Gündəm

Natiq Cəfərli: “Dizel və benzinin qiymətinin artması poçt tariflərinin artırılmasına səbəb olub”

Daxili poçt göndərişinin sifarişlə göndərilməsi üçün tarif isə 30 qəpikdən 60 qəpiyə qaldırılıb

Məlum olduğu kimi, “Azərpoçt” MMC tərəfindən göstərilən universal poçt xidmətləri (UPX) üzrə tariflər yenilənib. Buna səbəb “Azərpoçt” MMC tərəfindən göstərilən universal poçt xidmətləri üçün tətbiq olunan tariflərin maya dəyərindən çox aşağı olmasıdır.
Qeyd edək ki, tarif dəyişiklikləri nəticəsində çəkisi 20 qrama qədər olan sadə daxili məktubun tarifi 20 qəpikdən 30 qəpiyə, çəkisi 2 kiloqrama qədər olan poçt göndərişinin (məktub, banderol, kiçik paket) tarifi isə 1,8 manatdan 3 manata qaldırılıb. Daxili poçt göndərişinin sifarişlə göndərilməsi üçün tarif isə 30 qəpikdən 60 qəpiyə qaldırılıb.
Beynəlxalq məktub poçtu üzrə də tariflərə yenidən baxılıb və qismən maya dəyərinə uyğunlaşdırılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərpoçt” MMC-nin göstərdiyi universal poçt rabitəsi xidmətləri (UPX) üzrə tariflərinin yenilənməsinə dair açıqlama yayıb.
Açıqlamada deyilir ki, tariflərin artırılmasına səbəb onların maya dəyərindən çox aşağı olmasıdır. Belə ki, mövcud tariflər 1 fevral 2011-ci il tarixində qüvvəyə minib və ötən müddət ərzində “Azərpoçt”un ümumi istismar xərclərinin 2 dəfə, o cümlədən işçilərin əmək haqlarının təxminən 2,5 dəfə artması nəticəsində xidmətlərin maya dəyəri daha da yüksəlib. Digər tərəfdən, son illərdə beynəlxalq poçtun xarici valyutada hesablanan daşıma və çatdırma xərclərinin 2 dəfədən çox artması da beynəlxalq poçt xidmətlərinin maya dəyərinin kəskin yüksəlməsinə səbəb olub. Bütövlükdə “Azərpoçt” üzrə UPX-nin göstərilməsi maya dəyərindən aşağı olduğu üçün hər il qurumun büdcəsinə kifayət qədər zərər dəyib. Bütün bunlar UPX üzrə mövcud tariflərə yenidən baxılmasını zəruri edib və bu yenilənmə daha çox tariflərin maya dəyərinə uyğunlaşdırılması məqsədini daşıyıb.
Poçt xidmətlərinin qiymətinin artması barədə fikir bildirən Natiq Cəfərli bildirdi ki, poçt xidmətlərinin qiymətlərinin artırılmasında səbəb daşımaçılıqda qeydə alınan bahalaşma ilə bağlıdır: “Ötən il dizel yanacağının və benzinin qiymətləri artırılıb. Görünür bu amillər də poçt xidmətlərinin tarifinin artırılmasına səbəb olub”.

Günel CƏLİLOVA

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button