AraşdırmaGündəmManşet

“Jurnalistlər şəhərciyindəki üçüncü binanın qaz yatağının üstündə tikilməsi barədə deyilənlər dezinformasiyadır ”

Təbriz Vəfalı: “Dövlət başçısının mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin mətbuatımızın inkişafı naminə gördüyü işlərə kölgə salmağa çalışırlar”

Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda yerləşən Jurnalistlər şəhərciyindəki üçüncü binanın qaz yatağının üzərində tikilməsi və onun qəzalı vəziyyətdə olması barədə yayılan məlumatlar ictimaiyyətdə ciddi narahatlıq və narazılıq doğurub.
Tanınmış tədqiqatçı jurnalist, Azərbaycan İnformasiya Mərkəzinin (AİM) direkotoru, analoq.az saytının baş redaktoru Təbriz Vəfalı yayılan məlumatların həqiqətdən uzaq və absurd olduğunu bildirir. Onun dediyinə görə, çoxmərtəbəli binaların layihələndirilməsi və tikilməsi üçün xüsusi tələblər, müvafiq qanuni sənədlər mövcuddur. Üstəlik, “göydələn”lərin tikintisi prosesinə bir neçə dövlət qurumu nəzarət edir: “Mütəxəssislərin fikrincə, çoxmənzilli yaşayış binaları tikilməzdən əvvəl ərazinin geoloji, kimyəvi-fiziki xüsusiyyətləri, yeraltı suların səviyyəsi öyrənilir. Yəni, qanuni tələblərə əsasən, sözügedən binaların inşa olunacağı ərazilərin geoloji durumu yoxlanılmalı, tədqiqat işləri aparılmalı, neçə mərtəbəli və neçə bloklu binanın tikintisinin aparılacağı müəyyənləşdirilməlidir. Çünki binanın əsas dayağı bünövrə olduğundan onun qoyulması üçün məkanın seçilməsi, obyektin hündürlük, en, davamlılıq və dözümlülük məsələləri yoxlanılmalı və bütün bunlar sənədlərdə öz əksini tapmalıdır. Ərazinin gilli, torpaqlı, daş-çınqıllı və digər relyefli olmasını öyrənmədən bünövrənin hansı formada qoyulmasını müəyyənləşdirmək mümkün deyil. Ona görə də ilk öncə geoloji-kəşfiyyat işlərinin aparılması hökmən vacibdir. Əks təqdirdə, kortəbii qoyulmuş bünövrə sonradan onun üstündə tikilmiş binanın əyilməsinə və ya çat verməsinə gətirib çıxaracaq. Əgər tikinti işləri aparılan ərazidə torpaq qatı zəifdirsə, bünövrə xüsusi svaylar vasitəsilə möhkəmləndirilir. Məsələn, “Alov qüllələri”nin bünövrəsinə 400-dən çox svay vurulub. Bundan əlavə, tikinti işləri aparılarkən bina və qurğuların zəlzələyə davamlılığına xüsusi önəm verilir. Son illərdə Bakıda layihələndirilən binalar 9 ballıq zəlzələyə hesablanıb. Onların hamısı monolit dəmir-beton binalardır. Müasir tikililərdə yüksək markalı beton və sementdən, innovativ texnologiyalardan istifadə edilir. Binaların möhkəmliyi Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən mütəmadi yoxlanılır. Müvafiq icazə olmadan onlar istismara buraxılmır”.
Tədqiqatçı jurnalistin dediyinə görə, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi dəfələrlə məlumat yayıb ki, ölkədə tikintinin keyfiyyəti yüksək səviyyədədir və baş verə biləcək yüksək ballı zəlzələlərə davamlıdır. Belə ki, 2013-cü ildə “Şəhərsalma və Tikinti Məcəlləsi” Milli Məclisdə qəbul olunub və Prezident tərəfindən imzalanaraq qüvvəyə minib: “Adıçəkilən agentliyin məlumatına görə, bu gün tikinti subyektləri bu məcəllə əsasında fəaliyyət göstərir. Həmçinin “Şəhərsalma və Tikinti Məcəlləsi”nə uyğun olaraq normativ-hüquqi və normativ-texniki sənədlər qəbul olunub. Bu sənədlər əsasında layihələndirmə icraatı, tikintiyə icazə icraatı və tikintinin gedişinə nəzarət icraatı həyata keçirilir ki, bu da sovet dövründən 2013-cü ilə qədər olan nəzarət formalarından kifayət qədər sərt və daha mükəmməldir. Ölkənin çox böyük hissəsi 8 ballıq, 20 faizdən bir qədər artıq hissəsi isə 9 ballıq ərazidə yerləşir. Bu da ilk növbədə inşaat sektorunda fəaliyyət göstərən subyektlərin – investorlar, layihəçilər və inşaatçıların üzərinə böyük məsuliyyət qoyur. Təbii fəlakətdən tam qorunmaq mümkün deyil. Lakin təbii fəlakətlərdən mümkün qədər az zərərlə çıxmaq üçün səy göstərilir. Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən hazırlanan respublikanın seysmik xəritəsi, mövcud yaşayış məntəqələrinin seysmik mikrorayonlaşdırma xəritələri şəhərsalmada ərazilərin ümumi planlarının, yaşayış məntəqələrinin baş planlarının hazırlanmasında istifadə edilir. Çünki bu xəritələr ümumi xarakter daşıyır və konkret ərazilərin mahiyyətini tam açmaq iqtidarında deyil. Tikinti normalarına görə, bu xəritələr əsasında seysmik ərazilər müəyyən olunur və hər bir investor tikintiyə başlayanda, buna əsasən ərazisinin seysmik zona olub-olmadığını bilir. Daha sonra hər bir investor, layihəçi layihədən əvvəl konkret tikinti aparılacaq ərazidə mühəndis-geoloji axtarış işləri aparır. Bu zaman süxurlardan nümunələr götürülür, onların xüsusiyyətləri araşdırılır, analizlər aparılır, ərazinin seysmik dəyərləndirilməsi və hesabatlar hazırlanır. Konkret ərazinin seysmik həssaslığına əsasən də hansı bala uyğun bina tikilməsi müəyyənləşdirilir. Sonra bu hesabat FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Geoloji Mərkəzə verilir və orda geoloji axtarış işlərinin düzgün metodika ilə aparıldığı, seysmik fonun dəyərləndirilməsi bir daha yoxlanılır. Daha sonra rəy layihəçilərə təqdim edilir və onlar geoloji axtarış işlərinin nəticələrinə uyğun olaraq binanın konstruksiyasını hesablayırlar. Layihə hazır olduqdan sonra bütövlükdə geoloji hesabat da daxil olmaqla Dövlət Baş Ekspertiza İdarəsinə təqdim olunur və orada bir daha ekspertizadan keçirilir. Bu məsələlər kifayət qədər araşdırılır və üçqat yoxlamadan keçir”.
Baş redaktor xatırladır ki, 2017-ci ilin iyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kütləvi İnformasiya Vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Mətbuat nümayəndələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı 2017-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) ilkin olaraq 5 milyon manat ayrılıb. 2017-ci ilin iyulun 20-də isə dövlət başçısının iştirakı ilə Azərbaycan jurnalistləri üçün inşa ediləcək üçüncü binanın təməli qoyulub: “Yuxarıda qeyd etdiyim kimi, bina tikilməzdən əvvəl bir neçə dövlət qurumu tərəfindən ərazinin bütün parametrləri öyrənilir və bütün bunlar haqqında danışdığımız üçüncü binaya da şamil edilib. Üstəlik, sözügedən üçüncü binanın tikintisi birbaşa dövlət başçısının sərəncamı əsasında reallaşdırılacağı üçün ərazinin geolji-kəşfiyyat işlərinin ən yüksək səviyyədə aparılacağına şübhə etmək olmaz. Eyni zamanda, ölkə rəhbəri yeni binanın təməlinin qoyulması prosesində birbaşa iştirak edib. Bundan başqa, əvvəlcə KİVDF-nin, daha sonra Medianın İnkişafı Agentliyinin rəsmiləri dəfələrlə üçüncü binanın yerləşdiyi əraziyə gəliblər. Hətta adıçəkilən agentliyin direktoru Əhməd İsmayılov əraziyə baxış keçirərək, binanın tikinti işlərinin gedişi ilə yaxından tanış olub, prosesin daha da sürətləndirilməsi üçün öz müvafiq tapşırıqlarını verib. Bütün bunlar da onu göstərir ki, üçüncü binanın qaz yatağının üzərində tikilməsi qeyri-mümkündür. Əgər yayılan xəbərlər doğrudursa, bu o deməkdir ki, aidiyyəti dövlət qurumları dövlət başçısına yalan məlumat veriblər və təhlükəli ərazidə yeni binanın tikintisi aparılıb. Ancaq bunlar mümkün deyil. Çünki ölkə rəhbərinə yalan məlumat vermək və qanunsuz iş görmək inandırıcı deyil və belə bir addım birbaşa ağır cinayətdir. Kimsə cənab prezidentimizi aldatmağa cəhd göstərə bilməz. Belə dezinformasiyaları yayanlar birbaşa dövlət başçısının mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin mətbuatımızın inkişafı naminə gördüyü işlərə kölgə salmağa çalışırlar”.
Təbriz Vəfalı üçüncü binanın qəzalı vəziyyətdə olması barədə məlumat yayanlara da etiraz edir. AİM direktorunun sözlərinə görə, hər hansı bir fakta söykənmədən bu cür fikirlərin səsləndirilməsi cəmiyyətdə çaşqınlıq yaradır: “Qəzalı bina o deməkdir ki, onun zəlzələlər, güclü yeraltı təkanlar, qasırğalar və tufanlar nəticəsində uçma, dağılma, əyilmə və çatvermə ehtimalı var. Əgər bina qəzalı vəziyyətdədirsə onun tikintisini aparan şirkətdən tutmuş tikinti işlərinə nəzarət edən dövlət qurumlarının rəsmilərinə kimi bu işə məsul hər kəs məsuliyyətə cəlb olunmalıdır. Amma bununla bağlı hər hansı bir formada cəza tədbirinin görüldüyünü, hüquq pozuntularına yol verənlər varsa onların həbs edilyini və sair eşitməmişik. Söhbət binadaxili məsələlərdən, məsələn, aboyların qopması, kran-şlankların dağılması, pəncərə-qapıların qırılması və digər problemlərdən gedirsə, bunu binanın qəzalı vəziyyətdə olması ilə əlaqələndirmək gülüncdür. Müvafiq dövlət qurumlarının mütəxəssisləri gəlib binadakı vəziyətlə bağlı araşdırma aparmayıblarsa, binanın qəzalı vəziyyətdə olduğunu təsdiqləyən sənədlər hazırlamayıbsa, bunlarla bağlı ictimaiyyətə rəsmi məlumatlar verilməyibsə, o zaman deyilənlərə inanmaq lazım deyil.
Xatırladım ki, Bakıda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə 2022-ci ildə müvafiq komissiya yaradılıb. Bakı Şəhər İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, FHN-in və digər müvafiq qurumların nümayəndələrinin daxil olduğu komissiya qəzalı binalarla bağlı qiymətləndirmə, inventarizasiya aparır. Amma jurnalistlər şəhərciyində yaşayan sakinlər bu günə qədər sözügedən komsiyyanın üzvlərinin üçüncü binaya baxış keçirdiyini görməyiblər və həmin komissiyanın bununla bağlı rəsmi məlumatı yoxdur.
Digər tərəfdən, əgər sözügedən bina qaz yatağının üstündə tikilibsə və qəzalı vəziyyətdədirsə, o zaman onun sökülməsi, həmçinin tikinti üçün ayrılan milyonlarca maliyyə vəsaitlərini “göyə sovuranlar” olubsa, onların həbs edilməsi mümkünləşərdi. Bunlarla bağlı rəsmi məlumatlar yayılmayıb. Üçüncü bina hələ də sağ-salamat yerindədir”.

analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button