Mədəniyyət

Özbək dilinə tərcümə edilmiş “Kitabi-Dədə Qorqud” dastanının təqdimatı olub

Bakıda Beynəlxalq Muğam Mərkəzində özbək dilinə tərcümə edilmiş “Kitabi-Dədə Qorqud” dastanının təqdimat mərasimi keçirilib.

Tədbirdə bir sıra dövlət nümayəndələri, millət vəkilləri, elm və mədəniyyət xadimləri, iştirak ediblər.

Qeyd edək ki, nəşr Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycan Mədəniyyət Nazirliyinin birgə layihəsi ilə hazırlanıb. Kitabi-Dədə Qorqud dastanının on iki boyunu Özbək dilinə tanınmış özbək tərcüməçi Babaxan Şərif çevirmişdir.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev “Kitabi-Dədə Qorqud” dastanında türk xalqlarının tarixi coğrafiyasının əhəmiyyətindən danışaraq deyib: “Mədəniyyət sözlə başlayır, söz cümlə, cümlə isə kitab olur. Böyük xalqlar bu kitabı dastana çevirir və “Kitabi-Dədə Qorqud” dastanı böyük türk toplumunu özündə ehtiva edir”.

E. Əliyev Ulu öndər Heydər Əliyevin xidmətləri nəticəsində “Kitabi-Dədə Qorqud”un təbliği istiqamətində xeyli işlərin görüldüyünü, ilk dəfə olaraq Dədə Qorqud filminin çəkildiyini qeyd edib.

Mərasimdə çıxış edənlər dastanın özbək dilində nəşrinin Azərbaycan və Özbəkistan xalqlarının dostluğuna faydalı töhfə verəcəyini vurğulayıblar.

Professor İsa Həbibbəyli türk dünyasının böyük ədəbi nümunəsi olan “Kitabi-Dədə Qorqud”un özbək dilinə tərcümə olunmasını mədəni hadisə adlandıraraq deyib: “Dastana dünyada böyük maraq yaranıb. Dünya dastanlarını və “Kitabi-Dədə Qorqud” dastanını tərəzinin gözünə qoysaq, ikincisi ağır gələr”.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan şifahi xalq ədəbiyyatının şedevri olan “Kitabi-Dədə Qorqud”un mədəniyyətimiz, adət-ənənələrimiz, dilimiz, dinimiz, habelə keçmişimiz, Azərbaycan toponimləri haqqında müfəssəl məlumat verən mənbə və milli kimlik kitabı kimi səciyyələndirib. S.Abbasov ulu öndər Heydər Əliyev tərəfindən “Kitabi-Dədə Qorqud”un tədqiqi və tanıdılması istiqamətində aparılan işlər və ilk dəfə olaraq beynəlxalq səviyyədə dastanın 1300 illik yubileyinin keçirilməsi barədə sərəncamı xüsusi vurğulayıb. Diplomat nəşrin özbək dilinə tərcüməsinin onun qardaş ölkədə daha çox yayılması və tədqiqinə imkan yaradacağını söyləyib.

Özbəkistanın Azərbaycandakı Səfiri Baxrom Əşrəfxanov iki ölkə arasında inkişaf edən əlaqələr, Azərbaycan mədəniyyətinə Özbəkistanda daim böyük maraq olduğunu vurğulayıb. Səfir Azərbaycan və Türk xalqlarının böyük dəyərlərə malik olduğunu söyləyərək, nəşrin Özbək oxucuları, ədəbiyyatsevərlər üçün əhəmiyyətini xüsusi qeyd edib.

Digər çıxışçılar akademik Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin müşaviri, alim Sayman Aruz, ədəbiyyatşünas alim Kərimulla Məmmədzadə, özbək tərcüməçi Babaxan Şərif, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Macid Azərbaycan və Türk xalqlarının sahib olduqları ortaq mədəni dəyərlər, Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələr, həyata keçirilən birgə layihələr barədə danışaraq, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin son illərdə çoxsaylı Azərbaycan klassiklərinin əsərlərini Özbək dilinə tərcüməsi layihələrini yüksək qiymətləndiriblər.

Sonda tədbir bədii proqramla davam edib, Azərbaycan muğam ifaçıları milli musiqimizi ifa ediblər.

Tədbirdə Bakıda keçirilən Beynəlxalq Muğam Festivalının qalibləri Abgül Mirzəliyev və başqa ifaçılar çıxış ediblər.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button