Müsahibə

Xalq olaraq bir olmalıyıq”- MÜSAHİBƏ

Könül İsmayılova: “İqtidarlı, muxalifətli dövlət əleyhinə həyata keçirilən təxribatlarda mövqeyimiz eyni olmalıdır”

Son vaxtlar istər daxili, istərsə də xarici faktorların təsiri baxımından ölkədə mənfi tendensiya müşahidə edilməkdədir. Bəzi xarici faktorlar Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi zəfərini həzm edə bilməyib ölkəmizə qarşı təzyiqlərə, təxribatlara başladığı halda, daxildəki bəzi faktorlar isə ölkədə vətənpərvərlik hislərinə zərbə vurmaq, tarixi qələbəmizi kiçiltmək, aşağılamaq məqsədilə hərbiçilərimiz hədəf alır, onları təhqir edirlər. Cəmiyyət haqlı olaraq bu kimi mənfi nüanslara qarşı öz etiraz səsini qaldırır. Bəs görəsən siyasi partiyalar bu barədə nə düşünür və ölkəmizə qarşı bu cür məkirli oyunların arxasında dayanan əsas məqam nədən ibarətdir? Bu və ya digər suallarla Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılovaya müraciət etdik.

Könül xanım, son vaxtlar mənfi bir tendensiya müşahidə edilməkdədir. Birisi sosial şəbəkə üzərindən hərbiçiləri, MAXE-ləri təhqir edir, digəri beynəlxalq yarışda Şuşa adından imtina edir. Sizcə ard-arda baş verən bu proseslər təsadüfdür, yoxsa həm ordumuzu, həm də ordunun azad etdiyi əraziləri gözdən salmaq, onu ləkələmək cəhdidir?

-Cənab prezidentin bu ili “Şuşa ili”, mədəniyyətimizin paytaxtı elan edəndən sonra elə bu ildə sözügedən hadisənin baş verməsi onun təsadüfi olmamasına şübhə yaradır. Dövlət qurumunun da bu barədə olan mövqeyi bizə burada hansısa əlin oyuncaqlarını işə saldığına işarədir. Lakin çox ustaca deyil. Tez ifşa edilir. Sosial şəbəkələrdə bu mövzuya reaksiya da xalqın mövqeyini birmənalı şəkildə bəyan edir. Özünü jurnalist adlandıran şou-biznes nümayəndəsinin bu cür çıxışı onun hərbi biliyinin olmamasından irəli gəlir. Hərbi xidmət keçməyən biri bu mövqedə ola bilər.Yox varsa və bu cür çıxış edirsə,  bu eyni nöqtəyə diqqəti çəkir.

Sizə elə gəlmirmi ki, daxildə baş verən bu kimi neqativ hallar ölkəmizin xaricdən təzyiqlərlə, təxribatlarla üzləşməsinə daha da stimul verir. Yəni igidlərimizin canı bahasına azad edilən bir ərazinin adından imtina etmək Fransa kimi dövlətin rəsmilərinin ərazi bütövlüyümüzü pozmasına yol açır?

-Fransızlar hər həmləyə, təxribata əl atırlar. Bu yaxınlarda prezidentliyə namizədin icazəsiz Laçın ərazisindən Qarabağa gəlməsi də bunun əyani sübutudur.

-Bu arada Fransanın zaman-zaman Azərbaycana qarşı bu kimi təxribatçı əməllərinin kökünü nədə görürsünüz? Konkret Fransanın Azərbaycana olan düşmənçiliyinin məğzində nə dayanır?

-Fransada erməni lobbisi çox güclü kök salıb fəaliyyət göstərir. Fransızların erməni sevgisi və bizə olan nifrətlərini 44 günlük müharibədə açıq şəkildə gördük.

Onu da qeyd edim ki, biz Müasir Müsavat Partiyası olaraq Fransanın Ermənistanı müdafiə etməsini və Azərbaycana qarşı apardığı düşmən münasibəti qətiyyətlə pisləyirik.

Eyni zamanda Fransada yeni yaranacaq hökümətin Azərbaycanla bağlı münasibətlərinə müsbətə doğru dəyişəcəyinə ümid edirik. Əks halda biz düşünürük ki, əgər erməni lobbisi yenə öz işini Fransada rahat görə biləcəksə, o zaman Azərbaycan-Fransa münasibətləri bütün sahələrdə tamamilə sıfır vəziyyətə endirilməlidir.

Bu kimi xarici təsirlər, təxribatların qarşısını dövlət, xalq olaraq necə ala bilərik? Sizcə hansı addımlar atılmalıdır?

-Xarici ölkələrdə fəaliyyət göstərən səfirliklər, diaspor təşkilatları daha yaxşı işləməli, haqq səsimizi dünyaya çatdırmalıdırlar.

Xalq olaraq bir olmalıyıq. Bu istiqamətdə siyasi partiyaların üzərinə böyük yük düşür. Çünki xalqı maarifləndirən siyasi institutlardır. İqtidarlı, muxalifətli dövlət əleyhinə həyata keçirilən təxribatlarda mövqeyimiz eyni olmalıdır. Necə ki 44 günlük Vətən müharibəsində bunu etdik.

Müasir Müsavat Partiyası olaraq bu ildən gözləntiləriniz nədən ibarətdir?

-Ölkədə real  islahatların aparılmasını, konstitusiyada dəyişiklik edilməsini, referendum keçirilməsini, demokratik seçkilər yolu ilə çoxpartiyalı yeni parlamentin formalaşmasını yaxın gələcəkdə görmək istəyirik. Ən əsası hələ də işgalda qalan torpaqlarımızın azad olunmasını gözləyirəm. Ümumilikdə isə, gələcəyini düşünən hər kəsi siyasi partiyalarda çəmləşməyə çağırıram/olaylar

Analoq.az
   

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button