Cəmiyyət

Söz ömrün yolu olanda

Soylu ATALI( Tahir Talıblının “Qurdu qəmgin, quşu qərib” kitabı üstə duyğulanmalar)

İnsan həyatda özünü ifadə etmək üçün ömür yolunu bəlirləməlidir. Bunun üçün özünü tanımalı, öyrənməlidir. Ömür qurulanda söz doğar, özünü çağına, gələcəyə təqdim edər. Belə də deyə bilərik: Söz – ömrü tanıdan hikmətdir.

Ömür yaradıcı olmayanda söz boşluğa düşər, hikmət gücünü itirər. Hikmətsiz söz yaşama örnək verə bilməz. Biz sənətə, poeziyaya belə yanaşırıq. Biz ömürdən gəlməyən sənəti, şeiriyyəti quru, cansız, etkisiz sayırıq. Sənət yalnız estetika faktı deyil. Yəni o, zahirən gözəl, cazibəli forma alsa da, bu, yetərli deyil.

Sənət – insan qəlbinin ülviyyətini göstərən, böyüdən, insana Tanrısal anlam yükünün çalarlarını tanıdan ömür yoludur. Bu yolu yaradanlar, bu yolu gedənlər müdrik olar, şair olar, ozan olar – qəlbində söz bəsləyər, söz çağırar, söz öyrədər. Belə ömürlərlə üzləşəndə insan duyğular dünyasına düşür, söz bulağı tapır. Könlü bu söz bulağı ilə durulduqca duyğuları zənginləşər, Mənanın gözəlliyinə qovuşar, dünya gözündə yenilənər. Belə dünyanın sakini olmaq, belə dünyanın sakinləriylə olmaq nə qədər gözəldir. Belə dünyanın sakinlərini tanımaq, tanıtmaq da mərifətdəndir. Biz də mərifət göstərib duyğular dünyasının sufi təbli, ozan dilli sakinlərindən biri Tahir Talıblıdan qısaca söz açmaq istədik.

Bayatı söhbətə, sözə əsirəm,

Nağıllar nənəmin ömrüdür, gedir.

Mən söz axtarıram, mən söz gəzirəm,

O isə həmişə söz üstündədir.

Söz bayatılar, ağılar dəryasında qaynayar, nənələrin, babaların xatirələr dünyasına dolar, ağ saçların, ağ birçəklərin ömür yollarının hikmətindən soraq verər. Duyğularımızda insanlığın sadə həyat nəğmələri kimi sabaha ümidlər daşıyar. Söz – nənələrin, babaların halal, arı-duru ömründən başlayan bir körpü salar. Dünyaya göz açan körpələrin sevinc dolu, ümid dolu baxışlarını qədimliyə səsləyər. Keçmişin işıqlı həqiqətlərini İnsanlığın gələcək soylarına ötürər. Bu mərhəm əlaqələr şair qəlbinin bayatı, nəğmə dolu duyğularıyla yenidən canlanır, sevinə-sevinə şeiriyyətə çevrilir. Bütün bunları anladıqca baxışlarımızda doğmalıq ehtirasları qaynaşır, nənəli, babalı dünya ilə təmasda olduğumuzdan fərəh duyuruq.

Dəli cavanlığı, əyləncələrin

Ağardıb saçında, saqqalında o.

Yığıb bir ömürlük xatirələri

Bir kitab söz kimi öz alnında o.

Gördüklərini anlamaq, yaşamaq nə qədər təbii qavranılır. Hər sətirdə ömür yolunun səmimiyyəti danışır. Ona görə keçmişdən gələn ən adi həyat axarı belə duyğularımızı etkiləyə bilir.

Səpərəm alışan, yanan çağıma,

Təbəssüm edərəm dərdi-sərini.

Sovqat saxlayaram qocalığıma

Sənin qız baxışlı şəkillərini.

Sevgi, həsrət, doğmalıq, vüsal – insan ömrünün həm aşamalarıdır, həm də nizam yoludur. Ömür yola çevriləndə bu duyğular qocalmır, insan varlığının sonsuz ifadələrinə çevrilir. İnsan özündən xəbərsiz yaşayanda isə duyğuları qarıyır, yarı yolda qırılır, ömür yolsuzlaşır. Bu açıdan yanaşanda şeiriyyətin insan yaşamında yeri, rolu daha qabarıq görünür. O üzdən deyirik, şeiriyyət ömürdən başlayıb ömürlərə yol salmalıdır. O üzdən belə ömürləri ozan sayırıq, müdrik adlandırırıq. Tahir Talıblı sadəcə duyğularını şeirə çevirmir, şeiriyyəti duyğularına bənzədir. Ona görə də könlümüzə doğmalaşa bilir.

Bu yollar səbrimnən gödəkdi indi,

Sinəmdə ürəyim kövrəkdi indi,

Ümidim tək səni görməkdi indi,

Qorxuram mən səni görə bilməyim.

Sənsizlik qorxusu – dünyanın anlamından başlayan həsrət, ikinin bir olmaq arzusu, mənəmliyin, eqoizmin ölümü, özünü başqasında tapmaq qüdsiyyəti. İnsan ömründəki bakirə sirlərin duyğuların qanadlarında şeiriyyətə çevrilməsi – gözəllik nəğməsi.

Yollara çıxmışam mən bilə-bilə,

Axı, hər yolçuda bir ürək olmur.

Sənət də belədi, həyat da belə,

Əgər öyrənməsən, öyrətmək olmur.

Burada ifadə olunan duyğular təkcə sözün yaraşığı kimi görünmür, həm də ilkinlik tələbi kimi çıxış edir. Tərbiyə faktına çevrilir. Ona görə duyğularımızı işıqlandırıb könlümüzə sevinc təpəri verir.

Tahir Talıblının axıcı duyğuları, lirik nəğmələri kitab boyu izlənilə bilir. Biz onlardan az bir parçanı dilə gətirdik, duyğularımızın səsini dinləməyə çalışdıq. Belə tanıyırıq Tahir Talıblını – özü olan, el xislətli, el soraqlı, əsillik örnəyi. Duyğularına, ləyaqətli ömrünə doğmayıq – soyumuzun da, ulusumuzun da arı oğlu Tahir Talıblının.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

 

01 Yağış Ayı, 42-ci il. Atakənd.

(noyabr, 2020. Bakı.)

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button