Mədəniyyət

“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinin onlayn sərgisi açılıb

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinin onlayn yekun sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərgi rəssamlıq istedadına malik olan uşaqların, yeniyetmə və gənc rəssamların yaradıcılığında COVID-19 pandemiyası zamanı səhiyyə işçilərinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və Azərbaycan polisinin göstərdiyi çoxsaylı fədakarlıq nümunələrinin təsviri sənət əsərləri vasitəsilə təbliği və tərənnümü, milli həmrəylik, milli birlik duyğularını və insanların bədii zövqünü inkişaf etdirmək, rəssamların yaradıcılığını stimullaşdırmaq, doğma Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə təşkil edilib.

Müsabiqəyə respublikanın əksər şəhər və rayonlarından 3 yaş qrupu üzrə ümumilikdə 600-ə yaxın müəllifin 650 işi təqdim olunub.

Təqdim olunan əsərlərin təhlili göstərib ki, uşaqlar, yeniyetmələr və gənc rəssamlar COVID-19 pandemiyasının təsirlərini, Azərbaycan həkimlərinin, polisin və digər hüquq mühafizə orqanları əməkdaşlarının fədakarlığını, dövlətin öz xalqının sağlamlığına göstərdiyi qayğını, birlik və həmrəyliyi özünəməxsus tərzdə təsvir etməyi bacarıblar.

Müsabiqənin pul mükafatına layiq görülənlər bank rekvizitləri və şəxsiyyət vəsiqələrinin surətini iyunun 25-dək Mədəniyyət Nazirliyinə (əlaqə telefonu: 012493-93-85) və ya Azərbaycan Dövlət Rəsm Qalereyasının elekron poçt ünvanına (resmqalereya@gmail.com) göndərsinlər.

Müsabiqənin yekunlarına görə müəyyən olunmuş hədiyyələri və diplomları Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi sosial izolyasiya tədbirlərinin şərtlərinə əməl etməklə (qoruyucu maskalardan, dezinfeksiya edici maddələrdən istifadə və sosial məsafə saxlamaq) iyunun 18-dən etibarən (bazar və bayram günləri istisna olmaqla) ayın sonunadək hər gün saat 10:00-dan 18:00-dək Xətai Sənət Mərkəzinə yaxınlaşaraq əldə edə bilərlər.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button