Ölkə

Qarabağ Qazisini İNCİDƏN MƏMUR KİMDİR? – “Rüşvət istəyirlər…”

“1991-ci ilin mayında BŞİH-in Bağlar Təsərrüfatı Birliyi tərəfindən icarəyə verilən Sabunçu rayonu , Nardaran qəsəbəsi, Ləiş massivindəki sahəyə bağ yiyəsinin girməsinə Sabunçu RİH -in reket dəstəsinin qadağa qoymasından 6 ildir media yazmaqdadır , amma hələ də icra hakimiyyəti dinə, imana gəlmək istəmir. Bağı icarəsinə götürən ili Qarabağ savaşına yollanan , bu yolda 1-ci dərəcəli Qarabağ qazisi adını qazanan icarəçinin 20 ildən sonra bağdan istifadə etmək fikrinə düşməsi ev tikmək istəyindən başlayıb”. Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: “Pensiyaçısı olduğu DİN-in maddi-mənəvi dəstəyi ilə sahəni hasarlayıb, qapı qoyan qazinin bağda ev tikmək istəyinə Sabunçu RİH -in Həbib adlı komunxozu qohumlarından təşkil etdiyi reket dəstəsi ilə imkan verməyib və Qarabağ qazisinin 5 min manatlıq mal-materialları məhv edilib. “İcra reketləri”nin qanunsuz lisenziya tələb etmələrinin şəhərsalma və tikinti normalarına zidd olması bir yana, vətəndaşın öz bağında, kənddə ev tikməsinə icazənin də nəzərdə tutulmadığı gün kimi aydın olsa da, Sabunçu RİH-in rəhbərliyi “reket dəstəsi”nin qanunsuzluğunu müdafiə edib . Hətta Prezident Administrasiyasının göstərişlərini də heçə sayan , Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aid olan qaydanı özbaşına mənimsəyən RİH -in özbaşınalığı Qarabağ qazisini intihar həddinə çatdırıb. Prezidentin daim vurğuladığı kimi, xalqa xidmət etməli olan icra hakimiyyəti 1-ci dərəcəli Qarabağ qazisinə ev tikməkdə yardım etmək əvəzinə, əksinə , rüşvət istəyib , mal-materiallarını məhv edib. Prokurorluq, məhkəmə orqanları Həbib adlı komunxozun əməllərinə hüquq qiyməti verilməsini təmin etsə də, nə korrupsiyaya qarşı mübarizə baş idarəsi, nə də Sabunçu prokurorluğu Qarabağ qazisinə dəyən ziyanın ödənilməsini təmin etməyib və qəbul etdikləri qərarlarını da bu günədək verməyiblər. Heç Qarabağ qazisi zərərçəkən kimi də tanınmayıb. Bir neçə il qabaq Sabunçu RİH başçısının köməkçisi zəng edib qazinin öz bağında ev tikməsinə “yaşıl işıq” yandırıldığını deyəndə, qazi icra hakimiyyətinin müəyyən miqdarda mal-materialla yardım etməsini istəyib. Hələ də icra hakimiyyəti orqanlarının özbaşınalığı qarşısında evsiz-eşiksiz qalan qazinin ali dövlət hakimiyyəti orqanlarına müraciətləri Sabunçu RİH-ə göndərilir və susqunluqla qarşılanır. Bir ay qabaq MM-dən daxil olan şikayət əsasında Sabunçu RİH başçısının köməkçisi telefonla zəng edib və “kupça” olmasa, heç bir köməklik edə bilməyəcəklərini bildirib. Bəyəm Qarabağ qazisinin beş minlik mal-materialları “kupça” olmadığına görə məhv edilib? Harda yazılıb ki, yalnız “kupça” ilə vətəndaş əmlaka yiyələnə bilər? Bir də, telefon ilə verilən “kupça” tələbi barədə cavab yazılı şəkildə verilməlidir ki, vətəndaş inzibati qaydada və məhkəməyə müraciət etmək hüququndan yararlana bilsin .

Bir aydan çoxdur Qarabağ qazisinin ev tikmək fikrini “kupça” tələbi fikri qarışdırıb : BƏYƏM SABUNÇU RİH BAŞÇISININ, KÖMƏKÇİSİNİN, 1-Cİ MÜAVİNİNİN VƏ DİGƏRLƏRİNİN ONLARLA HEKTAR ƏLƏ KEÇİRDİKLƏRİ TORPAQ SAHƏLƏRİ “KUPÇA” İLƏ RƏSMİLƏŞDİRİLİB?”

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button