Siyasət

Ramiz Mehdiyev müxalifətlə münasibətlərini indiki həssas vaxtda pisləşdirmək istəmir?

Prezident Adminstrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev bir sıra deputatları, politoloqları, jurnalistləri “qara siyahısı”na daxil edib. Akademikin məlum toy hadisəsindən indiyə qədər yazdığı bəyanatlardan bu, açıq-aydın görünür.

Maraqlıdır ki, Ramiz Mehdiyev ənənəvi müxalifət partiyalarının rəhbərlərinə qarşı eyni sərt münasibəti göstərmir. Əksinə, o, partiyaların ünvanına yazılarının birində müsbət fikirlər ifadə edib.

Bəzi siyasi analitiklər hesab edir ki, sabiq Administrasiya rəhbərinin gələcəkdə müxalifətin dəstəyini qazanmaq, özü ilə bağlı situasiya daha da ağırlaşacağı variantında müxalifətə sığınmaq ehtimalını nəzərə aldığı sezilir. Görünən odur ki, akademik müxalifətlə münasibətlərini indiki həssas vaxtda pisləşdirmək istəmir.

Bəs, Ramiz Mehdiyev müxalifətə sığınmaq istəsə, ona cavab necə olar? Müxalifət ona qucaq açarmı? ALDP sədri Fuad Əliyev “Yeni Müsavat”a bildirdi ki, bütün müxalifətin adından danışması düzgün olmaz, ola bilər hansısa partiyalar ona qucaq açarlar. Ancaq ALDP-də Ramiz Mehdiyevin heç adi üzv kimi yeri yoxdur: “Bizim partiya heç zaman ona qucaq açmaz. Amma ola bilər ki, vaxtilə himayə etdiyi müxalifət partiyalarının biri onu partiyanın lideri elan etsin. Onun imkanlarından yararlanmaq istəyənlər olacaq.

Təəssüf ki, bəzi müxalifət partiyaları iqtidardan qovulan korrupsioner məmurlara dəstək verirlər. Yenə də belə addımlar atanların olacağı istisna deyil. Hətta hansısa partiya Ramiz Mehdiyevi prezidentliyə vahid namizəd də elan edə bilər. Lakin hesab edirəm ki, Ramiz Mehdiyev kimilərinin bütün müxalifətin vahid namizədi olması, ümumiyyətlə, mümkün deyil. ALDP dövlət və milli maraqları həmişə üstün tutub. ALDP heç vaxt belə insanlara dəstək verməyəcək”.

Bəs, Ramiz Mehdiyev klanından və kadrlarından iqtidarı təmizləmək nə qədər vaxt alacaq? Bu gün bütün gücü ilə iqtidara qarşı olan akademik bu kadrları vasitəsilə hakimiyyətə təsir edə bilərmi?

Fuad Əliyev qeyd etdi ki, Ramiz Mehdiyevi artıq böyük güc sahibi saymaq yanlışdır: “Çünki Ramiz Mehdiyev hal-hazırda elə güc sahibi deyil ki, hakimiyyətə əsaslı təsir edə bilsin. İqtidarda əgər qəti istək olarsa, qısa bir zamanda Ramiz Mehdiyevin klanını hakimiyyətdən tamamilə təcrid etmək olar. Prinsipial mövqe tutub, qətiyyətli addımlar atmaqdan çox şey asılıdır”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button