Mədəniyyət

Mədəniyyət Nazirliyinin “Yaradıcılığı evdə öyrən” layihəsi uğurla davam edir

Hazırda ÜST tərəfindən COVİD-19 xəstəliyinin pandemiya elan edilməsi, xəstəliyin dünya üzrə geniş kütlə arasında yayılmasını nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi rejimə keçilməsi il bağlı qərar qəbul edilmişdir. Bu baxımdan digər sahələrdə olduğu kimi mədəniyyətin onlayn təbliği, insanların evdə asudə vaxtlarını səmərəli təşkili üçün Mədəniyyət Nazirliyinin yeni “Yaradıcılığı evdə öyrən – özünü kəşf et və bacarıqlarınla tanın” adlı layihəyə start verilmişdir.

Layihə insanlara təlim proqramlarından faydalanaraq yeni bacarıqları kəşf etməyə və özünə əminlik hisslərini gücləndirməyə imkan yaratmaq məqsədi daşıyır. Bununla bağlı Nazirliyinin rəsmi facebook səhifəsindən hər gün yaradıcılıq dərsləri paylaşılır. Bu video dərslər xalq sənətkarlığı, aşıq musiqi, rəsm, bədii qiraət, rəqs kimi mədəniyyətin müxtəlif istiqamələrinə həsr olunur və ev şəraitində milli mədəni irsimizin bu növlərinin insanlar tərəfindən mənimsənilməsini ehtiva edir.

Aprel ayının 6-dan etibarən Mədəniyyət kanalında da layihənin veriliş forması nümayiş etdiriləcək və ictimaiyyətin faydalanması imkanları genişləndiriləcəkdir.

Nazirliyin sosial şəbəkələrdə #yaradıcılığıevdəöyrən həştəqi ilə paylaşılan layihəsinə ictimaiyyətin tanınmış nümayəndələri tərəfindən qoşulmaqla bağlı müraciətlər edilir.

İlk olaraq 24 saylı Nizami 1-ci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş Könül Nurullayeva və onun seçki qərargahı prosesə aktiv formada qoşulmuşdur. Bu təşəbbüs Bakı şəhəri, Nizami rayonu üzrə qeydiyyatda olan vətəndaşlardan layihəyə qoşulanlar üçün xüsusi imkanlar yaratmışdır. Belə ki, qeyd edilən rayonda qeydiyyatda olan, layihə çərçivəsində elan edilmiş müsabiqəyə qoşulan və müvafiq qaydalara uyğun olaraq qalib seçiləcək vətəndaşlar qiymətli hədiyyələrlə yanaşı, pul mükafatına və sertifikatlara da layiq görüləcəklər.

Bakı şəhəri, Nizami rayonunda (seçki dairəsindən asılı olmayaraq bütün rayon ərazisinə şamil edilir) qeydiyyatda olan şəxslər (seçimlər zamanı şəxsiyyət vəsiqəsi və ya şəxsiyyətini təsdiq edən digər sənəd nəzərə alınacaq) layihədən aşağıdakı kimi yararlana bilərlər:

Nazirliyin rəsmi facebook səhifəsində #yaradıcılığıevdəöyrən həştəqi ilə paylaşılan videolardan öz maraq dairəsinə uyğun birini və ya bir neçəsini seçmək (layihə üzrə tikmə, toxuma, biçmə, xalçaçılıq, ağac və taxta üzərində oyma, şüşə üzərində işləmə, vitraj, dekorativ bəzək əşyaları hazırlama, aksesuar hazırlanması və s. kimi sənətkarlıq növləri, eləcə də bədii qiraət, rəqs, musiqi, rəsm çəkmək kimi işlər təqdim edilə bilər);
Həmin videolardan bəhrələnməklə yeni məhsul hazırlamaq (məsələn qiraət dərsinə baxmaqla şeir demək, sənətkarlıq dərsinə baxmaqla suvenir hazırlamaq, rəsm dərsinə baxmaqla rəsm çəkmək və s.);
Yaratdığı məhsulun hazırlanma prosesini və hazır variantını evdə mobil telefon vasitəsilə çəkmək (bu videodan məhsulun onun tərəfindən hazırlandığı aydın bilinməlidir);
Həmin videonu (maksimum 15 dəqiqə olmalı, əgər dəqiqəsi artıqdırsa mobil telefonun texniki imkanlarından istifadə edilməklə qısaldılması) facebookda öz səhifəsində #yaradıcılığıevdəöyrən həştəqi ilə paylaşmaq və bəhrələndiyi video dərsin linkini də əlavə etmək.
Qeyd: Layihə üzrə müsabiqədə qeyd edilən sahələr üzrə yalnız həvəskar şəxslər iştirak edə bilər.

Cari ilin may ayının 7-dək (videonun son yerləşdirilmə tarixi 1 may 2020-ci il, son qiymətləndirilmə tarixi 7 may 2020-ci il olmaqla) davam edəcək müsabiqədə iştirak edən şəxslərin hazırladığı və facebookda ən çox bəyənilən (like) ilk üç video qalib olacaq. Nəticədə 1-ci yerin qalibinə 1000 manat, 2-ci və 3-cü yer sahiblərinə də pul mükafatı ilə yanaşı hədiyyələr və sertifikatlar da təqdim ediləcəkdir.

Suallarla üzləşən vətəndaşlar “Deputat Qərargahında” yaradılmış İşçi Qrupu ilə əlaqə saxlaya bilərlər. (İş:012 422 22 41, mob: 055 276 23 75)

Turan Etibaroğlu
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button