Ölkə

YAP Naxçıvan Şəhər Təşkilatında partiyaya yeni qəbul edilən üzvlər və yeni ilk təşkilat sədrləri ilə görüş keçirilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası uzun illərdir Azərbaycan dövlətçiliyinin qarantı rolunda çıxış edən nəhəng siyasi təşkilat kimi ölkəmizin müstəqillik tarixində mühüm rol oynayır.

2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının VII Qurultayında Partiya Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi”.

Hazırda da partiyanın sıraları cəmiyyətin bütün təbəqələrindən olan insanların, xüsusən gənclərin və qadınların hesabına durmadan genişlənir.

Təsadüfi deyildir ki, 2021-ci ildə YAP Naxçıvan Şəhər Təşkilatında qəbul edilən 855 nəfərdən 848 nəfərini və ya 99 faizini gənclər, 476 nəfərini və ya 56 faizini qadınlar təşkil etmişdir. Bu barədə YAP Naxçıvan Şəhər Təşkilatında partiyaya yeni qəbul edilən üzvlər və yeni ilk təşkilat sədrləri ilə görüşdə təşkilatın sədri, Naxçıvan MR Ali Məclisinin deputatı Elman Cəfərli məlumat vermişdir.

Bildirilmişdir ki, Naxçıvan Şəhər Təşkilatı hazırda 150 ilk partiya təşkilatını əhatə etməklə, 18 min 776 nəfər üzvü özündə birləşdirir. İlk təşkilat sədrlərinin ümumi tərkibində qadınlar 56 nəfər (37 faiz), gənclər 60 nəfər (40 faiz), ali təhsillilər 135 nəfər (90 faiz), orta ixtisas təhsillilər 15 nəfər (10 faiz) təşkil edir.

YAP Naxçıvan Şəhər Təşkilatının sıralarında birləşən partiya üzvlərinin 9 min 968 nəfəri (yaxud 53 faizi) qadınlar, 11 min 629 nəfəri (yaxud 60 faizi) 18-35 yaşlı gənclərdir.

E.Cəfərli qeyd etmişdir ki, partiyanın məqsədi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosial yönümlü iqtisadiyyatın yaradılması, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq vətəndaşların hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması, insanların müstəqil dövlətçilik ideyası və azərbaycançılıq məfkurəsi ətrafında birləşdirilməsindən ibarətdir.

Partiya Azərbaycanın ümummilli lideri, Partiyanın qurucusu Heydər Əliyevin irsinin təbliği və təşviqi ilə məşğul olur.

Daha sonra YAP-a yeni qəbul edilən bir qrup gəncə partiya üzvü vəsiqələri təqdim edilmişdir.

Partiyaya yeni qəbul edilən gənclərdən Naxçıvan Dövlət Universitetinin tələbəsi Firuz Məmmədli və yeni ərazi ilk partiya təşkilatı sədri seçilən Tarverdi Məmmədov tədbirdə çıxış edərək, onalara göstərilən etimada görə minnətdarlıqlarını bildirmiş, üzərlərinə düşən məsuliyyəti şərəflə daşıyacaqlarına söz vermişlər.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button