Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 16-da Efiopiya Federativ Demokratik Respublikası Baş nazirinin müavini Temesgen Tirunehin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Nazirlər Kabinetinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycanın Afrika dövlətləri, o cümlədən Efiopiya ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyi bildirilib. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olunub.
İkitərəfli səviyyədə münasibətlərin möhkəmləndirilməsi üçün mövcud imkanlardan istifadə edilməsinin önəmi vurğulanaraq, xüsusilə dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyalar sahəsində əməkdaşlığın son vaxtlar yaxşı dinamika nümayiş etdirdiyi qeyd olunub.
Efiopiya Baş nazirinin müavininin səfəri çərçivəsində imzalanmış və “ASAN xidmət” konsepsiyası əsasında bu ölkədə dövlət xidmətlərini həyata keçirəcək mərkəzlərin yaradılmasını nəzərdə tutan Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.
Görüşdə Azərbaycan-Efiopiya əlaqələrinin bir sıra istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Analoq.az