İqtisadiyyat

Azərbaycandakı Pakistan bankı 407 min, İran bankı isə 2 milyon zərərə düşüb

2021-ci ili zərərlə bitirən bankların adları açıqlanıb. Zərərlə işləyən banklar arasında Azərbaycandakı Pakistan Milli Bankı və “Bank Melli İran” var.
Məlumat üçün qeyd edək ki, 2021-ci ili Pakistan bankı 407 min, İran bankı isə 2 milyon zərərlə bitirib.
Onu bildirək ki, adıçıkilən banklar tək ötən il deyil, eyni zamanda, 2020-ci ili də zərərlə başa vurublar.
2021-ci ilin birinci rübünü 2 bank zərərlə başa vurmuşdusa, ikinci rübdə ziyanla işləyən bankların sayı 7-yə yüksəldi. Bunlar “AccessBank”, “Bank Avrasiya”, “Günay Bank”, “Muğanbank”, “Yapı Kredi Bank” (Azərbaycan), “Pakistan Milli Bankı” (Azərbaycan) və “Bank Melli İran”dır (Azərbaycan). Hesabat rübündə “AccessBank” 2 milyon 159,0 min manat, “Bank Avrasiya” 4 milyon 279,16 min manat, “Muğanbank” 1 milyon 037,53 min manat, “Günay Bank” 252,51 min manat, “Yapı Kredi Bank” (Azərbaycan) 109,54 min manat, “Pakistan Milli Bankı” (Azərbaycan) 45,31 min manat, “Bank Melli İran” (Azərbaycan) isə 39,265 min manat zərər edib. İlin sonuna doğru isə zərərlə işləyən 7 bankdan 5-nin vəziyyəti düzəldi, ikisi isə hələ də zərərlə işləməyə davam edir. Ekspertlər bildirir ki, zərərlə işləyən Pakistan Milli Bankı və “Bank Melli İran” bankı nə kredit bazarında, nə depozit bazarında önəmli yer tutmur.
Iqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, son iki ildir ki, bank sistemində müəyyən dərəcədə sağlamlaşdırma tədbirləri görülür və bunun nəticəsidir ki, 2020-ci ildə 4 bank bağlandıqdan sonra zərərlə işləyən bankların sayı azaldı: “Bu gün cəmi iki bankın zərərlə işlədiyi məlumdur. Bunlar da İran və Pakistan banklarıdır. Bu bankların özlərinin spesifik xüsusiyyətləri var. Yəni, Azərbaycanın bank bazarında çox kiçik həcmə malikdir. Nə kredit bazarında, nə depozit bazarında önəmli yer tutmurlar. Onlar sadəcə iki ölkə arasında ticarət əlaqələrinin tənzimlənməsində iştirak edən banklardır. Bu səbəbdən də o bankların ziyanla işləsələr ölkədən gedəcəkləri gözləntiləri doğru deyil”.
İqtisadçı hesab edir ki, adıçəkilən bankların ziyanla işləməsinin Azərbaycan bank sektoruna ciddi təsirləri yoxdur.

Günel CƏLİLOVA

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button