Gündəm

Delyagin beynəlxalq axtarışa verildi

Rusiya Dövlət Dumasının deputatı, Dumanın İqtisadi siyasət üzrə komitəsinin sədr müavini Delyagin Mixayıl Qennadyeviçin son günlər kütləvi informasiya vasitələrində iki dövlət arasında olan qarşılıqlı fəaliyyətin prinsiplərinə zidd mövqe sərgiləyən çıxışları ilə bağlı Baş Prokurorluqda araşdırma aparılıb.

Belə ki, Mixayıl Delyagin 2022-ci il 28 mart tarixində Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan verilişdə Azərbaycana qarşı təcavüzkar müharibəni başlamağa açıq çağırışlar edərək ölkəmizin enerji infrastrukturu və neft sənayesinin məhvi üçün taktiki nüvə silahından istifadə barədə təxribat xarakterli çıxış edib, sosial media platformasında bu barədə kütləvi sorğu keçirib. Rusiya vətəndaşı Mixail Delyaginin əməllərində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından 29 mart tarixində Mixayıl Delyagin təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İNTERPOL vasitəsilə beynəlxalq axtarışa elan edilib. Eyni zamanda bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlbi üçün Azərbaycana verilməsinin təmin edilməsi məqsədilə müraciətlər göndərilib.

Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 1]

Back to top button