Ölkə

Pirşağa qəsəbəsinin həll olunmayan problemləri-FOTOLAR

Elə bir yerdə yaşayırsınız ki, nə içməli su var, nə kanalizasiya, nə də rahat yol… Bəlkə də bir çoxları üçün bunu təsəvvür etmək çətindir, hətta bu üç problemin bir ərazidə mövcud olması belə inandırıcı deyil.

Amma Bakının bir ərazisi var ki, burada yaşayan insanlar üçün həyat ilin hər fəsilində çətindir, dözülməzdir, yorucudur. Pirşağı qəsəbəsinin Bağlar massivində yayda su tapmayan insanlar, qışda dizə qədər suyun içində gəzmək məcburiyyətində qalırlar.Redaktor.az xəbər verir ki, Pirşağı qəsəbəsində “Delfin” ailəvi istirahət mərkəzi ətrafında yeni yol çəkilir. Lakin həmin ərazidə mövcud olan ara küçələrdə yolsuzluqdur. Səbəb isə burada kanalizasiya sisteminin olmamasıdır. İcra nümayəndələri sakinlərə bildiriblər ki, qışda həmin küçələri su basdığına görə, kanalizasiya sistemi olmayana qədər bu ərazidə yol çəkilməyəcək.

Yüzlərlə ailənin yaşadığı küçələr bərbad gündədir və qışda bu ərazilərdə gediş-gəliş çətinləşir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, şəhərdə mövcud olan bütün təmirsiz yollar təmir olunacaq, lakin bunun üçün vaxt lazımdır:

“Nəzərinizə çatdırım ki, 2023-cü il də daxil olmaqla, belə bir plan var. Həmin küçələr də təmir olunacaq. Sadəcə qeyd olunduğu kimi, yolların təmir olunması və bir müddət sonra suya görə yenidən dağıdılması məsələsi var. Bu cür problemlər ortaya çıxmasın deyə, həmin ərazidə kanalizasiya və su sistemi olduqdan sonra yolların düzəldilməsi nəzərdə tutulur. Bununla bağlı yəqin ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin planı var. O işlər həyata keçiriləndən sonra həmin ərazilərə də asvalt çəkiləcək”.

Bəs hər dəfə 10 tonluq suyu 40 manata alan sakinlərin su və kanalizasiya problemi nə vaxt həllini tapacaq?

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı bildirib ki, bu problemlərin həllini tapması investisiyadan asılıdır:

“Həmin ərazidə bizim nə mərkəzləşmiş su, nə də kanalizasiya sistemimiz var. Bakı ətrafı qəsəbələrdə işlərimiz dövlət investisiyaları, yəni büdcədən ayrılan vəsait hesabına mərhələlərlə icra olunur. Bu qəsəbələrlə bağlı əlimizdə ilkin layihələrimiz də var. Vəsait ayrıldıqca, hamısını mərhələli şəkildə həyata keçirəcəyik. Hər şey investisiyadan asılıdır”.

Problemlər bir-biririnə zəncirvari bağlıdır. Biri digərinin həllinə maneə yaradır. Belə görünür ki, aidiyyatı qurumlar isə bu maneələri aradan qaldırmağa o qədər də maraqlı deyillər. Günbəgün artan problemlər şablon bəhanələrlə daha da böyüməyə davam edir. Sakinlər daha bir 3 il də dözsünlər, gözləsinlər. Üç ildən sonra hər üç problemi yenidən işıqlandırarıq.Sevda Ulutau

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button