ödəniş keçmir. Bu da vətəndaşların haqlı narazılığına səbəb olur. Vətəndaşlar ödəniş etmək üçün aparata pul yükləyir. Pul qəbul olunsa da, vətəndaşın ödənişi həyata keçmir. Belə çıxır ki, aparat pulu “udur”, olan isə sadə vətəndaşlara olur.
Məsələ ilə bağlı “e-manat”ın müştəri xidmətlərindən bildirildi ki, ödəmə terminallarında kütləvi problem yaşanır. Məsələ qısa zamanda həll olunacaq.
İqtisadçı Kamran Məmmədli bildirdi ki, zamanla ödəniş terminalları ilə bağlı müəyyən problemlər yaşanır: “Məlumdur ki, vətəndaşlar bank, kommunal, rabitə və digər ödənişləri terminallar vasitəsilə həyata keçirə bilirlər. ölkə üzrə təxminən 3000-ə çox ödəmə terminalı mövcuddur. Ödəmə terminalları quraşdırılarkən sakinlərin ən çox və tez-tez istifadə etdiyi məkanlar və s. Kimi xüsusi kriteriyalar nəzərə alınır. Ödəmə terminallarının quraşdırılacağı ərazilərdə təhlükəsizlik müşahidə kameraları olur. Onu da qeyd edim ki, bəzən problemlərin bir çoxu istifadəçilərin ödəniş təlimatını düzgün icra etməməsi səbəbindən yaranır. Bəzən şəxs istifadəyə yararsız halda olan kağız əskinasları və ya qəpik pulları terminala daxil etməyə çalışır. Ona görə də aparatlar həmin pulu qəbul etmir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, vətəndaş kredit, kommunal və ya digər ödəniş üçün “e-Manat” ödəniş terminallarına pul yükləyib, lakin ödəniş həyata keçmirsə, şirkət müştərilərə dəyən ziyanı qarşılamalıdır: “Vətəndaşların ödədiyi vəsait sistemə oturmalıdır. Onu da nəzərə almaq lazımdır ki, kredit ödənişlərində belə bir qayda var ki, ödəniş vaxtından gec həyata keçərsə əlavə faiz hesablanır. Bu səbəbdən də vətəndaşlara dəyən ziyan qarşılanmalıdır”.

Günel CƏLİLOVA

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button