MaraqlıMüsahibə

“İşinin yazılmayan qanunlarını çox gözəl bilməlisən”

“1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr idarəsinin keçmiş rəisi Elnur Kələntərovdur. O, mətbuat katiblərinin əməl etməli olduqları məqamlarla bağlı sualımızı cavablandırıb.

– Mətbuat katibləri necə olsalar, ictimaiyyət və media ilə düzgün münasibət qurmağı bacararlar?

– İlk növbədə, belə deyə bilərəm ki, imic formalaşdırmaq üçün çalışmaq lazım deyil. Sadəcə, öz işini görməlisən, amma işinin yazılmayan qanunlarını da çox gözəl bilməlisən. Çalışdığın sahəni ən peşəkar səviyyədə mənimsəməli, baş verən proseslərdə yaxından iştirak etməlisən. Əgər bu, spesifik sahədirsə, bu sahə üzrə biliklərin olmalıdır. Yəni konkret olaraq çalışdığın sahəni çox dərindən bilməlisən. Bu, birinci pillədə dayanır. Çünki jurnalistlər həmişə informasiyalı mətbuat katiblərinə rəğbət bəsləyirlər.

İkinci olaraq, etibarlı tərəfdaş olmalısan. Bu, çox vacib və qaçılmaz məqamdır. Bəzən mətbuat katiblərinin də jurnalistlərə, mediaya müəyyən ehtiyacları olur və ortada etibarlılıq olmadıqda proses çox çətinləşir. Etibarlılıq həm də ona görə vacibdir ki, sənin rəhbərliyin də informasiyaların ictimaiyyətə açıqlanmasənda sənə güvənməlidir. Əgər mətbuat katibi etibarlı tərəfdaş deyilsə, təkcə sorğu-sualları cavablandırır və hər zaman çalışdığı təşkilatın imicini qoruyub tərəfini saxlayırsa bu sadəcə olaraq birtərəfli inkişafa aparır.

Mətbuat katibi və ya ictimaiyyətlə əlaqədar şöbəsinə ümumən cavabdeh olan şəxs təkcə öz çalışdığı təşkilatın imicini düşünməli deyil. İlk növbədə, rəhbərin imicini, hörmətini düşünməli, jurnalistlərin vəziyyətini çox gözəl anlamalıdır. Mətbuat xidmətində bəzən elələri olur ki, danışıq tərzləri və s. ilə əsas öz imiclərini formalaşdırmağa başlayırlar. Mən belə məsələləri, açığı, düzgün hesab etmirəm. Çünki mətbuat katibinin işi medianın quruma və qurum rəhbərinə münasibətində ölçülməlidir. Sözsüz ki, bu vəziyyət təkcə mətbuat katibindən asılı deyil. Bəzən elə qurum rəhbərləri olur ki, onlar, ümumiyyətlə, mətbuata o qədər də açıq olmurlar. Bu, tamamilə başqa mövzudur.

Qısası, belə ümumiləşdirə bilərəm ki, mətbuat katibi imic formalaşdırmaq üçün yox, öz işinin bilicisi olması üçün çalışmalıdır. İkinci, çox etibarlı tərəfdaş olmalı, jurnalistləri başa düşməli, özünü onların yerinə qoymağı bacarmalıdır. Çünki bəzən informasiyalar tez köhnəlir, bu isə jurnalistlərin işində problem yaradır. Üçüncüsü, yazılmayan qanunlarla işləməyi bacarmalıdır. Bəzən elə məsələlər olur ki, bu heç yerdə yazılmır, bu da artıq təcrübə məsələsidir. Ən əsası isə, hər bir mətbuat katibi və ya ictimaiyyətlə əlaqədar şöbəsinə cavabdeh şəxs əmin olmalıdır ki, bu vəzifədə ömürlük deyil. Əgər artıq bu vəzifədə deyilsənsə, amma buna baxmayaraq, yenə də jurnalistlərlə əlaqən varsa, deməli, hər şey qaydasındadır. Həm yüksək səviyyədə imicin var, həm hörmətin qalıb, həm də öz adını qoruyub saxlaya bilmisən. Bu mənim üçün çox önəmlidir. Mən də həmişə çalışmışam ki, harada olmağımdan asılı olmayaraq, media və jurnalistlərlə münasibətlərim səmimi olsun. İşlədiyim zaman da buna riayət etmişdim, indi də riayət edirəm.

Sonda onu demək istəyirəm ki, mətbuat katibləri müsahibə verərkən elə sadə dildə danışmalıdırlar ki, insanlar onları anlaya bilsinlər. Bəzən çox hüquqi dildə danışırıq, lakin unutmayaq ki, bizim ünvanımız tamaşaçılardır, məhz buna görə də biz-mətbuat katibləri nitqimizi elə qurmalıyıq ki, xalq dilimizi anlaya bilsin.24Media.az xatırladır ki, 2023-cü ilin may ayında mətbuat xidmətlərinin rəhbərləri üçün Media Tәhlil Mәrkәzinin (MTM), Heydər Əliyev Mərkəzinin, Medianın İnkişafı Agentliyinin, ADA Universitetinin dəstəyi və “MAS” MMC-nin texniki köməyi ilə master-klass keçirilmişdir. Master-klassın məqsədi mətbuat xidmətlərinin rəhbərlərinin işini daha da təkmilləşdirmək, onların fəaliyyətini müasir kommunikasiya sistemlərinə uyğunlaşdırmaq və şəffaflığı təmin etmək idi.24Media.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button