Siyasət

Ermənistanın prezidenti istefa verdi: nə dəyişəcək və dəyişməyəcək? ANALİTİK+AKTUAL

Ölkənin qarşısında daha vacib məsələlər dayanır və bu məsələlər həll olunmazsa Ermənistan hansı üsul-idarə formasına malik olmasına baxmayaraq tənəzzülə uğramaqda davam edəcək

Beləliklə, Ermənistanın prezidenti Armen Sarkisyan istefa verdi və bu istefanın baş verməsi səbəblərini də göstərdi. Qeyd etdi ki, onun prezidentlik fəaliyyəti ölkənin siyasi arealına təsirsizdir və vəzifəsinin icrasında hər hansı əhəmiyyət görmür, yəni səlahiyyətləri buna imkan vermir. Nəticədə ölkədə yeni prezidentin seçilməsi üçün mövcud mexanizmlərin işə salınacağı gözlənilir.

Ölkə konstitusiyasına görə, prezidentin istefa verdiyi halda növbəti prezident seçkiləri istefadan 35 gündən gec olmayaraq keçirilməlidir. Yeni seçiləcək prezident isə parlament tərəfindən müəyyən ediləcək və vəzifəsində yeddi il qalacaq. Eyni şəxs isə ikinci dəfə prezident seçilə bilməz. Bütün bunlar öz yerində. Bəs Armen Sarkisyan istefa verərkən hələ vəzifəyə yiyələndiyi zaman hansı üsul-idarə sistemində səlahiyyətlərə malik olacağını düşünmürdümü? Əlbəttə ki, düşünürdü. Lakin onun istefasının arxasında digər məqamların da dayandığını istisna etmək olmaz.

Referendum keçirilərsə Armen Sarkisyan yeni iddialarla namizədliyini irəli sürəcək

Ermənistan KİV-lərində və siyasi-ictimai rəyində belə informasiyalar yer alır ki, ölkədə yarıprezidentlik sisteminə keçid olunacaq və bunun üçün referendum keçiriləcək. Əgər referendum keçirilərsə Armen Sarkisyanın istefası onun prezident seçkilərində iştirakına imkan verir, özü də tam səlahiyyətləri ilə. Məsələn, seçkilərə qədər yeni siyasi partiya yaratması, yaxud tərəfdarlar toplayaraq onları təsis edəcəyi siyasi blok ətrafında birləşdirməsi üçün onun kifayət qədər vaxtı və zamanı qalır. Əbəs deyil ki, Sarkisyan fəaliyyətinin son dövrlərində ardıcıl xarici səfərlər həyata keçirməklə Ermənistan üçün investisiya yatırımları əldə etməyi qarşısına məqsəd qoymuşdu. Lakin onun bu məqsədləri istədiyi kimi reallaşmasa da, fakt budur ki, Sarkisyan ölkə ictimai rəyi qarşısında özünü “işlək prezident” kimi nümayiş etdirə bilib. O cümlədən, daha bir maraqlı məqam budur ki, Armen Sarkisyan maliyyə dəstəyi qazansa da, onu baş nazir Nikol Paşinyanla bölüşdürməyi planlaşdırmır. Beləliklə o, iqtidara yiyələnməsi üçün üçüncü hökumətdaxili qüvvəyə çevrilməyi bacarıb.

Nikol Paşinyanın planları başqadır…

Amma nəzərə alsaq ki, Ermənistanda prezidenti yuxarıda da xatırlatdığımız kimi parlement seçir, bu zaman Paşinyanın növbəti prezident namizədinin üzərində dayanacağı da şərtə çevrilir – əlbəttə ki, həmin şəxs Armen Sarkisyan olmayacaq. Yəni referenduma qədər Ermənistanın baş naziri öz əlaltılarından birini həmin vəzifəyə təyin etdirməyə çalışacaq. Hətta Paşinyana qalarsa, o, gənc, cavan şəxslərdən deyil, məhz yaşlı nəsil nümayəndələrindən birini prezident seçdirməyə çalışacaq. Bu rola hətta Paşinyanın özü kimi qərbin adamı olan Levon Ter-Petrosyan da seçilə bilər, əgər Paşinyanla aralarındakı bəzi ziddiyyətlər aradan qaldırılarsa.

Yox, əgər Paşinyan həmin vəzifəyə özünə yaxın bildiyi cavan şəxsləri seçdirmək istərsə, həmin şəxslər sırasında Ermənistanın mövcud xarici işlər naziri Ararat Mirzoyan, parlamentin spikeri Alen Simonyan, ölkənin təhlükəsizlik şurasının katibi Armen Qriqoryan da yer ala bilərlər. Bütövlükdə isə hətta referendum keçirilsə belə Ermənistanda əasas söz sahibinin yenə də Paşinyan olacağını düşünsək və ya prezident üsul-idarəsində bəzi səlahiyyətlərin prezidentə də təhkim olunacağını proqnozlaşdırsaq ölkəyə yeni prezidentin seçiləcəyi hər-hansı ciddi siyasi impulslara gətirib-çıxarmayacaq. Bu baxımdan, Armen Sarkisyanın istefası ölkə gündəminə ciddi təsir göstərmədi. Proseslərin dəyişilməsini isə vaxt göstərəcək. Çünki ölkənin qarşısında daha vacib məsələlər dayanır və bu məsələlər həll olunmazsa Ermənistan hansı üsul-idarə formasına malik olmasına baxmayaraq tənəzzülə uğramaqda davam edəcək.

Rövşən RƏSULOV

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button