Cəmiyyət

Ruh qohumum Əkbər Qoşalının 50 yaşına

Əkbər Qoşalı ilə 25 ildən artıqdır, dostluq edirik. Ötən əsrin 90-cı illərinin ortalarından üzü bəri keçmişimin hansı məqamını xatırlasam, orda Əkbər var. Həm də bu məqamlar keçmişimi gözəlləşdirən, xatırladıqca çöhrəmi açan, bəzən ötən günlərimi özlədən məqamlardı. İnsanı yoldaşqlıqda tanıyarlar. Əkbər bəylə yoldaşlığımız çox olub. El dili ilə desəm, dəfələrlə eyni qabdan çörək yemişik. O, Salyanda mənim ata ocağımda, Qaraçuxurda qaldığım evdə, mənsə, dəfələrlə onun əvvəllər Əhmədli qəsəbəsində yaşamış olduğu evində, sonralar Atyalı qəsəbəsində minbir əzabla tikdirdiyi evində olmuşam. Dəfələrlə bölgələrə – Salyana, Biləsuvara, Cəlilabada, Lənkərana və digər yerlərə səfərlər etmişik. 2009-cu ilin avqust ayında Ukraynanın Krım yarımadasında 7 gün səfərdə olmuşuq. Türk dünyasından gələn yüzlərlə qələm adamının qatıldığı konfransda iştirak etmişik, ayrı-ayrı-yazarlarla görüşüb dərdləşmişik, birlikdə Turan dünyasının böyük oğlu İsmayıl bəy Qaspıralının məzarını ziyarət etmişik, bu səfər çərçivəsində zamanımız olduqca Qara dənizin göz yaşı kimi duru sularında üzmüşük. Dünya Gənc Türk Yazarlar Birliyinin Krımda keçirilən konfransında bu qurumun Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri seçilməyim də bu səfərimi unudulmaz edən məqamlardan biri olmuşdu.

Əkbər Qoşalı mənim ruh qohumumdur. Bizi eyni amal, eyni ideya və hədəflər birləşdirib. Dünya Gənc Türk Yazarlar Birliyinin yarandığı ilk gündən bir yerdə olmuşuq. Amma tarixi ədalət naminə qeyd etməliyəm ki, biz iki nəfər omamışıq. O illərə boylananda Aygün Həsənoğlunu, Rəsmiyyə Sabiri, İlqar İlkini, bir dönəmdə Təranə Turanı, Nərgiz Cabbarlını, Oqtay Hacımusalını, Güllü Yoloğlunu və onların bu yöndə çabalarını, gərginliklərini və yaşadıqları həyacanı xatırlayıram. Bizi bir amal birləşdirirdi – Türk dünyasının birliyi, bütünlüyü və türk soyları arasında ədəbi – mədəni əlaqələrin gücləndirilməsi. Və bir də böyük arzumuz vardı; türk toplumları dünyanın harasında yaşamasından asılı olmayaraq, bir-birini asanlıqla başa düşə biləcək səviyyədə ortaq türkcə formalaşsın, iki türkün anlaşması üçün hansısa yad dilə gərək qalmasın. Tanrının izni ilə bu istəklərimiz və çabalarımız uzun illərdən sonra türk respublikalarının dövlət siyasətinin ana xətti olmaq üzrədir. O illərdə yuxarıda adını çəkdiyim qələmdaşlarımdan ən çox görüşdüyüm Əkbər bəy idi. Bəzən 5 gün ard-arda axşamlar görüşər, dərdləşər, düşüncə və qayğılarımızı bölüşərdik. Bəlkə bu gün kimlərəsə inandırıcı görünməyə bilər, amma əsla özəl qayğılar və sorunlar bizim söhbətimizin mövzusu olmazdı. Mövzu hər zaman bir idi – türk dünyasının bu günü və sabahı. Necə edək ki, türk dünyası üçün daha faydalı olaq? Necə edək ki, türk toplumlarının ədəbiyyatını Azərbaycanda, eləcə də qarşılıqlı olaraq, Azərbaycan ədəbiyyatını digər türk toplumlarında tanıdaq? Ortaq türkcənin yaranması üçün bizim qatqı və faydamız nə ola bilər və bundan ötrü nə etməliyik? – kimi sorulara cavab axtarardıq. Tanrıya şükürlər ki, illər ərzində bu yöndə xeyli işlər görə bilmiş, bizdən sonra gələnlər üçün cığır açmağı bacarmışdıq. O cığırı yola çevirmək vəzifəsi bizdən sonra gələnlərin çiynindədir artıq.

Tanıyanlar bilir ki, nadir hallarda ithaf şeiri yazmışam. 90-cı illərin sonlarında Əkbər Qoşalıya və Aygün Həsənoğluya ithafən hansı coşqu və sevgi ilə yazmışamsa, bu gün də o anları xatırlayanda qanım sevgi ilə coşur. Əkbər bəy ədəbi mühitdə hər bir dərdimi, qayğımı sona qədər bölüşə biləcəyim yeganə şəxs olub. Mənə elə gəlirdi ki, o, məni hər kəsdən daha yaxşı duyur. Elə bu nədənlə o illərdə ona belə yazmışdım:

Bir sözə, bir xalqa, bir haqqa güvən,

Haqq yoldan peşiman olan yox hələ.

Səni mənim qədər ürəkdən sevən,

Məni sənin qədər duyan yox hələ.

Dəyərli oxucum irad tuta bilər ki, yaradıcı adamdan yazırsan, ancaq yaradıcılığından sitat gətirmirsən. Məndən ötrü Əkbər bəyin davranışı, həyata və insanlara baxışı, hadisələrə yanaşması, ətrafında yaşananlara, baş verənlərə yazılı və şifahi münasibəti, hətta düşüncələrini ifadə edərkən mimikası və əl hərəkətləri… hamızı yaradıcılıq örnəyidir. Bir dəfə türk ölkələrinin birindən səfərdən qayıtmışdı. Oradakı durumu soruşdum. Əkbər indiyə qədər unutmadığım maraqlı cavab verdi. Dedi ki, sanki o ölkədə külək bir ayrı cür əsir, Günəş bir ayrı cür doğur, ağaclar fərqli boy atır, sular bir ayrı cür axır. Bax, eyni şeyi Əkbər Qoşalı (yeri gəlmişkən, mən qədim dostuma çox zaman Əkbər yox, Qoşalı deyə müraciət edirəm. Bilmirəm, nədənsə bu söz mənə daha doğma gəlir) haqqında deyə bilərəm. Hamı kimi baxsa da, görsə də hamı kimi düşünmür və münasibət bildirmir. Hər şeyə fərqli yöndən baxmağı və fərqli sonuclara varmağı bacarır. Ancaq o, bunu fərqli görünmək üçün etmir. İstəsə də bunu bacarmaz. Anadolular demişkən, Əkbər bəyin yapısı belədir. Tanrı ona fərqli özəlliklər verib.

Bu günlərdə gənc yazarımız İntiqam Yaşar zəng eləmişdi. Əkbər bəyin 50 illiyi ilə bağlı kitab çapa hazırlandığını dedi. Bu söz məni bir az diksindirdi. Əkbəri “ikidən sonra beş alması” (25 yaşı) münasibəti ilə təbrik etdiyim, elə bilirəm dünən olub. İllər gerçəkdən də su kimi axıb gedir(miş). Onunla tanış olduğumuz zamanlarda 20 yaşı yenicə adlamış gənclər idik. Bu gün artıq dostum ağsaqqal deyə biləcəyimiz yaşa qədəm qoyur. Əziz dostumu qarşıdan gələn 50 illik yubileyi münasibəti ilə təbrik edirəm. Ona can sağlığı, yaradıcılıq uğurları, yeni-yeni yubiley yaşlarını qeyd etməyi və rəhmətlik Oqtay Rza demişkən, 100 yaşı adlayıb keçməsini diləyirəm. Və bir də arzu edirəm ki, uğruna bir ömür fəda etdiyi Türk dünyasının gerçək birliyini, Turanı görsün, dünyanın harasında yaşamasından asılı olmayaraq, türk soyundan gələn hər hansı bir şəxslə yad dildə anlaşmaq zorunda qalmasın. Həm də bunlar tezliklə, sıradakı yubiley yaşına qədər çin olsun!

Tanrı dağlarında, Turan günündə görüşənədək, Qoşalı!

Namiq Hacıheydərli

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri
*************************

Diqqət!!!

Xəbər saytı və bütün sosial şəbəkə hesabları ilə birlikdə satılır.

Facebookda, 29563, 7437 izləyicisi olan iki səhifəsi , 29.633 izləyicisi olan qrupu , 10.5 k YouTube hesabı, 57 k Instagram hesabı + 3.5k və 492 abunəçisi olan iki telegram kanalı .

070 213 85 13 .Fikri ciddi olanlar əlaqə saxlasın.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button