ManşetRedaktor seçimi

Medianın İnkişafı Agentliyi Şuşa səfərini özünü reklam etdirmək üçün deyil, dövlətin marağını təmin etmək üçün təşkil etməlidir

Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda söz və mətbuat azadlığının qorunmamasına dair bəyanatların verilməyəcəyinə MEDİA tam təminat verə bilməz

İstər Azərbaycan İnformasiya Mərkəzinin direktoru, istərsə də analoq.az saytının baş redaktoru kimi Medianın İnkişafı Agentliyi ilə hər hansı bir formada əməkdaşlıq etmirəm, bu qurumun tədbirlərinə, seminarlarına, müsabiqələrinə qatılmıram. Agentliyin təşkilatçılığı ilə reallaşan səfərlərə getmək üçün müraciət etmirəm. MEDİA-nın rəhbərliyinə şəxsi simpatiyam olmadığı kimi, onlara qarşı şəxsi qərəzçiliyim də yoxdur. Ona görə də bu yazımı kimsə yanlış anlamasın. Mən həmişə haqqın tərəfində olduğum üçün səhvləri, nöqsanları birbaşa yazıram, deyirəm. Bu dəfəki tənqidim də MEDİA-nın təşkil etdiyi Şuşa səfəri haqqındadır.
Agentliyin təşkilatçılığı ilə Şuşa şəhərinə təşkil olunan səfərlə bağlı Facebook-da tənqidi statuslara, iradlara tez-tez rast gəlirəm. Əksər həmkarlarım bu səfərə dəvət olunmadığından və MEDİA tərəfindən onlara qarşı saymazyanalığın edilməsindən şikayətlənirlər. Bu barədə yazılan əksər statuslar tənqiddən daha çox təhqir formasındadır. Şübhəsiz ki problemin bu qədər ciddiləşməsində Şuşaya gedən mətbuat nümayəndələri tərəfindən Facebook sosial şəbəkəsində yayılan şəkillərin və yazılan statusların da rolu böyükdür, MEDİA-nın bu istiqamətdəki fəaliyyətindəki çatışmazlıqları və nöqsanları da. Məsələn, dünən bir həmkarımız status yazıb ki, səfərə şəxsən MEDİA-nın rəhbəri Əhməd İsmayılov tərəfindən dəvət olunub. Yaxud, keçmiş KİVDF-ni, onun rəhbərliyini kəskin tənqid edən, agentliyi az qala hər gün tərifləyən mətbuat nümayəndələri və digər şəxslər də səfərə aparılıblar. Bütün bunlardan belə anlaşılır ki, agentlik şəxsi münasibətləri olan qələm əhlini səfərə dəvət etməyə daha çox üstünlük verir. Bu da digər həmkarlarımızın haqlı qısqanclığına və iradlarına səbəb olur. Çünki MEDİA-nın birinci nöqsanı budur ki, Şuşa səfərinin təşkili zamanı konkret qaydalar müəyyənləşdirməyib. Yəni, ilk növbədə bununla bağlı rəsmi şəkildə elan verilməli idi. Elanda konkret şərtlər və tələblər qoyulmalı idi. Məsələn, Şuşa səfərinə qatılmaq istəyən jurnalistlər ilk öncə müraciət ünvanlamalıdırlar. Müraciətlərə əsasən agentlik araşdırılmalıdır ki, filan jurnalistin tədbirə dəvəti MEDİA-ya deyil, bütövlükdə Azərbaycana nə qazandıracaq? Yəni, o, səfərdən məqalə, reportaj və sair hazırlayacaqmı, yoxsa könlünə gəzməkmi düşüb? Səfərə getmək istəyən jurnalistin imzası tanınırmı, yazıları oxunurmu və sair. Bir sözlə konkret tələb və şərt olmasa, cibində jurnalist vəsiqəsi gəzdirən 100 mindən çox vətəndaş səfərə getmək üçün adi şantaja belə əl ata bilər.
Şuşa səfərinə kimlər aparılmalıydı?
İlkin mərhələdə bütün telekanalların çəkiliş və reportyor qrupları, tanınmış internet televiziyalarının və populyar youtube kanallarının əməkdaşları. Çünki Şuşanın 30 illik həsrətdən sonrakı vəziyyəti ilə bağlı videoçəkilişlər təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da diqqətlə izlənilir.
İkinci mərhələdə Azərbaycanın ən çox oxunan qəzetlərinin və saytlarının əməkdaşları səfərə aparılmalıdır. Təbii ki onların sayı çox olduğundan seçim edilməlidir. Mərhələli şəkildə onların səfərdə iştirakı təmin olunmalıdır.
Üçüncü mərhələdə bəzi vətəndaşlar qonaq qismində səfərə dəvət edilə bilər. Bu siyahıya ayrı-ayrı dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri, tanınmış ziyalılar və digərləri daxil edilməlidir.
Bir sözlə, MEDİA Şuşa səfərini özünü reklam etdirmək üçün deyil, dövlətin marağını təmin etmək üçün təşkil etməlidir. Çünki səfərin təşkilinə xərclənən maliyyə vəsaiti dövlət büdcəsindən ayrılır. Digər tərəfdən, agentlik tərəfindən ayrıseçkiliyin edilməsi barədə yazılan statuslar, məqalələr və sair beynəlxalq təşkilatların və gizli qrupların daim maraq dairəsində olduğu üçün sabah bu status və məqalələrin əsasında hesabatların və qara siyahının hazırlanmayacağına, Azərbaycanda söz və mətbuat azadlığının qorunmamasına dair bəyanatların verilməyəcəyinə MEDİA tam təminat verə bilməz. Ona görə də Agentliyin rəhbərliyinə diqqətli və ehtiyatlı olmağı tövsiyyə edirəm…

Təbriz VƏFALI

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button