Gündəm

ABŞ Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalını tanıdı

ABŞ Konqresinin Qaydalar Komitəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktını tanıyan 296 saylı düzəliş qəbul edilib.

“Analoq.az ”ın məlumatına görə, düzəlişdə qeyd olunub ki, ABŞ Dövlət Katibi Müdafiə naziri ilə birlikdə Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan Respublikalarında məcburi köçkünlərin statusu barədə Konqresin müvafiq komitələrinə 180 gündən gec olmamaq şərtilə hesabat verməlidir.

Hesabata 1991-ci ildən bu yana xarici qüvvələr tərəfindən Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın qanunsuz işğal olunmuş bölgələrindən məcburi köçürülən və qətlə yetirilən vətəndaşların sayı daxil edilməlidir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva da bu gün keçirilən mətbuat konfrasında sözügedən düzəlişdən danışıb. O vurğulayıb ki, konqresin Nümayəndələr Palatasında qəbul olunmuş çox önəmli bir düzəliş var: “Düzəlişin müəllifləri Konqresin üzvləri Stiv Şarlot və Stiv Koendir. Söhbət Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması düzəlişindən gedir. Burada vacib məqamlar hansılardır? Düzəlişdə Azərbaycan da daxil olmaqla, digər 3 ölkədə ərazilərin qeyri-qanuni işğalı faktı təsdiqlənir. Burada söhbət işğal olunmuş ərazilərdə köçkün düşmüş və həmin ərazilərdə həyatını itirmiş vətəndaşlar barədə məlumatın hazırlanaraq Müdafiə Departamenti ilə birlikdə Konqresə təqdim olunmasından gedir. İndiki mərhələdə bu düzəlişin bizim üçün əhəmiyyəti çox böyükdür. Çünki burada Azərbaycanın ərazilərinin işğal olunması faktı təsdiq olunur”.

Milli Məclisin sədr müavini, deputat Adil Əliyev də feysbuk səhifəsində dəyişikliyin əhəmiyyətinə toxunub. O qeyd edib ki, bu gündən etibarən Amerika Birləşmiş Ştatları rəsmi olaraq Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktını tanıyıb: “Belə ki, ABŞ Konqresinin Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəliş qəbul edildi. Düzəlişin mətnində deyilir ki, ABŞ-ın Dövlət Katibi Müdafiə Naziri ilə birlikdə Azərbaycanın (o cümlədən Ukrayna, Gürcüstan və Moldova) xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində öldürülmüş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir”.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button