Mədəniyyət

Daşkənddə “Bahar çələngi” Azərbaycan-Özbəkistan incəsənət sərgisinin açılışı olub – FOTOLAR

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Bahar çələngi” sərgisinin açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin əməkdaşları, yerli azərbaycanlılar və özbəklər, Daşkənddəki ali məktəblərin tələbə və müəllimləri, jurnalistlər iştirak ediblər.

Sərgidə Azərbaycan və Özbəkistanın mədəniyyət və incəsənətinə dair milli geyimlər, kəlağayılar, özbək ipəyinin şah əsəri sayılan adraslar, xalça və suzannalar, milli geyimlərdə kuklalar, rəsmlər yer alır.

Açılış mərasimində çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov hər bir xalqın özünəməxsus incəsənətinin, milli geyim mədəniyyətinin olduğunu qeyd edərək, təşkil olunan sərginin qədim və zəngin mədəniyyətimizi, incəsənətimizi özündə əks etdirdiyini söyləyib. Diplomat sərginin xalqlarımızın çoxəsrlik maddi-mənəvi dəyərlərini və istedadını bir daha nümayiş etdirdiyini bildirib. O, Azərbaycan Mədəniyyət Mərkəzinin milli geyimlərin təbliği və nümayişinə xüsusi önəm verdiyini və daimi olaraq Özbəkistanın paytaxtı Daşkəndlə, yanaşı ölkənin regionlarındakı böyük şəhərlərində moda sərgilərinin, dəfilələrin təşkil olunduğunu vurğulayıb.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov mədəniyyətimizin çoxəsrlik və mürəkkəb bir inkişaf yolu qət etdiyini, nəsillərdən-nəsillərə ötürülən milli dəyərlərimizin, adət və ənənələrimizin, mədəni irsimizin tanıdılması və təbliğinin oldquqca əhəmiyyətli olduğunu vurğulayıb. Natiq “Bahar çələngi” adlı sərgidə həm Azərbaycan, həm də Özbəkistan mədəniyyət və incəsənətinə aid gözəl sənət əsərlərinin nümayiş etdirildiyini söyləyərək, sərgidə Özbəkistana aid geyimlərin tanınmış modelyer Nərgiz Qafurova tərəfindən hazırlandığını qeyd edib.

Daha sonra sərgi iştirakçılarına bahara aid milli rəqslərimiz təqdim edilmiş, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Kaykep Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblı çıxış edib.

Tədbir iştirakçıları hər iki ölkənin milli şirniyyatlarına qonaq ediliblər.
Qeyd edək ki, “Bahar çələngi” adlı sərgi 8 mart Beynəlxalq Qadınlar günü və Bahar bayramına həsr olunub və cari il 20 mart tarixinə qədər Azərbaycan Mədəniyyət Mərkəzində nümayiş etdiriləcəkdir.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə müntəzəm olaraq Daşkənddəki ali məktəblərin tələbələri üçün təşkil edilən ekskursiyalar çərçivəsində sərginin Özbəkistanlı gənclərə nümayiş etdirilməsi nəzərdə tutulur.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button