Müsahibə

“İlk simptomları olduqda adi qrip deyib keçməsinlər”-KORONVİRUSDAN MÜALİCƏ ALAN XANIM

Ailəliklə koronavirusa yoluxmuş, ancaq həkimlərimizin əməyi sayəsində sağalmış 21 yaşlı gənc qız Mədinə Cəfərovanın Analoq.az-a müsahibə verib.Həmin müsahibəni təqdim edirik:


-Koronavirusa necə yoluxdunuz?

– Koronavirusa ilk yoluxan evdə atam oldu. İlk əvvəl öskürək və 37 dərəcə qızdırma ilə başladı. Elə bildik adi qripdi. Daha sonra iy və dad bilmə qabiliyyəti itdi, anam və mən artıq anladıq ki, COVİD-19-a yoluxmuşuq. 2 gün sonra yaxma analizi verdik. 2 günə cavablar gəldi. Analizin cavabı pozitiv çıxdığına görə bizi Atletlər şəhərciyinə apardılar.

-Müalicə necə keçdi?

-Anamla mən orda qaldıq. Atam daha da pisləşdi, boğulma və təngnəfəslik olduğu üçün xəstəxanaya qadırdılar, müalicə olundu. Süni tənəffüs aparatına atamı qoşdular. Atam eyni zamanda şəkərli diabet xəstəsidir. Qan plazması ilə atam sağaldı.

-Sosial izolyasiya tədbirlərinə əməl edirdinizmi?

-Koronavirusdan ailələmlə birlikdə yaxşı qorunurduq, ancaq virus insana gözlə qaş arasında yoluxur. 14 gündə ev karantinində immun sistemimizi özünü bərpa etməsi üçün çalışdıq. Atletlər kəndində yemək və su ilə qidalanırdıq. Hər gün qızdırmamız ölçülürdü. Yüngül keçirdik deyə dərman müalicəsi tətbiq edilmədi. Həkimlərimiz sağ olsun, bizə hər gün pozitiv ümid verirdilər, biz, nəhayət, sağaldıq.Ancaq sağalandan sonra insanın əvvəlki enerjisi olmur. Özünə gəlmək üçün zaman lazımdır.

-Sağaldıqdan sonra sizin sağaldığınızı bilənlər sizə qarşı münasibətində dəyişiklik vardı?

-Yox.Əksinə heç kim inanmır bu xəstəliyi keçirdiyimizə.

-Sağalmış xəstə başqasına koronavirusu yoluxdura bilər?

-Xeyir, çünki biz xəstəxanadan çıxmamışdan əvvəl analiz verdik,cavab neqativ çıxdı. Özündə olmayan bir virusu necə başqasına yoluxdurmaq olar?

-Sizin koronavirusa bir daha yoluxma riski varmı?

-O haqda bilinmir. Onu zaman göstərəcək. Mən də donor olub həyat xilas etməyi düşünürəm.

-Koronavirusdan qorunmaq üçün insanlara nəyi məsləhət görərdiniz?

-İnsanlara ehtiyatlı olmaqlarını tövsiyə edirəm, ilk simptomları olduqda adi qrip deyib keçməsinlər. Biganə yanaşmasınlar. Səhiyyə işçilərimizə kömək olaq. Onlar ağır geyimin içində saatlarla ailəsindən, əzizlərindən uzaq xəstələri müalicə edirlər. Virusa yoluxub gec müraciət edəndə, xəstəlik daha da ağırlaşır. Özünüzün və əzizlərinizin həyatını düşünürsünüzsə, özünüzü qoruyun.

Aynurə Niyazqızı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button