Mədəniyyət

Əməkdar artist Nuriyyə Hüseynova Naxçıvan tamaşaçıları qarşısında çıxış edib

Muğamlarımızın, xalq və bəstəkar mahnılarının mahir ifaçısı, Əməkdar artist Nuriyyə Hüseynova Naxçıvanda tamaşaçılar önündə çıxış edib.

Sənətçi təəssüratlarını Analoq.az-a bölüşüb: “Bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasında Bədən Tərbiyəsi və İdman Günü təntənəli şəkildə qeyd olundu. Gənclər və İdman naziri Azad Rəhimovun başçılığı ilə Bakıdan böyük bir nümayəndə heyəti də tədbirdə iştirak edirdi. Naxçıvan şəhərindəki Saat Meydanında izdihamlı və çox maraqlı bir tədbir keçirildi. Tədbirin bədii hissəsində mən də səhnəyə çıxdım və qızım Çilənay Hüseynovanın şair Hüseyn Bağırovun sözlərinə bəstələdiyi “Naxçıvan” mahnısını ifa etdim”.

Nuriyyə xanım Naxçıvan tamaşaçıları ilə növbəti görüşdən razı qalıb: “Naxçıvan mənim doğulub boya-başa çatdığım torpaqdır, orada yaşayan insanlarla hər görüş mənə xüsusi bir enerji verir. Naxçıvan tamaşaçıları əsl sənətə həmişə dəyər veriblər bu dəfə də onlardan özümə, ifama qarşı sevgi və diqqət gördüm. Muxtar Respublikada son illər aparılan işlər hər kəsi qürurlandırır”.

Turan Etibaroğlu
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button