BannerSiyasət

Çürük ideyalı sifarişləri icra edən müxalifətin getməsinə ehtiyac var – ANALİTİK

Və ya lidersizlik faktoru “ənənəviləri” necə təlaşlandırır?

I YAZI

Əslində, siyasi müxalifət haqqında bəhs edərkən və ya polemikaya daxil olarkən sırf və əzəli müxalifətçilərlə müzakirə aparmaq daha məqsədəuyğun olardı. Çünki etiraf edək ki, Azərbaycanda son 30 ildə müxalifətin autsayderlər pyedestalında yer almalarına baxmayaraq, belələri ən azından mənsub olduqları cameəni daha yaxşı tanıyırlar. Fəqət, uğursuz müxalifətin “uğur” qazanması yollarını arayıb-axtaranlar əqidə dəyişkənliyinə, ya da reneqatçılıq “standartlarına” aiddirlərsə onların ümumiyyətlə, siyasi müxalifət anlayışına malik olmaları bütövlükdə cəmiyyət üçün, ictimai rəy üçün şübhələr doğurur.

Etiraf edək ki, 30 ildir bir “qazana” döyəcləyən və yalnız onun dınqıltısından həzz almaqla “biz gəlirik” şüarlarını səsləndirən sözdə müxalifətin demək olar ki, bütün potensialları, imkanları tükənib və ən əsası, bu gün onlara bel bağlayan müəyyən xarici təşkilatlar da əslində çoxdan əllərini üzüblər.

Dünyanın heç bir sivil ölkəsində müxalifət özünü bu qədər alçaldaraq xalqı zorla, söyüşlərə məruz qiymaqla mitinqlərə və aksiyalara cəlb etməyib

30 il heç də az vaxt deyil və bu illər ərzində hakimiyyətə iddialı olanlar ən əsas faktoru – xalq dəstəyini qazanmağa müvəffəq ola bilməyiblər. Bu amilə diqqət yetirək və mühüm bir xatırlatmanı edək – biz dəfələrlə şahidi olmuşuq ki, hazırkı dövrə qədər yüzlərlə, bəlkə də daha çox icazəli-icazəsiz mitinqlər, aksiyalar keçirilib, amma onların heç biri bir nəticə verməyib. Bütün bunlardan sonra isə əsas “günahkar” kimi xalq ittiham hədəfinə alınıb. Üstəlik, kifayət qədər faktlar var ki, sosial şəbəkələr və s. üzərindən aksiya çağırışları edənlər mitinqlərə qatılmayanlara əvvəlcədən söyüşlər, təhqirlər ünvanlayırdılar. Yəni kim mitinqə gəlməsə filandır-behməkandır və s.

İndi gəlin nəticə çıxaraq və sual edək: bu kimi vasitələrlə 30 ildir var-gəl edən müxalifətin ciddiliyinə inam ola bilərmi? Əlbəttə ki, əsla! Dünyanın heç bir sivil ölkəsində müxalifət özünü bu qədər alçaldaraq xalqı zorla, söyüşlərə məruz qoymaqla mitinqlərə və aksiyalara cəlb etməyib və biz hələ 2000-ci ilin ilk vaxtlarında “Qələbə” kinoteatrı qarşısında keçirilən ənənəvi xarakter almış pullu (rüşvətli) mitinqləri demirik…

“Lidersizlikdən” bütləşdirməyə doğru – növbəti gülünc mənzərə

Və bu gün də siyasi gündəmdə qalmaq üçün (bəli, məhz qalmaq üçün!) müxtəlif gedişləri ilə baş qatan “ənənəvilər” zaman-zaman özlərindən saxta və eyforik siyasətçilər çevrəsi yaratmaqla novatorsayağı “ideyalarını” önə sürürlər, hətta zaman-zaman özlərindən başqa heç kimin “lider” adlandırmadıqları fərd(lər)i BÜTLƏŞDİRMƏKLƏ (!) məşğuldurlar.

Bəli, ölkəmizə, demokratik cəmiyyətimizə siyasi yenilikçi və ideyalar verən müxalifətə hər zaman ehtiyac olub. Amma bu o demək deyil ki, müxalifət yalnız dağıdıcılıq, hakimiyyətin atdığı hər hansı addıma qarşı qərəzçilik, ya da aqressiya nümayiş etdirməlidir və ən əsası, müxalifətçilik xalqa, dövlət maraqlarına qarşı deyil, hökumətə qarşı olmalıdır və biz də xalqın bir nümayəndəsi olaraq ötən 30 ildə bunu görmədik. Gördüyümüz isə müxalifətdaxili qarşıdurmalar, parçalanmalar, bloklaşmalar və blokdançıxmalar, ziddiyyətlər, hətta təhqirlər və s. rüsvayçı hadisələr oldu. Və bütün bunlardan sonra hər hansı bir reneqat “xanımın” (“bəy” də ola bilər) və ya beşinci kolon üzvünün məlum məqsədlə ayrıca bir fərdi “ağ atlı xilaskar” kimi zorla ictimai rəyə sırıması, bütləşdirməsi çox gülünc görünür.

30 il hətta ən müxtəlif xarici dairələrdən maddi və s. dəstəklər alanlar bu müddətdə heç bir siyasi uğura imza atmağı bacarmayıblarsa, xalq onlara neçənci dəfə “şans” verməlidir?

Daha bir amil: göründüyü kimi, bu gün müxalifətdəkilərin özləri də etiraf edirər ki, onlar lider axtarışındadırlar və bu, heç də yeni təşəbbüs deyil. DİQQƏT: əgər müxalifət özünə lider axtarışına çıxıbsa və bu yeni təşəbbüs deyilsə onda belə nəticə çıxarmaq olmazmı ki, 30 ildir “hakimiyyətə gəlirik” deyib həm özlərinin həm də azsaylı tərəfdarlarının başlarına qatanlar bu vasitə ilə ötən illər ərzindəki fəaliyyətlərinin uğursuzluğunu etiraf edirlər? Və ya 30 il hətta ən müxtəlif xarici dairələrdən maddi və s. dəstəklər alanlar bu müddətdə heç bir siyasi uğura imza atmağı bacarmayıblarsa, xalq onlara neçənci dəfə “şans” verməlidir? Axı fakt budur ki, ortada ciddi siyasi nailiyyət mövcud deyil və hazırkı dövrə qədər onlardan qopanların da sayı yüzlərlədir!

Keçək növbəti faktda. Hazırda ölkəmizdə istər parlamentdə, istərsə də parlamentdənkənar onlarla partiyalar var və onların hər biri məhz bir şineldən çıxıblar, nəticədə isə parçalanaraq ayrılıblar. Əbəs deyil ki, Azərbaycanda iki cinah müxalifəti mövcuddur – konstruktivlər və qeyri-konstruktivlər. Konstruktivlər dağıdıcılıq, pula satılmaq, xarici dairələrə agentlik etmək tipli siyasətin onlara heç bir səmərə, başucalığı gətirməyəcəyini dərk edərək əsas xətt kimi dövlətçilik maraqlarını üstün tutanlardırdan ibarətdirlər. Onlar milli və xalqçılıq dəyərlərinə xas olan siyasi normalara dürüst əməl edərək uğur qazanırlar. Bəs qeyri-konstruktivlər necə? Artıq bu sualın cavabı yuxarıdakı qeydlərdə vurğulanıb…

Gün işığında şam tutmaqla “lider” axtaran “ənənəvilər” əllərində əsas “silah” kimi “demokratikya” şüarını saxlayırlar

Təəssüf ki, siyasi mübarizə vasitələrini politoloji deyil, apolitoloji “meyarlarla” ölçən və 30 ildir gün işığında şam tutmaqla “lider” axtaran “ənənəvilər” əllərində əsas “silah” kimi “demokratikya” şüarını saxlayırlar. Sirr deyil ki, özlərini “demokratik müxalifət” adlandırıb ayrıca cinah kimi təqdim edənlər həmçinin “Qərb standartları” deyilən vasitəni də anti-milli xarakterdə təbliğ edirlər. Azərbaycanın Qafqaz və Şərq xarakterli mühitinə yad olan, ümumilikdə milli-mənəvi dəyərlərimizə xas olmayan istənilən addımı dəstəkləməklə məhz xarici havadarlarından dəstək umanlara özünü, kimliyini tanıyan, hörmət qoyan hansı azərbaycanlı dəstək göstərə bilər? Məgər biz LGBT, cinsi azlıqlar kimi yad “cismlərin” milli heysiyyatımıza zorla sırındığı olayları unutmuşuqmu? Təbii ki, unutmamışıq, amma “lider” axtarışında olanlar məhz bu kimi kirli stereotipləri də cəmiyyətimizə calamağa çalışırlar və təbii ki, xalq tərəfindən rədd edilirlər. Və bunların heç biri əsla demokratiya deyil, antidemokratiyadır, özü də anti-Azərbaycan dairələrin xüsusi olaraq, yəni planlı diktə sifarişləri əsasında milli kimliyimizə bağlamaq istədikləri vasitədir. Beləliklə, biz ortaya daha bir faktoru çıxarmış oluruq – anti-Azərbaycan dairələrin diktatura xarakterli siyasətlərinin “ənənəvilər” vasitəsi ilə cəmiyyət ortasına atılması cəhdləri!

Məgər təkcə bu faktın özü bütöv bir xalqın, millətin, dövlətin maraqlarını necə deyərlər bir “keçi qılına” satmaq anlamını daşımırmı?

Yeri gəlmişkən, bu gün Azərbaycan iqtidarı dialoq mühitinin inkişafı və şaxələnməsi yönündə daha çevik və münbit qərarlar verir. Əbəs deyil ki, bir çox müxalifət siyasi partiyaları ümummilli və ümumdövlətçilik məsələlərində hakimiyyətlə eyni cinahdan çıxış edirlər, eyni platformanı bölüşürlər. Üstəlik, onların da siyasi idarəçilik mexanizmlərində irəli sürdükləri ideyaları dəyərləndirilir, mümkün vasitələrlə işə salınır, gündəmə çıxarılır.

Məsələn, 44 günlük Vətən müharibəsi dövründə və eyni zamanda Şuşa Bəyannaməsinin imzalanması zamanı ölkəmizdə fəaliyyət göstərən 50-yə yaxın siyasi müxalifət partiyaları hakimiyyətə dəstək bəyanatını imzaladılar. Amma kənarda qalanlar da oldu – kimlər? Bəli, heç də yanılmadınız, “ənənəvilər” dediyimiz radikallar, qeyri-konstuktivlər, dağıdıcılar, xalq dili ilə desək “milli xainlər”. Və bilirsinimzi nəyə görə? Ona görə ki, xidmət göstərdikləri məlum xarici dairələr onlara bu qadağanı qoydular! Məgər təkcə bu faktın özü bütöv bir xalqın, millətin, dövlətin maraqlarını necə deyərlər bir “keçi qılına” satmaq anlamını daşımırmı? Məgər dövlətin işğalçılarla apardığı haqq mübarizəsinə dəstək bəyanatından kənarda qalmağı başqa hər hansı adla dəyərləndirmək olardımı? Axı Şuşa Bəyannaməsi kimi tarixi və dövlətimizin dayaqlarını, sərhədlərini daha etibarlı şəkildə müdafiə etməsini əks etdirən sənədə dəstək imzasını atmamağı başqa cür necə adlandıra bilərik?!

İndi ara-sıra sosial şəbəkələrdə havadarlarına xoş gəlmək üçün gah söyüş söyən, gah da “ağıllı və politoloji terminlərlə şərhlər” yazan biriləri bütün bunlara görə vicdan əzabı çəkirlərmi? Əsla, bunun üçün sadəcə və sadəcə vicdana sahib olmaq gərəkdir!

Azərbaycan xalqı isə ağı-qaradan çox gözəl seçir!

Zaman-zaman Tunisdə, Misirdə, Liviyada və s. Şərq ölkələrindəki hakimiyyət dəyişikliklərini xatırlayan “ənənəvilərin” başbilənləri qiyam və inqilablardan sonra həmin ölkələrdəki vəziyyətin nə qədər dəhşətli şəkildə bu dəyişdiklərinin fərqinə varmırlarmı? Bu ölkələrdəki inkişaf və tərəqqinin Qərbin müdaxiləsi sayəsində məhv edilməsini Azərbaycan xalqı öz ölkəsində görmək istəyirmi? Təbii ki, xeyr və mümkün deyil! Yaxud, bu gün Ukraynada cərəyan edən dəhşətli hadisələrin kökündə də bilavasitə Qərbin layihəsi olan Maydan hadisələri dayanmırmı? Əlbəttə ki, dayanır!

Xüsusi bir xatırlatmanı da etmək yerinə düşərdi – xatırlayırsınızsa, “ənənəvilərin” təəssüf ki, öz ailə siyasətini doğru-dürüst idarə edə bilməyən və buna görə də sağlam düşüncəli cəmiyyətimiz tərəfindən çoxsaylı iradlara məruz qalan “liderlərindən” birinin Ermənistanın siyasi lideri Nikol Paşinyana öygülər, təriflər yağdırması faktı da unudulmayıb və bu gün onlar 30 illik uğursuzluqlarının səbəblərini özlərində axtarmaları yerinə gah “velosipedli”, gah “arabalı”, ga da “atlı” görüntüsündə “lider” axtarır, ara-sıra xalqı da təhqir edirlər. Nədir ki, xalq bunları istəmir və heç vaxt da istəməyəcək, çünki el dili ilə desək, kor-kor, gör-gördür, hər şey göz önündədir. Azərbaycan xalqı isə ağı-qaradan çox gözəl seçir!

Əli Kərimli bu ölkənin milli dövlətçilik maraqlarının sarsılmasında, dağıdılmasında sözün əsl mənasında öncüllük təşkil edib.

Açığını desək, bu gün axtarılan” liderin” nədənsə məhz AXCP sədri Əli Kərimlinin olduğunun önə sürülməsi isə qətiyyən heç bir anlaqlıq çərçivəsinə sığmır. Bu gün pasport davası döyən Əli Kərimli həmin şəxsdir ki, vaxtilə “liderim” dediyi mərhum Əbülfəz Elçibəyə qarşı olmazın xəyanətlər törətdi, onun siyasi ideyalarına zidd addımlar atması ilə nə qədər böyük xain olduğunu isbatladı və bütün bunlar sənədli, sübutlu, stenoqramlı qaydada arxivlərdə saxlanılmaqdadır. Təkcə həmin arxivlər açılsa nə qədər dəhşətli həqiqətlərin üzə çıxacağını isə təsəvvürə gətirmək belə qorxuncdur. İndi ölkənin pasportuna sahib olmaq istəyən Əli Kərimli bu ölkənin milli dövlətçilik maraqlarının sarsılmasında, dağıdılmasında sözün əsl mənasında öncüllük təşkil edib. Əslində, beləsinə Azərbaycan pasportunun verilməsi də hüquqi cəhətdən demirik, amma mənəvi cəhətdən doğru olmazdı…

Sonda isə bir mühüm qeydi də etmək yerinə düşərdi. “Bütləşdirilmiş” və “daş bütə” çevrilmiş, yalnız ona itaət edilməsi yönündə var-gəl edən bir reneqat “xanımın” uyğunsuz “tanrı” təqdimatı heç yerinə düşmür. Özəlliklə Əli Kərimli kimi bir tipajın üzərində öz təbirincə “ştixlər” qurması isə reallıqda bariz uğursuzluq etiraflarının ən pik həddi kimi qiymətləndirilə bilər. Qərbdəki bəlli dairələrin xüsusi sifarişi əsasında “asan yolla hakimiyyətə gəlmək şansının” da heçə endirilməsi isə artıq boya-boy görünməyə başlayıb..

(Ardı var)

Bəhruz QULİYEV,
“SƏS” qəzetinin baş redkatoru

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button