Araşdırma

Ruhumuzun qatili – gender zorakılığı…

Dövləti qorumaq ailəni qorumaqla mümkündür

Həmişə demişik ki, ailə kiçik dövlətdir. Həm də ailə institutunu sağlam cəmiyyətin və güclü dövlətin təməl daşı, özəyi hesab etmişik. Çünki bu institutun əsas və ən mühüm vəzifəsi cəmiyyət üçün davranışı və sağlam düşüncəsi ilə yararlı olan insanlar yetişdirməkdir. Elə dahi mütəfəkkirlər, sosioloqlar da düşünürlər ki, insanın şəxsiyyət kimi yetişməsində, xalqın milli-mənəvi keyfiyyətlərinin gələcək nəsillərə ötürülməsində ailə bir altqurumdur. Sağlam ailə həm də gələcək nəslə buraxılmış gözəl bir mirasdır. Lakin gündəlik qida, su və hava kimi bizlərə vacib və lazım olan ailə institutlarını lazımincə qoruya bilməmək, ona dəyər verməmək təkcə Azərbaycanda deyil, bütün dünyada qlobal problemlərin yaranmasına və ailələrin dayaqlarının zəifləməsinə gətirib-çıxarmaqdadır. Bu baxımdan xüsusilə gender problemləri, gender zorakılıqları bəşəriyyəti uçuruma yuvarlamaqdadır.
Ümumdünya Səhiyyə Təşkilatınının məlumatına görə, dünyada ən azı 3 qadından biri fiziki və yaxud digər təhqirlərə məruz qalır. Gender zorakılığı bütün cəmiyyətlərdə baş verir və bu, qadının sosial, psixoloji və iqtisadi itaətidir. Yaşından asılı olmayaraq, zərif cinsin nümayəndələri belə zorakılıqların qurbanı ola bilərlər. BMT-nin hesablamalarına görə, 60 milyon qız uşağı oğlan olmadıqları üçün dünyaya göz açmaq imkanından məhrum edilib. Hər il 4 milyon qadın və ya qız insan alverinin qurbanı olur. Qadınlar hətta evdə, iş yerlərində, xüsusən müharibələr və münaqişələr zamanı bir çox təhlükələrlə üzləşə bilərlər. Uşağın təhqir olunması, fiziki zorakılıq, psixoloji alçaltma, seksual təhqir, erkən nikaha məcbur etmə və digər zorakılıqlar da bura daxildir.
Ekspertlərin fikrincə, problemin həllinə maneə törədən əsas məsələlərdən biri də problemin qəbul edilməməsidir. Bir çox ölkələrdə bu məsələylə bağlı sükutu qoruyan milli mədəniyyət qadınlara qarşı zorakılıq problemini elə bir dairəyə alır ki, hətta bunun mahiyyətini anlamaq çətin olur. Bunun əsas səbəblərindən biri də gender zorakılığının əsasən ailədə, evin içində, gözdən kənarda, yəni, özəl sahə kimi başa düşülən mühitdə baş verməsidir. Belə zorakılıq onun qurbanları və onların yaşadıqları cəmiyyət tərəfindən gizli saxlanılır. Qlobal problemə çevrilmiş qadınlara qarşı zorakılığı doğuran əsas səbəblər savadsızlıq və qadınlar arasında maarifləndirmə işlərinin qeyri-qənaətbəxşliyidir. Zorakılıqla bağlı adekvat staitstikanın yoxluğu müvafiq proqramların hazırlanmasına və onun monitorinqinə də mane olur. Qadınlara qarşı gender zorakılığı kişi hökmranlığı, imtiyazları, qadına ailədə və cəmiyyətdə verilən aşağı statusdan da irəli gəlir.
Qeyd edək ki, məişət zorakılığı məcburi davranış nümunəsi kimi müəyyən edilib. Belə davranışlar kişinin qadını nəzarəti altında daimi saxlamaq üçün fiziki, mənəvi və emosilonal və ya seksual formalardan ibarət ola bilər. Baxmayaraq ki, belə zorakılığın miqyası və formaları ayrı-ayrı ölkələrdə və regionlarda müxtəlifdir. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, sükut zorakılığın artmasına şərait yaradır. Fiziki zərbələr vaxt keçdikcə sağalsa da, mənəvi yaralar yavaş-yavaş zorakılığa məruz qalan şəxsin ruhunu öldürür.
Zorakılıq uşaqlara da təsir edir. Zorakılığa məruz qalan və ya onun şahidi olan uşaqlar adətən qapalı, depressiv və narahat həyat tərzi keçirirlər. Digər tərəfdən, belə uşaqlar aqressiv ola və özündən kiçik bacısına və qardaşına təzyiq göstərə bilərlər. Psixoloqlar bildirirlər ki, belə uşaqlar aqressiv olurlar və ailə həyatı qurduqdan sonra öz həyat yoldaşlarına qarşı zorakılıq halları tətbiq edirlər. Evlərində təhqirin şahidi olan uşaqlar bunu uzun müddət yadlarında saxlayırlar və düşünürlər ki, atalarının analarına qarşı ektdikləri hərəkətlər düzgündür. Beləliklə də uşağın gözündə zorakılıq və məhəbbət eyniləşir.
Onu da bildirək ki, zorakılıqlar və digər amillər nikahların azalmasına və ya ailələrin dağılmasına gətirib-çıxaran səbəblərdəndir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ildə nikahların sayı 79 min 172, boşanmaların sayı 9061 olduğu halda, 2022-ci ildə 61 min 939 nikaha daxilolma və 15 min 983 boşanma halları qeydə alınıb. Bu ilin yanvar-fevral aylarında isə 7541 nikah bağlanılıb və 3014 boşanma olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə görə nikahların sayı azalaraq 5,9-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 1,8-ə qədər artıb.
Psixiatrlar bildirirlər ki, ailədə psixoloji uyğunluqlar olmadan ailəni saxlamaq mümkün deyil. Onların fikrincə, ailə o zaman möhkəm sayılır ki, insanlar arasında psixoloji, fizioloji, temprament, mədəniyyət və eyni səviyyə uyğunluğu olur. Belə halda cavanlar bir-birlərini sevməsələr də, nikahın pozulmasına meyl göstərmirlər. Əksər cavanlar düşünürlər ki, onlar arasında qısa müddətdə yaranan məhəbbət nikahlarını dağılmağa qoymayacaq. Məhəbbətin cəlbedici qüvvəsi isə məişət problemləri qarşısında min cür uyğunsuzluğu üzə çıxarır və nəticə boşanma zərurəti yaradır. Ona görə də ailə bağının möhkəm olması üçün kişi və qadın bir-birinə uyğunlaşmaqdan ötrü birgə səy göstərməlidirlər. Əks təqdirdə boşanmalar şübhəsizdir. Boşanmış uşaqlı qadın yenidən ailə qurursa, xüsusilə ehtiyatlı olmalıdır. Belə qadınlarla ailə quran kişilər qadının özündən çox uşağını sevməlidirlər. Elələri var ki, qadını sevir, uşağı isə uşaq evlərinə, ya da qadının valideynlərinə verməyi tələb edir. Və yaxud, uşaq evdə ola-ola onu saymır, laqeydlik göstərir. Nəticədə uşaq psixologiyası mənfi təsirə məruz qalır və bu, özünəqapanmaya gətirib-çıxarır. Ailədə yeni uşağın doğluması isə əvvəlki uşaq üçün faciəyə çevrilir. Belə uşaqlarda aqressiv reaksiyalar əmələ gəlir.
Astroloqlar isə ailə-nikah məsələlərində bürclərin ziddiyyət təşkil etdiyi zaman ailə üzvlərində müxtəlif xəstəliklər törənə biləcəyini istisna etmirlər. Onların fikrincə, ailə münasibətləri tarazlaşmır, ancaq ər-arvad ailənin dağılmaması üçün bir yerdə yaşayır. Nəticədə ailə daim gərginliklə üzləşir. Və bu uyğunsuzluqdan dolayı insanlarda müəyyən xəstəliklər baş qaldırır. Qadınlar arasında geniş yayılmış şiş xəstəliklərinin səbəbi də bu amillə izah edilir. Əsəb, qəzəb, hikkə, hirsini içindəbğoma müxtəlif şişlərlə özünü büruzə verir. Astroloqlar bildirirlər ki, qadınlar arasında yayılmış döş xərçənginin ilkin səbəblərindən biri də məhz bu amillə bağlıdır.
Ailə problemlərindən söz düşmüşkən, nikahların erkən bağlanması məsələsindən də danışmaq yerinə düşər. Əsasən hüquqi savadsızlıq, təbliğatın zəif olması, ailədə patriarxal münasibətlərin hökm sürməsi erkən nikahlara səbəb olur. Lakin bu nikahların sonrakı fəsadları daha acınacaqlıdır. Çünki belə ailələrin 60-70 faizi sonradan dağılır. Bunun əsas səbəbi valideynlərin və müəllimlərin birgə iştirakı ilə məkəblərdə erkən nikahlara qarşı təbliğatın lazımi səviyyədə aparılmamasıdır. Erkən nikahların dağılması həm də küçəyə atılan uşaqlarla bağlı problemləri dərinşlədirir. Təkcə Azərbaycanda 2000-ci ildə qeyri-qanuni nikahlardan 6 min uşaq dünyaya gəlibsə, sonrakı illərdə bu göstərici kifayət qədər artıb. Belə ki, Dövlət Statistika Komitəsinin rəsmi göstəricilərinə görə, 2010-cu ildə 25 min 385, 2015-ci ildə 24 min 38, 2016-cı ildə 26 min 288, 2017-ci ildə 22 min 796, 2018-ci ildə 20 min 716, 2019-cu ildə 21 min 453, 2020-cu ildə 17 min 714, 2021-ci ildə isə 17 min 566 uşaq rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilib. 2022-ci ilin yekunlarına görə ölkəmizdə doğulan uşaqların 15,3 faizi nikahdankənar doğulub. Ötən il rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 18 min 814 olub. Bu uşaqların 11 min 630-u, yəni 61,8 faizi kənd yerlərində, 7184-ü şəhər yerlərində dünyaya gəlib. 2021-ci illə müqayisədə nikahdankənar doğulan uşaqların sayında 7 faizdən çox, yəni 1248 uşaq artım qeydə alınıb.
15-29 yaşlı rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 2010-cu ildə 20 min 518, 2015-ci ildə 19 min 701, 2016-cı ildə 21 min 662, 2017-ci ildə 18 min 671, 2018-ci ildə 16 min 792, 2019-cu ildə 17 min 160, 2020-cu ildə 14 min 85, 2021-ci ildə isə 13 min 694 uşaq doğulub. 2022-ci ildə Azərbaycanda yaşı 18-ə çatmayan və nikaha girən qızların sayı 270 nəfər olub. 2021-ci ildə isə bu say 137 nəfər təşkil edib.
Bəzi ekspertlər kimsəsiz uşaqların sayının artmasını erkən nikahlarla əlaqələndirirlər və bildirirlər ki, belə nikahların, eləcə də onlardan doğulan uşaqların dəqiq statistikasını aparmaq mümkün deyil. Çünki bu nikahlar heç bir dövlət qurumunda qeydiyyata alınmır. 13-15 yaşlı qızların, onların uşaqlarının böyük problemləri yaranır. Heç bir sənətə yiyələnməyən belə qızlar əllərində uşaq taleyin ümidinə qalırlar. Nəticədə kimsəsiz uşaqların, başsız ailələrin, pis yola düşmüş qadınların sayı artır.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin fikrincə, hər il qeyri-rəsmi nikahlardan doğulan uşaqların artımı müşahidə olunur: “Qeyri-rəsmi nikah dedikdə, daha çox molla kəbini yada düşür, amma bir çox hallarda nikahsız uşaq dünyaya gətirənlərin heç molla kəbini də olmur. Təsadüfi əlaqələrdən dünyaya gələn uşaqlar problemi var. Məsələn, son statistikaya görə, nikahda olmayan qadınlar tərəfindən doğulan 20 mindən çox körpənin arasında bəlkə də 30-40 faizi təsadüfi əlaqələrdən, çox qısa müddətdə birlikdə yaşamaqdan doğulur. Öz təcrübəmizdən deyim ki, əgər hər il 170-200 uşağın yolu müxtəlif problemlərlə bağlı bizim mərkəzdən keçirsə, həmin uşaqların 90 faizinin rəsmi sənədləri olmayan uşaqlar olur. Hətta 6-7 yaşında uşaqların belə doğum haqqında şəhadətnaməsinin olmadığı üzə çıxır. Soruşanda, ana deyir ki, valideyni məni qoyub gedib. Atalığı müəyyən edə bilməmişik. Burda səhlənkarlıq halları da olur. Çox acınacaqlı statistika ilə qarşılaşmış oluruq”.
Onu da bildirək ki, əksər hallarda erkən nikahları bağlayan mollalar əhalinin məlumatsızlığından sui-istifadə edirlər. Azərbaycanda belələri erkən nikahlara dini don geyindirməyə cəhdlər göstərirlər. Nəticədə çoxsaylı problemlər yaşanır, xüsusən də erkən nikah quran qızlarla daha təhqiramiz rəftar edilir. Bütün bunlar isə sonucda boşanmalara, ailədənkənar intim münasibətlərin yayılmasına, əxlaqsızlığın kütləviləşsməsinə gətirir-çıxarır ki, son nəticədə insan ticarətinin sürətlənməsi halları nəzərə çarpır.
Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc ailələrin qornumasının vacibliyini hər şeydən üstün sayır: “Bizim varlığımızı hədəfə alan qlobal hücumlara qarşı ailə qorunmalı olan ən müqəddəs ictimai strukturdur. Bütün alternativlərə qarşı hörmət, sevgi, anlayış kimi ən gözəl davranışların sərgiləndiyi ailə nümunələrinin, obrazlarının ictimailəşdirməsi, Azərbaycan ailələrinin kütləvi təbliği, bizi zirvələrə ucaldan qəhrəmanları yetirən valideynlərin, ailə tərbiyəsinin, mühitinin və təliminin ideallaşdırılması mühüm milli vəzifədir. Gəlin unutmayaq ki, güclü millətlər güclü ailələrdən doğulur. Dövləti qorumaq ailəni qorumaqla mümkündür”.

Təbriz VƏFALI,

Azərbaycan informasiya Mərkəzinin direktoru, analoq.az saytının baş redaktoru

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button