ÖlkəSağlamlıq

“Yoluxma və ölü sayı sürətlə artır”-Yol verin, dərman gəlsin…

“TƏBIB”, Gömrük Komitəsi, Səhiyyə Nazirliyi, dövlətə xaricdən tibbi yardım etmək istəyənləri kim incidir?

Azərbaycan iki mühim cəbhədə savaş aparır: Bioloji və hərbi savaş.

Ikisi də can savaşıdır. Biri xəstəliklə ölüm gətirir, digəri düşmən gülləsi ilə. Indi biz, dövlət olaraq hərbi müstəvidə qalibik. Düşmənin atəşi kəsilib. Qalır tibbi müstəvidəki savaşımız.

Sirr deyil, bütün müharibələr həm də xalqın dəstəyi, yardımı ilə udulur. Qarabağ uğrunda savaşda dövlət də, biz də bunu gördük. Canını, mülkünü, qazancını əsirgəmədi dövlətindən insanlar. Indi biologi müharibədə o insanlara dövlət dəstəyi lazım. Özü də çox asanlıqla. Əgəe ali rəhbərə dürüst hesabat verilərsə, Azərbaycan dövləti bunu asanlıqla həll edə bilər.

Rayonlarımızın bir çoxunda tibbi personal, dərmanlar və xidmət göstərən şəxslər azlıq təşkil edir. Dərmanları imkansızlıqdan adamlar ala bilmir. Yoluxma və ölü sayı sürətlə artır.

Rəsmilərimiz iradlarımıza təssəlli verir. Ingiltərəyə, Almaniyaya, Rusiyaya baxın onlarda da vəziyyət ağırdır.

Xatırladıram, cənablar, onlar yüz minlərlə adamla uğraşır. Bizim dövlət olaraq əhali sayımız on milyondan bir qədər artıqdır. Xəstə sayımız heç beş min də deyil. Gəlin hrç olmasa özümüzə etiraf edək yaxşı işləmirik, yaxşı təşkilatlanmamışıq, yaxşı bacarmırıq. Biz həm də nəfsimizə hakim ola bilmirik. Hər şeydən pul qazanmaq nəfsimizə.

Son günlər Zərdab rayonunda covidli xəstələrin müalicəsi üçün ehtiyaclı ailələrə pulsuz dərman yardımı üçün xaricdə yaşayan bir neçə imkanlı şəxsə, iş adamına müraciətimə aldığım cavabsa məni çox məyus etdi. Insanlar yardıma hər an hazır olduqlarını bildirirlər. Amma üç vacib dövlət qurumu. Gömrük Komitəsi, Səhiyyə Nazirliyi və “Təbib”lə problem yaşanır.

Əzizlər, bu dövlətin sərvəti, varı tükənməz. Sadəcə bu dönəmlərdə xaricdəki iş adamlarımıza lazımi dəstəyi verin. O insanlar Səhiyyə Nazirliyindən icazə almaq üçün yalvarmasın, Gömrük orqanları sərhəddə qarşılarını günlərlə kəsməsin. “Təbib” dərmanı öz anbarında bir həftə saxlamasın.

Bu dövlət hamımızındır. Bu gün çətin durumdan çıxsın, sabah yenə siz qazanın, siz vəzifələrdə ucalın, nə etmək istəsəniz siz əldə edin. Amma dövlət vəziyyətdən çıxsın, adamlar xəstəlikdən ölməsin. Sonra dövlətsiz, adamsız qalıb qazandıqlarınızı da itirəcəksiniz. Qazanmağa ölkəniz, hrç olmasa incitməyə insanınız olsun deyə yol verin, dərman gəlsin…

Jalə Mütəllimova

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button