Cəmiyyət

İsmayıllıda din xadimləri və dini icma sədrlərinin iştirakı ilə “Müasir çağırışlar və dini fəaliyyət” adlı seminar keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən İsmayıllıda din xadimləri, dini icma sədrləri və dini icma üzvlərinin iştirakı ilə “Müasir çağırışlar və dini fəaliyyət” adlı seminar təşkil edilib.

Tədbiri giriş sözü ilə açan İsmayıllı RİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov İsmayıllı rayonundakı dini durum barədə ümumi məlumat verib, rayondakı tolerant mühitin hər keçən gün inkişaf etdiyini iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra Fondun sifarişi ilə hazırlanan “Azərbaycanın din alimləri” adlı sənədli film nümayiş olunub.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Hatəm Gülməmmədov ölkəmizdə daim mövcud olan tolerant dini mühitin bu gün daha da möhkəmlənməkdə olduğunu, ölkə başçısı cənab İlham Əliyevin bu sahəyə olan xüsusi diqqət və qayğısı sayəsində dövlət və din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini qeyd edib.

Dini vəhdətin milli birliyimizin mühüm tərkib hissəsi olduğunu qeyd edən ilahiyyatçı jurnalist Tural İrfan din xadimlərinin, dini icma sədrlərinin və ümumilikdə dini icmaların bu işdə böyük məsuliyyət daşıdığını vurğulayıb.

DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbə müdiri Elnur Mehdiyev ölkəmizdə dini etiqad azadlığının təmin olunması və dinə dövlət qayğısı sahəsində görülən işlərdən bəhs edib.

Daha sonra tədbir qarşılıqlı sual-cavab şəklində davam etdirilib, din xadimləri və dini icma sədrləri tərəfindən müəyyən təkliflər irəli sürülüb.

Sonda tədbir iştirakçılarına Mənəvi Dəyərlərin Təbliği Fondunun nəşr etdiyi kitablar paylanılıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button