Dünya

Rusiyanın Ukraynaya mümkün müdaxiləsi: Cənubi Qafqaza təsirləri varmı? GEOSİYASƏT+AKTUAL

Rusiya ilə Ukrayna arasında mümkün müharibənin başlaması ehtimalı artmaqda davam edir. Artıq belə bir situasiyada aparılan analizlər və gəlinən nəticələr də həmin reallığı ehtiva etməyə başlayıb. Bir müddət əvvəl müharibənin olmayacağı ilə bağlı səslənən fikirlər arxa plana keçir, əsasən də hərbi əməliyyatlar başlayarsa növbəti hadisələrin necə cərəyan edəcəyi ətrafında müxtəlif mülahizələr səsləndirilir. Lakin onu da qeyd etmək olar ki, hətta Rusiya müharibəni başlamaq fikrində deyilsə və sadəcə əzələ nümayişi göstərərək siyasi blef edirsə, etiraf etmək olar ki, həmin blef alınıb…

ABŞ və NATO faktoru

Ancaq bu qarşıdurmaların təməlində ABŞ-Rusiya kəskin münasibətlərinin dayandığı da kimsəyə sirr deyil. Bu baxımdan, ABŞ-ın da geriyə çəkilmək fikrinin olmadığı göz önündədir. Hətta ABŞ-ın NATO-dakı Avropa müttəfiqləri arasında ciddi fikir ayrılıqlarının olmasına rəğmən, Vaşinqton hər vəchlə nəzarəti öz əlində saxlamağa cəhdlər göstərir. Bu, həm də belə deməyə zəmin yaradır ki, ABŞ Rusiyaya “təhlükəsizlik zəmanəti” vermək fikrindən çox uzaqdadır. Sadəcə, minimal şəkildə aralıq razılaşmaları əldə edilə bilər ki, o da necə deyərlər, ipdən asılı vəziyyətdə qalacaq. Ona görə də müharibənin qaçınılmazlığı barədə hər kəs danışmağa başlayıb və əbəs deyil ki, Amerika prezidenti Co Bayden də öz çıxışlarının birində sətiraltı qaydada silahlı qarşıdurmanın lokallaşmasının vacibliyi barədə danışıb.

Cənubi Qafqazda arzuolunmaz problemlərin yaranacağı mümkündürmü?

Və bu gün təbii olaraq sözügedən qarşıdurmanın postsovet ölkələrinə necə təsir edəcəyi ilə bağlı da suallar yaranmağa başlayıb, daha dəqiq desək bu gün də həssas məkan olan Cənubi Qafqaz faktoru yeni suallar yaradır.

Qeyd etmək olar ki, Ukraynda ehtimal edilən müharibə ssenarisi məhz Azərbaycan üçün arzuedilən deyil. Çünki savaş açılarsa, bu, bütün spektorlar üzrə təsirlərini göstərə bilər. Misal üçün, Avropanın təhlükəsizliyi sistemində çat yaranar, çətinliklə ərsəyə gətirilən Rusiya-Türkiyə münasibətlərində yenidən gərginliklər əmələ gələ bilər, Qara dəniz hövzəsində də ziddiyyət ehtimalları artar və əgər Gürcüstanın ərazisi Rusiyaya qarşı istifadə edilərsə bu zaman savaş meydanı Cənubi Qafqaza qədər genişlənər. Üstəlik, Rusiya SWIFT faktorundan kənarlaşdırılarsa bu, Rusiya ilə ticarət dövriyyəsinə də öz arzuolunmaz təsirlərini göstərər və bu kimi digər çoxsaylı problemlərin yaranacağı isə an məsələsidir…

Bakı bütün bu kimi ssenariləri də əvvəlcədən nəzərə almışdı

Beləliklə, mövcud olan təhlükə ehtimalları Cənubi Qafqazın, o cümlədən regionda əsas söz sahiblərindən olan Azərbaycanın strateji və iqtisadi maraqlarına müəyyən mənada öz mənfi təsirlərini yarada bilər. Məlumdur ki, Azərbaycan 2020-ci ilin payızında öz problemini hərbi yolla həll etdi. Prezident İlham Əliyev bunun üçün ən mükəmməl vaxt seçmişdi və həyata keçirilən bir sıra uğurlu hərbi konsepsiyalar öz təsdiqini 44 gün içində qazanılan qələbəsi ilə tapmış oldu. Artıq bu məsələdə Bakı öz strateji təşəbbüsə malikdir. Lakin sülh razılaşmasının olmaması və Ermənistanla müəyyən olunmamış sərhədlərdə zaman-zaman yaşanan qarşıdurmalar əlbəttə ki, təhlükənin tam sovuşmadığını nümayiş etdirir.

Bəli, Bakı bütün bu kimi ssenariləri də əvvəlcədən nəzərə almışdı və bu səbəbdən də perventiv, vacib qərarlarını verdi, ilkin addımları ilə yaşana biləcək istənilən təhdidlərin qarşısını alan münbit siyasi gedişlərini etdi.

Azərbaycanın hərbi-strateji partnyorları və hərbi qüdrətinin artırılması amili

Əgər bu gün KTMT-də ciddi deqradasiya mövcuddursa, Azərbaycan daha müfəssəl hərbi birlik bəyannaməsi ilə öz mövqeyini gücləndirdi – qardaş Türkiyə ilə Şuşa Bəyannaməsi imzalandı. Və Türikiyə NTO-nin Avropa ölkələri arasındakı ən fəal, ən güclü orduları sırasında liderlik mövqeyini qoruyub-saxlayır. Bu da son deyil…

Azərbaycan qardaş ölkə Pakistanla strateji və hərbi əməkdaşlıq planlarını möhkəmləndirir və İslamabad nüvə silahına malik olması ilə yanaşı, rəsmi şəkildə bəyan edib ki, bütün hallarda öz varlığı ilə qardaş Azərbaycanın yanındadır.

İsraillə münasibətlər konteksti ilə bağlı isə yəqin ki, xatırlatmalar etməyə dəyməz. Artıq bu ölkə ilə Azərbaycan arasındakı sıx əməkdaşlıq sferası hərbi sahədə olmaqla yanaşı, digər əhəmiyyətli sahələri də ehtiva etməkdədir.

Və təbii ki, Azərbaycan Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi öz hərbi qüdrətini daha da artırmaqdadır.

Həm Türkiyə, həm də Azərbaycan ekzistensional təhlükələri nəzərə alıblar

Bütün bunları nəzərə alsaq deyə bilərik ki, Azərbaycanın əsas hədəflərindən biri Cənubi Qafqazın ərazisini, əsasən də Gürcüstanın ərazilərini mümkün Rusiya-Ukrayna savaşından kənar tutmaqdan ibarətdir. Yəni müharibə olarsa cəbhənin Cənubi Qafqaza doğru genişlənməsinə qətiyyən imkan vermək olmaz. Bunun isə səbəbləri var. Əgər müharibə Ukraynadan Gürcüstanın ərazisinə tərəf genişlənərək, onda Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz regionunu fiziki olaraq Mərkəzi Asiyadan və Avropadan ayıra bilər. Rusiya Ukrayna üzərində qələbə əldə edərsə bütün yollar məhz Rusiyanın nəzarətində olacq. Daha dəqiq desək, Rusiya postsovet məkanındakı öz təhlükəsizliyinə məhz özü də zəmanət verəcək.

Burada Türkiyə ilə Azərbaycanın rolları öz vacibliyini qoruyub-saxlayır. Əgər Rusiya öz təhlükəsizliyinə zəmanət verəcəksə Ankara və Bakı da lokal təhlükəsizlik sistemi ilə bağlı öz tələblərini irəli sürə bilərlər. Əks halda, yəni həmin zəmanət alınmazsa həm Türkiyə, həm də Azərbaycan ekzistensional təhlükəni nəzərə almaqla Gürcüstanın ərazisindən keçən strateji və iqtisadi infrastrukturlarının təhlükəsizliklərini təmin etmək üçün daha sərt metodlara əl atmağa məcbur olacaqlar. O cümlədən, Zəngəzur dəhlizinin açııması prosesində də sərt adımlara gedilə bilər. Belə ki, Ermənistanla sülh razılaşmasının olmaması Azərbaycana yeni imkanlar yaradır və hətta Azərbaycan Demokratik Respublikasının sərhədlərinin də tarixi bərpasına imkanlar verir, hansı ki, ADR müasir Azərbaycan Respublikasının tarixi və inkarolunmaz sələfidir.

Rövşən RƏSULOV

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button