Mədəniyyət

QHT Agentliyinin dəstəyi ilə keçirilən “Xocalı Soyqırımı-30” Beynəlxalq Konfransından Gürcüstan parlamentinə müraciət

Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş konfrans keçirilib.

Vətəninfo.az xəbər verir ki, “Xocalı soyqırımı-30” adlı beynəlxalq konfrans Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Üçüncü Sektor” İctimai Birliyi tərəfindən təşkil olunub.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Gürcüstan ictimaiyyətinin nümayəndələri, gürcü və Gürcüstanda yaşayan azərbaycanlı gənclər iştirak ediblər.

Muzeyin elmi işçisi Leyla Əliyeva tədbiri açdıqdan sonra Xocalı faciəsi qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin rəhbəri Toğrul Allahverdili Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocalı soyqırımının 30 illiyinin keçirilməsi ilə əlaqədar Sərəncamı barədə ətraflı məlumat verib.

Sonra “Xocalı soyqırımı-30” layihəsinin rəhbəri, “Vətəninfo” İnformasiya Agentliyinin baş direktoru Nahid Canbaxışlı çıxış edərək Xocalı soyqırımı, eləcə də erməni cəlladların zaman-zaman azərbaycanlılara qarşı törətdiyi digər cinayətlər barədə ətraflı məlumat verib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası barədə ətraflı məlumat verib.

Sonra tədqiqatçı alim Aygül İsayeva, Marneuli Bələdiyyə Məclisinin deputatı Nərgiz Əliyeva, “Mtavari Arki” telekanalının əməkdaşı Ceyhun Məhəmmədəli, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin direktoru Orxan Pirverdi, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “24news.ge” portalının rəhbəri Azər Məmmədov, “aktual.ge” portalının redaktoru İlkin Hüseynov, “Alyans” Gənclər Mərkəzinin direktoru Leyla Həmzəyeva və başqaları çıxış edənlər Azərbaycan və gürcü xalqları arasındakı dostluq münasibətlərindən ermənilərin Azərbaycanda və Gürcüstanda törətdikləri qanlı cinayətlər barədə danışıb, Xocalı soyqırımına beynəlxalq hüquq müstəvisində qiymət verilməsinin, dünya birliyi ölkələri, eləcə də Gürcüstan parlamentinin Xocalı soyqırımını tanıması barədə qərar qəbul etməsinin vacibliyini vurğulayıblar.

Tədbirin sonunda Xocalı soyqırımının tanınması ilə əlaqədar Gürcüstan parlamentinə müraciət qəbul olunub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button