Müsahibə

“Mən özümdə bu keyfiyyətləri qoruyub saxlayacam” – MÜSAHİBƏ

VI çağırış Milli Məclisin deputatı Razi Nurullayevin Versus.Az-a müsahibəsi.

– Razi bəy, öncə sizi millət vəkili seçilməyiniz münasibətilə təbrik edirəm.

– Təşəkkür edirəm, çox sağ olun.

– Deputat olmaq necə hissdir, Razi bəy?

– Deputat olmaq nə qədər gözəl hissdirsə, deputat olmağın məsuliyyət hissi bir o qədər çətindir. Çünki deputat xalqın sözünü çatdıran, xalqın sözünü deyəndir. Xalqın da problemləri, sözü bitən deyil. Daim danışmalısan, xalqın yanında olmalısan. Deputatdan həm dövlət, həm seçicilər, xalq razı qalmalıdır, həm də parlamentdə nümunəvi fəaliyyət göstərməlisən.

“Yox, sən bizim üçün atasan, səndən icazə alan deyilik”

– Bir az ailənizdə bu uğurun sevincinin necə yaşanmasından danışın, təəssüratlarınız maraqlıdır.

– Uzun illərdir ki, siyasət meydanındayam. Bu meydanda olduğum müddətdə bir neçə dəfə seçkilərdə iştirak etmişəm. İlk dəfədir ki, seçkidən qalib ayrılıram. Buna qədər olan mərhələdə ailəm də mənimlə bərabər o çətinlikləri yaşayıb. Seçki öncəsi və seçki sonrası məsələlərin birbaşa iştirakçısı olub. Təbii ki, bu qalibiyyət hissi də bir başqa cür oldu. Ailəm, övladlarım sevindi.

– Sevinclərini necə göstərirdilər?

– Qızlarım mənimlə zarafatlaşdı ki, ata, indi sənin qəbuluna gələndə icazə alaq? Dedim ki, bəli, icazə almalısınız. Güldülər, boynuma atılıb qucaqladılar, öpdülər ki, yox, sən bizim üçün atasan, səndən icazə alan deyilik. Beləcə, zarafatlaşdıq, sevincimizi bölüşdük. Ailəm, övladlarım da deputat olmağımın məsuliyyətini hiss edirlər. Şükür olsun ki, mənim nümunəvi ailəm var və nümunəvi ailə olaraq da qalmaqda davam edəcəyik.

“Siyasətçilərin ən çox can atdıqları bir neçə post var”

– Razi bəy, niyə deputat olmaq istədiniz?

– Siyasətçilərin ən çox can atdıqları bir neçə post var. Əgər siyasi partiyasansa və siyasətçisənsə seçkilərdə iştirak edirsən. Və bütün siyasətçilər deputat olmaq istəyir. Bu, onların təbii hissidir, eyni zamanda siyasətçi missiyasından irəli gəlir. Siyasətçi parlamentdə olub nələrisə həll edə, danışa bilər. Bələdiyyə seçkilərində yer qazanaraq partiyasını gücləndirə bilir. Və təbii ki, prezident seçkilərində iştirak edib hakimiyyətə gəlmək istəyir. Yəni qeyd etdiyim kimi, parlament seçkilərinə getmək və deputat olmaq siyasi partiyaların və siyasətçilərin təbii hissidir. Təbii ki, bundan əlavə olaraq siyasətçinin əlində müəyyən bir rıçaqlar, siyasi imkanlar, səlahiyyətlər olmalıdır. Və deputatlıq da bu səlahiyyətlərdən bəzisini onlara təmin edir ki, onlar sözlərini tribunadan deyə bilsinlər və qaldırdıqları məsələlərin də həllinə çalışsınlar.

– Hədəfləriniz barədə müsahibələrinizdə açıqlamalar veribsiz. Daha çox hansı məsələnin üzərində dayanacaqsınız?

– Mənim üçün ən vacib məsələ hər doğulan uşağa uşaq pulunun bərpası məsələsidir. Hər doğulan uşağa müavinətin verilməsi və onların pulsuz yeməklə təmin olunmasıdır. Amma bu, bir deputatın səsi ilə həll olunan məsələ deyil. Bu məsələ ciddi araşdırılmalıdır. Artıq bu məsələ gündəmdədir. Və gündəmdə qalmasında, üç ildən artıq müzakirə olunmasında mənim müstəsna xidmətlərim var. Bu məsələni əsaslandırılmış şəkildə parlamentə və hökumətə təqdim etmək istəyirəm ki, ünvanlı sosial yardım ləğv oluna, bunların əvəzində bütün ailələr uşaq pulu ala bilər. Çünki hər bir uşağın böyüməsində dövlət də mənəvi ata kimi iştirak etməlidir. Yəni uşaq 50 faiz bioloji valideynə aid olsun, 50 faiz də qoy onların mənəvi atası dövlət olsun. Əgər hökumət bunu təmin edərsə, o zaman daha böyük ailələr yaranar. Azərbaycanda güclü ailələr formalaşar və onlar da dövlətin, hökumətin ətrafında sıx birləşə bilərlər.

“Bunu saxlamaq çox çətindir, amma…”

– Bu gün Razi Nurullayev mətbuata da, problemi olan şikayətçilərə də açıqdır. Sabah parlamentdəki Razi Nurullayev bu keyfiyyətini saxlayacaq, yoxsa bəzi deputatlar kimi özünü əlçatmaz edəcək?

– Sizi inadırım ki, bunu saxlamaq çox çətindir. Amma təbii ki, mən bu keyfiyyətləri saxlayacam. Təsəvvür edirsiz, seçici ən kiçik, xırda bir problemlə də bağlı deputata zəng edir. Mən seçkidən sonra indiyə qədər minlərlə zənglərə cavab verməli olmuşam. Özüm yüzlərlə zəng etmişəm. Kiçik problemdən tutmuş böyük problemədək hamısını dinləməyə çalışmışam. Nə dərəcədə həll edib edə bilmərik, bunu demək çətindir. İnanın ki, əgər deputatlar onlara gələn bütün zənglərə cavab versələr, onda onlar 24 saat yatmadan çalışmalıdırlar.

Mən isə qeyd etdiyim kimi, bunun hər hansı bir formada həllinə çalışacam. Yəni bu gün seçicilərimə nə qədər açığamsa, həmişə belə olacaq, əlaqə nömrəmi dəyişmiyəcəm, telefonumu bağlamıyacam, seçicilərimin yanında olmağa çalışacam, əlimdən gələn köməkliyi də bacardığım qədər göstərəcəm. Bildiyimiz kimi, dövlət də, hökumət də, deputat da gücünü xalqdan alır. Uca olan xalqdır və xalqın yanında dayanmaq da böyük şərəfdir.

– Siz hər zaman məmur özbaşınalığından, sakinlərin istər kiçik, istər böyük məmurlar tərəfindən incidilməsindən danışıbsız, problemləri ictimailəşdiribsiniz. Deputatlıq sizi o məmurlarla dostlaşdırıb, problemlərə qarşı laqeydləşdirməz ki? Seçicinin seçimi ilə mandat alıb üz çevirən deputatları çox gördük..

“Şikayət etməyə dəyməz, mən də şikayət etmirəm”

– Bilirsiz, həyatda heç bir məsələ daimi deyil, hər şey nisbidir. Heç kim ideal deyil, səhvlər ola bilər. Hər hansı bir məmuru tənqid edirəmsə və orada haqsız olmuşamsa, təbii ki, mən iddiamdan geri çəkilcəm. Amma yenə də haqsızlıq, özbaşınalıq gördüyümdə susmayacam, həmin məmurların cəzalandırılmasına çalışacam. Çünki Azərbaycan seçicilərinin münasibətləri, baxışları, davranışları tamamən dəyişib, deputatlardan onların gözləntilərini doğrultmağı istəyir. Və bu gözləntilər içərisində o problemlərin deyilməsi xalqın yanında dayanmaq deməkdir. Xalqın yanında dayanmaq isə xalqa qarşı əks mövqe tutanlar, onlara qarşı doğru-dürüst davranmayanlar haqqında həqiqəti deməkdir.

– Yeni seçilən deputatlardan biri belə bir açıqlama verdi ki, 5 il deputat olmaq 5 il azadlıqdan məhrumedilmə kimi bir şeydir. Siz necə düşünürsünüz?

“Bunlar bütün dünyada qəbul olunmuş atributlardır”

– Bu onun öz fikridir, yəqin ki, bunu deməkdə də müəyyən əsasları var. Amma hər bir fəaliyyətdə, vəzifədə müəyyən çərçivələr var. Mən bu gün partiya sədriyəm, təşkilat rəhbəriyəm və mən də azad deyiləm, çərçivələrim var. Kostyum, qalstuk geyinməliyəm, müsahibə verməliyəm, iclaslar keçirməliyəm. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq istənilən bir vəzifədə insan müəyyən bir azadlığından imtina etmiş olur. Və insanlar bunu şüurlu şəkildə seçmiş olur. Bunun üçün də şikayət etməyə dəyməz, mən də şikayət etmirəm.

Bunlar bütün dünyada qəbul olunmuş atributlardır, bu və ya digər fərqli şəkillərdə tətbiq olunur. İstər Amerika, Böyük Britaniya, Şərqi Avropa ölkələri, Azərbaycan, Səudiyyə Ərəbistanı, İran və Şimali Koreya olsun, hər bir ölkənin nə qədər çox demokratik və avtoritar olub olmamasından asılı olmayaraq, azadlıqlarının, hüquqlarının çərçivəsi var. Və hər bir vəzifəli şəxsin də addımlarının çərçivəsi var.

– Siyasi partiyadan olan deputatların partiyaları dövlət tərəfindən maliyyələşdiriləcək. Sizin partiya bu maliyyədən kənarda qaldı. Bu barədə nə düşünürsünüz?

– Təəssüf edirəm. Ümumiyyətlə, AXCP adına mən də, Əli Kərimli də iddia etdiyimiz üçün qeydiyyat yoxdur, hələ ki, bu məsələyə aydınlıq da gətirilməyib. O baxımdan mən parlamentdə bitərəf kimi təmsil olunuram. Çox istərdim ki, bu və ya digər şəkildə partiya mənsubiyyətim həll olunsun, partiyalılığım tanınsın və mən də parlamentdə partiya kimi təmsil olunum. versus.az

Analoq.Az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button