BannerSiyasət

Rəsmi Bakıdan Ukrayna ilə bağlı məntiqli addım

Ukraynadakı hərbi əməliyyatlar, şəhərlərlə qəsəbələrin, kəndlərlə kiçik və böyük yaşayış məntəqələrinin bombalanması, yüz minlərlə insanın taleyinə gecələri səhərədək qorxaraq partlayış gözləmək yazıldığı günlər davam edir. Analoq.az Qafqazinfo-ya istinadən xəbər verir ki, həmin ölkədəki situasiya ilə bağlı beynəlxalq siyasət müstəvisində düşərgələnmə, mövqelərdən asılı olaraq tərəf seçilməsi, birmənalı bəyanatlar və fəaliyyət vasitəsilə geosiyasi imperativlərin yenidən müəyyənləşdirilməsi məqamları var.

Bütün siyasi perturbasiyalar dönəmində olduğu kimi, siyasi və ya başqa formatdakı qarşıdurmanın bilavasitə iştirakçılarından savayı ətrafdakılar bir sualı ritorika səviyyəsinə yüksəldir: “İndiki şəraitdə biz nə etməliyik?”

Azərbaycana gəldikdə isə, rəsmi Bakının proseslərlə bağlı tutduğu mövqe “Niyə belədir?” sualının intensivliyi artır.

Ukrayna ilə ölkəmiz arasında sıx əlaqələr, sarsılmaz münasibətlər var və bu, ikitərəfli təmasların istisnasız olaraq bütün sahələrinə təsir edib. Münasibətlərin inkişafı tərəfdaşlıq, dövlətlərarası əlaqələr və biznes-assosiasiyalar vasitəsilə şərtlənir. Sadəcə, bir fakt: ötən ilin ilk 11 ayı ərzində ölkələrimiz arasında ticari dövriyyə 866 milyon dollar təşkil etmişdi.

Kənd təsərrüfatından tutmuş, informasiya texnologiyalarına qədər əməkdaşlığın geniş miqyası mövcuddur. Xüsusilə də neft-kimya və neft-qaz komplekslərinin inkişafı sektorunda tərəfdaşlığın ciddi perspektivləri mövcuddur.

Azərbaycanla Ukrayna arasında energetika sahəsində əməkdaşlığın da böyük gələcəyi var. Bu sahədə Ukrayna ərazisindəki karbohidrogen yataqlarının işlənməsi, energetika obyektlərinin özəlləşdirilməsi, yeni infrastruktur layihələrinin reallaşdırılması əhəmiyyətli yer tutur.

Bundan başqa, “Cənub Qaz Dəhlizi” layihəsinin ikinci və üçüncü mərhələsi çərçivəsində Avropa İttifaqı ölkələrinə satılan Azərbaycan qazının bir qismini Ukrayna almağa hazırlaşır.

Humanitar sahədə də ikitərəfli əməkdaşlıq önəmli məqamlardan biridir. Məsələn, Ukraynanın ali təhsil müəssisələri azərbaycanlı abituriyentlər arasında yetərincə populyardır. Məhz bu səbəbdən ötən il Ukraynanın universitetlərinə daxil olan azərbaycanlı gənclərin sayı 1247 nəfərə çatıb.

Bəhs etdiyimiz məsələlər qarşılıqlı əlaqələr və ikitərəfli əməkdaşlıq, siyasi, iqtisadi və s. sahələrdə tərəfdaşlığı əks etdirən detallar idi.

Azərbaycanla Ukrayna arasındakı münasibətlərin çağdaş konfiqurasiyasının formalaşması hər iki tərəfin qərarları, addımları, davranışı və əməlləri nəticəsində baş verir. İndiki situasiyada Azərbaycanın Ukraynadakı situasiya ilə bağlı mövqeyi yetərincə məntiqi və soyuqqanlı olmaqla, praqmatizm, hadisələrə adekvat yanaşmaya əsaslanan siyasətdir. Rəsmi Kiyevdən fərqli olaraq, Bakı qayğılandığını və narahatlıq keçirdiyi ifadə edən bəyanatlar verməklə kifayətlənmir.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq SOCAR-ın Ukraynada fəaliyyət göstərən “SOCAR Energy Ukraine” şirkəti, humanizm prinsiplərini rəhbər tutaraq, təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq ilə dəstək verməkdədir. Azərbaycanın “Silk Way” aviaşirkətinin təyyarələri artıq iki uçuş gerçəkləşdirərək, Ukraynaya humanitar yardım, dərman preparatları və s. çatdırıblar.

Ölkəmizin xarici siyasəti, xüsusilə də postsovet məkanındakı tərəfdaşlarımızla olan münasibətlər tam inikas prinsipi üzərində qurulmur: Bakı həmişə tərəfdaşlarının yanındadır və problem varsa, dərhal, təxirəsalınmaz şəkildə dəstəyini və yardımlarını təklif edir.

Səbəb bəsitdir: xarici siyasətimiz emosiyalara, yaşananların xatırlanmasına və xatırladılmasına köklənmiş imperativlərə əsaslanmır.

Əsaslansaydı, 2020-ci ilin sentyabrın 27-də artıq sabiq Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi ilə bağlı Ukrayna XİN-nin bəyanatını yenidən gündəmə gətirərdik.

Xatırladaq ki, həmin bəyanatda deyilirdi: “Ukrayna XİN-i Ermənistanla Azərbaycan arasında münaqişənin kəskinləşməsindən dərin narahatdır. Biz gərginliyə səbəb olan halları araşdırır, tərəfləri dialoqa qayıtmağa və münaqişəni sülh yolu ilə həll etməyə çağırırıq” narahatlığı ifadə olunur”.

Nazirlik tərəfləri münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün dialoqa qayıtmağa çağırmaqla yanaşı, həlak olanların yaxınlarına başsağlığı verib.

“Ukrayna XİN Ermənistanla Azərbaycan arasında münaqişənin gərginləşməsindən dərin narahatdır. Biz gərginliyə səbəb olan halları araşdırır, tərəfləri dialoqa qayıtmağa və münaqişəni sülh yolu ilə həll etməyə çağırırıq. Fikirlərimiz qurbanların yaxınları ilədir” – bəyanatda deyilirdi.

Bir anlıq düşünün: erməni işğalçıları mövqelərimizə hücum edir, dinc insanlarımızı artilleriya atəşinə tutur, 30 illik işğalı əsla bitirməyəcəyini və torpaqlarımızı azad etməyəcəyini bildirir – rəsmi Kiyev isə “tərəfləri dialoqa çağırır”, fikirlərinin “qurbanların yaxınları ilə” olduğunu vurğulayır.

İşğalçı ilə ərazisinin bir qisminin işğala məruz qaldığı ölkəni bərabər tutmaq, sadəcə “narahatlıq izharı” ilə işi bitmiş bilmək tərəfdaş ölkənin olaya münasibətində ən azı yolverilməzdir.

Bakının Ukraynadakı proseslərə rəsmi reaksiyasına baxaq. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin bəyanatından iqtibas: “Ukrayna ətrafında baş verən hadisələr narahatlıq doğuran proseslərdir: “Azərbaycanın mövqeyi ondan ibarətdir ki, beynəlxalq hüququn norma və prinsipləri rəhbər tutularaq, bu məsələnin siyasi, diplomatik yollarla və dialoq əsasında həll edilməsi çox vacibdir. Bu xüsusda da atəşkəsə nail olunması vacib, təməl addımlardan biridir. Azərbaycan beynəlxalq münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini həmişə rəhbər tutur. Bu sırada da dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələsini xüsusi qeyd etmək istərdim”.

Göründüyü kimi, rəsmi Bakının bəyanatı daha konkret, olayların aşkar dəyərləndirildiyi və mövqenin izhar olunduğu açıqlamadır. Onu da unutmamışıq ki, Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri 44 günlük Vətən Müharibəsi dönəmində Gəncə, Bərdə və Tərtərə səfərlər edəndə Ukraynanın ölkəmizdəki səfiri onların arasında yoxdur.

Müharibə başa çatandan sonra işğaldan azad edilmiş ərazilərə ölkədəki diplomatların səfərləri gerçəkləşəndə Ukraynanın Bakıdakı səfiri Vladislav Kanevskiy gözə dəymədi.

Biz onu da xatırlamaq istəmirik ki, 2003-cü ildə Ukraynada ilk “avromaydan” olanda, Kiyevdəki “narıncı inqilab” basilləri Qərbdəki sifarişçilər və ssenari müəlliflərinin təlimatı ilə postsovet məkanı ölkələrinə “ixrac” ediləndə məhz Kiyevdəki sözdə “qeyri-hökumət təşkilatları”, fondlar və cəmiyyətlər Azərbaycandakı anarxosindikalist, radikal müxalifətə stavka edərək Bakıda hakimiyyət çevrilişi ssenariləri hazırlamışdılar.

Bu azmış kimi Avropa Şurasının Parlament Assambleyasındakı (AŞPA) Ukrayna nümayəndə heyətinin üzvlərinin tam əksəriyyəti Azərbaycanla bağlı məsələlərin müzakirəsi zamanı Bakıya antoqonist mövqe tutur, bəzi hallarda isə Ermənistanın və ermənipərəst deputatların hazırladıqları, Bakıya qarşı absurd və marazmatik böhtanlarla zəngin qərar layihələrinin lehinə səs verirdilər.

Ukrayna nümayəndə heyətinin AŞPA-da Azərbaycana verdiyi “dəstək”lə bağlı materiallar, məlumatlar, açıqlamalar çoxdur – maraqlananlar Google-da axtarış verə bilərlər. Əminik ki, nəticələr bir Azərbaycan vətəndaşı olaraq sizi qane etməyəcək.

Bəs bunun müqabilində biz nə etmişik?

Ukrayna ilə münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəldən strateji tərəfdaşlıq sazişi imzalamışıq, bütün beynəlxalq strukturlarda və qurumlarda Kiyevi dəstəkləyirik, Ukraynanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmaz olduğunu bəyan edir, bunu aksiomatik prinsip sayırıq.

Azərbaycan bütün tərəfdaşları ilə münasibətlərdə, o cümlədən Ukrayna ilə əlaqələrdə qayğısını, diqqətini və müstəqil mövqeyini əməldə göstərir – sözdə yox.

Belə olan təqdirdə Ukrayna ilə bağlı situasiyada Azərbaycanın tutduğu mövqeni “tənqid” edənlər ya subyektivizmin təkinə varanlar, ya da demaqogiyanı siyasi mövcudluq və vətəndaş mövqeyinin izharı sanıb ətrafdakıları yanıltmağa çalışanlardır

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button