Mədəniyyət

Özbəkistan Dövlət Televiziyası Azərbaycan şairi, böyük dövlət xadimi Şah İsmayıl Xətaiyə aid veriliş yayımladı

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan Milli Elmlər Akademiyasının Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutu ilə birgə təşkilatçılığı ilə Azərbaycanın böyük dövlət xadimi, klassik Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şair Şah İsmayıl Xətainin anadan olmasının 535 illiyi münasibəti ilə Dövlət Televiziyasında “Mənbələr danışanda” adlı veriliş nümayiş etdirilib.

Jurnalist Dildora Hasanovanın aparıcılığı ilə ssenarisi Şuxrat Salamova məxsus olan televiziya verilişində ilk dəfə olaraq Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmış, lirik və epik janrlarda gözəl əsərlər yaratmış, dövlətçilik tariximizdə müstəsna xidmətləri olan, hökmdar və şair Şah İsmayıl Xətainin yaradıcılığı, onun əsərləri, habelə Özbəkistanın Əbu Reyhan Beruni adına Şərqşünaslıq İnstitutunda 1535-ci ilə aid tapılmış, nadir əlyazma əsəri olan “Şah İsmayıl Xətai divanının Daşkənd nüsxəsi” barədə məlumatlar, fikirlər, jurnalist araşdırması, habelə müsahibələr yer alıb.

Ekran əsərində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə azərbaycanlı alim Kərimulla Məmmədzadənin Özbəkistan Milli Elmlər Akademiyasının Əbu Reyhan Beruni adına Şərqşünaslıq İnstitutunda apardığı elmi araşdırmalar nəticəsində tapılmış nadir və unikal Xətai əlyazması haqqında məlumatlar öz əksini tapır.

Əbu Reyhan Beruni adına Şərqşünaslıq İnstitutunun bölüm müdiri, alim Salimaxan Eşanova, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, tarixçi alim, Bakı Dövlət Universitetinin kafedra müdiri, əməkdar müəllim Kərəm Məmmədov Şah İsmayıl Xətainin dövlətçilik, ana dilinin dövlət dili səviyyəsinə qaldırması, həm də ədəbi yaradıcılığı barədə danışaraq, Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihə əsasında Özbəkistan arxivlərində, fondlarında saxlanılan Azərbaycana dair nadir və unikal əsərlər, əlyazmaların aşkar edilməsi, onların tədqiqatının həyata keçirilməsi barədə fikirlərini bölüşüblər.

Verilişdə Şah İsmayıl Xətainin oğlu Şah Təhmasibin sifarişi ilə hazırlanan 1535-ci ilə aid Xətai divanının Daşkənddə saxlanılan nəfis şəkildə hazırlanmış orijinal nüsxəsi nümayiş etdirilir, təhlil edilir, bir şair, dövlət xadimi olaraq Şah İsmayıl Xətai ilə Əlişir Nəvai yaradıcılıqları arasında əlaqə, Özbək xalqının hökmdarları Zahirəddin Məhəmməd Baburla dostluq əlaqələri, ümumilikdə isə Azərbaycan və Özbək xalqları arasında tarixi dostluğa nəzər salınır.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Şah İsmayıl Xətayinin divanının Daşkənd nüsxəsi” adlı əlyazmanın faksmil nəşrinin yaxın zamanlarda çapı və təqdimatı nəzərdə tutulub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button