Salyanda gərgin seçki yarışı: Gənc politoloq komitə sədrini küncə sıxışdırıb
64 saylı Salyan seçki dairəsi seçki rəqabətinin ən gərgin keçdiyi dairələrdən biridir.
AZXEBER.COM Editor.az-a istinadən xəbər verir ki, dairədə deputat, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun əsas rəqibi tanınmış xanım politoloq Aytən Qurbanovadır.
Müşahidələr göstərir ki, tanınmış gənc politoloqun apardığı uğurlu təbliğat- təşviqat kampaniyası Milli Məclisin komitə sədrinin işini çətinə salıb.
Gənc rəqibinin bölgədə nüfuzlu nəslin nümayəndəsi olması və qısa zamanda seçicilər tərəfindən böyük rəğbət görməsi seçki dairəsini qəfil dəyişərək Salyana üz tutmaqla tənqidlərə tuş gələn və bununla da prosesə onsuzda mənfi mərhələdən başlayan Sadiq Qurbanovu tamam küncə sıxışdırıb .
İddialara görə, rayonda Sadiq Qurbanovla bağlı yaranmış vəziyyət və onun seçkilərdə uğur qazanmaq şansının sürətlə azalması YAP-ın yerli təşkilatı tərəfindən artıq hakim partiyanın rəhbərliyinə məruzə edilib.
Proses belə davam edərsə Sadiq Qurbanov 1 sentyabr günü parlamentdəki kürsünü itirəcək.
Qeyd edək ki, deputatlığa namizəd Aytən Qurbanova Salyandan namizədliyini elan etdikdən sonra sosial şəbəkə hesabında sərt paylaşım etmişdi.
Həmin statusu təqdim edirik:
Azərbaycan Respublikasının vətəndaşı olaraq bütün seçki dairələrindən namizədliyimizi irəli sürmək və seçilmək hüququmuz var. Hərkəsin seçiminə hörmətlə yanaşıram. Amma mənə görə bunun üçün ilk addım insanın böyüdüyü, eləcə də havasına, suyuna və insanlarına bələd, dərdinə-sevincinə şərik olduğu bölgə olmalıdır. İş görməyə, zəhmət çəkməyə, insanlara faydalı olmağa evin içindən başlamaq lazımdır. Evində sevilməyən və dəstəklənməyən bir insan başqalarına necə can yandıra və ya faydalı ola bilər?!
İnanıram ki, bu seçkilərdə doğma insanlarımızla birlikdə Salyanımızın bütün problemlərini müzakirə edəcək, əlimizdən gələnin ən yaxşısını etmək üçün birlikdə çalışacağıq…
Analoq.az