Gündəm

“Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər”-Prezident İLHAM ƏLİYEV

“Bəzi yaramaz icra başçıları həm özlərini, həm də bizim iqtidarımızı biabır ediblər. Onların alçaq hərəkətləri ümumi qınaq obyektinə çevrilib”.

Bu sözləri Prezident İlham Əliyev ötən ay Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən demişdi. Dövlət başçısı həmçinin məmurlara növbəti dəfə xəbərdarlıq etmişdi.

“Hamı bilsin ki, məsələ bununla bitməyəcək. Birinci hadisə oldu eşitmədilər, ikinci hadisə oldu eşitmədilər. Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər. Bu proses davam etdiriləcək və hamı üçün də dərs olmalıdır. Ona görə bu biabırçı hallarla bağlı daha ciddi addımlar atılacaq”, – deyə Prezident vurğulamışdı.

Ölkə başçısının xəbərdarlığının üzərindən bir müddət keçməmiş daha bir rayonda Dövlət Təhlükəsizlik Xidməti xüsusi əməliyyat keçirdi. Söhbət İsmayıllı rayonunda keçirilən əməliyyatdan gedir. Nəticədə İsmayıllının icra nümayəndəsi Məhərrəm Əhmədov həbs edildi.Yenisabah.az hələ ötən il Ağstafa Rayon İcra Hakimiyyətində keçirilən əməliyyatdan sonra yazmışdı ki, bu proses davam edəcək. Bir ay ötəndən sonra oxşar DTX-nın əməkdaşları Neftçalada göründü və icra başçsı da daxil rayonun 6 vəzifəli şəxsi həbs edildi.

Koronavirus pandemiyası prosesin bir qədər ləngiməsinə səbəb oldu. Görünür, bəzi məmurlar artıq təhlükənin sovuşduğunu düşünüb yenə də köhnə qaydada işləməyə üstünlük veriblər. Nəticədə DTX növbəti dəfə hərəkətə keçib.

Bəzi iddialara görə, koronavirus təhlükəsi sovuşduqdan sonra məmur həbslərinin növbəti dalğası gələcək. İsmayıllıdakı xüsusi əməliyyat bunun siqnalı hesab edilə bilər.

Bu həbslər bağlı müxtəlif mülahizələr səsləndirilsə də, müşahidələr göstərir ki, baş verənlər siyasi sistemin yeni konfiqurasiyasının formalaşadırılması istiqamətində atılan addımların tərkib hissəsidir. Yeni konfiqurasiyada hakimiyyətin nüfuzuna ciddi zərbə vuran məmurların iqtidar komandasında yer alması arzuolunmazdır. Çünki yeni dönəm həm də siyasi rəqabət mühitinin stimullaşdırılmasını şərtləndirə bilər. Dünyada və regionda gedən proseslər də yeni şərtlər diktə edir. Ki, iqtidar tələsmədən yeni dönəmə hazırlıq görür. Müxalifət təmsilçilərinin Milli Məclisdə vitse-spiker, komitə sədri səviyyəsində təmsil olunması, Prezident Administrasiyasından siyasi partiyalara dialoq təklifi, illərdir qeydiyyata alınmayan təşkilatların bu probleminin həllinə başlaması da bu qənaəti gücləndirir.

Hakimiyyət belə bir vəziyyətdə tənqidlərə rəvac verən, atılan addımlara kölgə salan addımları uzaq tutmağa çalışmalıdır. Bunun üçün isə ilk növbədə sağlam komanda formalaşdırılmalıdır. Bu prosesə artıq start verildiyi göz önündədir. Bir il ərzində iqtidar komandası ciddi dəyişikliklərə uğrayıb. Cəmiyyətin daha çox narazı olduğu məmurlar vəzifədən alınıb. Lakin görünən odur ki, prosesin davamına ehtiyac var. İqtidar da bunun fərqində olmamış deyil. Bir sözlə, hələ bir çox məmurun DTX-nın qara maskalı əməkdaşları ilə fotosunu sevinc hissi ilə sosial şəbəkələrdə paylaşılmasının şahidi ola bilərik.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button