Azərbaycan qazının Türkiyəyə tədarükü avqust ayında müvəqqəti dayandırılacaq
Azərbaycan qazının Türkiyəyə tədarükü avqustda ixrac qaz boru kəmərində aparılan texniki xidmət işləri ilə əlaqədar bir neçə gün müddətinə dayandırılacaq. Bu barədə Türkiyənin dövlət neft-qaz şirkəti BOTAŞ məlumat yayıb.
“Şahdəniz” yatağından qaz ixracı üçün nəzərdə tutulan qazpaylayıcı sistemdə planlaşdırılan texniki xidmət və təmir işləri ilə əlaqədar olaraq Türkiyənin milli qaz paylama şəbəkəsinə “Türkgözü” giriş nöqtəsindən beş gün ərzində – 31 iyul – 5 avqust tarixlərində, Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) “Seyitqazi” giriş nöqtəsindən isə dörd gün ərzində – 5-9 avqust tarixlərində təbii qazın verilməsi mümkün olmayacaq”, – məlumatda bildirilib.
Eyni zamanda, şirkət qeyd edir ki, planlaşdırılmış texniki xidmət və təmir işləri zamanı milli qazpaylayıcı şəbəkədə tələb və təklif balansını təmin etmək üçün tədbirlər görülüb.
Xatırladaq ki, “Şahdəniz” yatağının işlənməsinin 1-ci mərhələsi və 2-ci mərhələsi çərçivəsində hasil edilən Azərbaycan qazı Türkiyəyə tədarük edilir.
“Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Analoq.az