Ölkə

Səttar Möhbalıyevin ailə biznesi AHİK-dən bu qədər qazanır – Rəqəmlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası növbədənkənar qurultaya hazırlaşır. Tribunainfo.az xəbər verir ki, qurultayın avqustun 26-da keçirilməsi nəzərdə tutulub.

AHİK sədri Səttar Möhbalıyevin postundan getməsi ilə nəticələnəcək proses isə bununla yekunlaşmayacaq. Çünki konfederasiya sədri yaxasını təkcə sədrlikdən getməklə qurtarmayacaq, həm də mal varlığının hesabını verməli olacaq.

Qeyd edək ki, Səttar Möhbalıyev 33 ildir ölkədə 2,5 milyon işçinin əmək haqqından hər ay 1-5 faiz tutur. AHİK-ə ölkənin dörd bir tərəfindən olduqca böyük pullar axır. Bu pullardan vergi tutulmur, pulların hara xərclənməsini yoxlayan bir orqan da olmayıb. Amma indi vəziyyət dəyişib və araşdırma başlayıb.

Məlumatda deyilir ki, həmin yoxlamalar başlayacağı təqdirdə, çox böyük yeyintilərin üzərinin açılması realşaşacaq. Bu da onunla bağlıdır ki, hər il 2.5 milyon işçinin maaşından tutulan 1-1.5 faiz pullarla yanaşı, sanatoriyalar, istirahət mərkəzləri, habelə “putyovka” biznesindən əldə olunan gəlirlərin də üstü açılacaq.

Möhbalıyevin hazırda əsas hədəfi deputat olmaqdır. Bunun üçün onun döymədiyi qapı qalmayıb. Lakin hakimiyyət dairələrinin gözündən düşən AHİK sədri istədiyinə hələ ki nail ola bilməyib. Onun deputat olmaq dərdi, heç də mandat sevdasından irəli gəlmir. Bu gün deputat olmaq Səttar Möhbalıyevə ona görə lazımdır ki, həm də mal varlığını qoruya bilsin, yoxlamaların miqyasını minimuma endirsin. Bir növ özünü sığortalamaq istəyindədir. Əks təqdirdə, yoxlamalar onun həbsinə belə gətirib çıxaracaq.

Tribunainfo.az xəbər verir ki, bu yoxlamalar təkcə Səttar Möhbalıyevi deyil, eləcə də onun “qara kassası” sayılan, bütün maliyyə işlərinə nəzarət edən Qalib Qəribovun da yolunu “Kürdəxanı”dan sala bilər. Keçmiş deputat Fərhad Qəribovun qardaşı oğlu olan Qalib, AHİK-in katibi – maliyyə şöbəsinin müdiri vəzifəsində çalışır.

Məsələn, “Yeni Müsavat” qəzetinin iddiasına görə, Səttar Möhbalıyevin aylıq gəliri 3 milyon manatı ötür. Həmin pulları cəm edib, ona ötürən isə Qalib Qəribovdur. Təbii ki, Qəribov bunu “mən ölümə” etmir. Onun da burada payı var və iddialara görə, Qəribovun aylıq qazancı 500 min manatı aşır.
Bir maraqlı detalı da qeyd edək ki, Qalib Qəribovun rəsmi əmək haqqısı 7500 manatdır. Üstəlik, 1350 manat da tutduğu digər vəzifəyə görə əlavə maaş alır.

Mənbələr bildirir ki, yoxlama və araşdırmalar Qəribovun da “kürkünə bir salıb”. Hətta cərəyan edən proseslərdən o qədər təsirlənib ki, keçmiş deputat, əmisi Fərhad Qəribovun yanına qaçaraq, ondan kömək istəyib. Əmisinin ona nə deyib, deməməsi məlum olmasa da, Qalib Qəribovun son günlər iş yerində halının tez-tez pişləşdiyi barədə xəbərlər gəlir. Və bunun baş verənlərin stresindən və qorxusundan baş verdiyi deyilir.

Bəzi məlumatlara görə, Səttar Möhbalıyev vəziyyətdən çıxmaq üçün Qalib Qəribovu güdaza verə bilər. Onun yeyinti işlərinə qarışmadığını və bütün bunların katibi tərəfindən edildiyini iddia edərək, yaxasını qurtarmağa çalışacağı güman edilir. Hərçənd bu onun işin içində olmaması anlamına gəlməyəcək. Amma “günahı”nı bir qədər azalda biləcəyi ehtimal olunur. Qəribovun isə özünü xilas etməsi nə dərəcədə mümkün olacaq, bəlli deyil. Güvəndiyi oliqarx əmisinin belə onu xilas etməsi real görünmür.
Yazıdfa adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 3]

Back to top button