GündəmManşet

İçməli su xətlərini və sayğacları donvurma təhlükəsi gözləyir

Onlar qeyri-sabit və şaxtalı hava şəraitində sıradan çıxa bilər

Qeyri-sabit və şaxtalı hava şəraiti olan günlərdə içməli su xətlərinin və sayğacların donvurmadan mühafizəsinə ciddi diqqət yetirilməlidir. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların diqqətinə çatdırır ki, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir.

Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı olmalıdır. Donvurmadan mühafizə tədbirləri kimi sayğacların üzərləri yun, yun parça kimi isti örtüklərlə sarınmalı və ya sayğac qutusunun içinə quru ağac yonqarı yığmaqla əhatə olunması tövsiyə edilir.
Abonentlər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı “Azərsu” ASC-nin 24 saat fəaliyyət göstərən 955 “Qaynar xətt” xidmətinə müraciət edə bilərlər.
Abonentlərin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.4-cü bəndinə əsasən mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların (sayğacların) işlək vəziyyətdə saxlanılmasına istehlakçı cavabdehlik daşıyır. Fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də qeyri-əhali istehlakçıları üçün quraşdırılımış sayğaclar istənilən kənar müdaxilə nəticəsində zədələnərək sıradan çıxarsa (sayğacların sındırılması, şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxması və s.) onların yenilərilə əvəzlənməsi abonentin hesabına həyata keçirilir.


Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button