Redaktor seçimi

Azərbaycan və Özbəkistanda arasında “Əlişir Nəvai yaradıcılığı – Türkdilli ədəbiyyatın zirvəsidir” adlı video-konfrans keçirilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə görkəmli özbək şairi, dövlət xadimi Əlişir Nəvainin doğum gününə həsr olunmuş “Əlişir Nəvainin yaradıcılığı türk ədəbiyyatının zirvəsidir” adlı onlayn-videokonfrans keçirilib.

Videokonfransda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin və Özbəkistan Yazıçılar İttifaqının üzvləri, Özbəkistan Elmlər Akademiyası və AMEA-nın elmi-tədqiqat institutlarının nəvaişünas alimləri, habelə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professor-müəllim və tələbə heyəti iştirak ediblər.

Konfransın moderatoru “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru, tarix elmləri doktoru Erkin Nuriddinov iştirakçıları salamlayaraq açılış nitqində Türk xalqları arasında mədəni-mənəvi əlaqələrin möhkəmləndirilməsində Əlişir Nəvainin rolunu, şairin yaradıcılıq irsini qeyd edib və Nəvai yaradıcılığının bu günədək qardaş Özbəkistan və Azərbaycan xalqları arasında dostluq körpüsü rolunu oynadığını  vurğulayıb.

Giriş sözü çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan tərəfinin ədəbi əlaqələrimizin əsasçılarından olan, türk dilində ilk “Xəmsə”ni yaradan Əlişir Nəvaiyə həsr olunmuş beynəlxalq konfransa xüsusi əhəmiyyət verdiyini və ölkəmizdə Nəvai yaradıcılığına, şairin əsərlərinə böyük maraq olduğunu qeyd edib. O vurğulayıb ki, Əlişir Nəvai Nizami Gəncəvini öz ustadı, ilhamvericisi hesab edib, Nizaminin “Xəmsə”sini “Beş xəzinə” adlandıraraq hər poemanın başlanğıcında Nizamiyə hörmət və məhəbbət əlaməti olaraq xüsusi səhifələr yazıb.

Diplomat Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında 2021-ci ildə Özbəkistanda iki dahi şairə həsr olunmuş “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri”nin keçirildiyini və sözügedən tədbirlərin  böyük maraqla qarsalandığını bildirib. Bu tədbirlər çərçivəsində ilk dəfə olaraq azərbaycanlı professor Ramiz Əskər tərəfindən Əlişir Nəvainin “Xəmsə”si Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmişdir. Mərkəzin layihəsi əsasında “Nəvai hikmətləri” kitabı və “Əlişir Nəvainin beş risaləsi” kitabı Azərbaycan dilinə tərcümə edilərək Bakıda nəşr edilib.

S. Abbasov qeyd edib ki, bu işlər gələcəkdə də davam etdiriləcək və Mərkəz tərəfindən bu sahədə monoqrafiya və dərsliklərin nəşri üçün layihə həyata keçirilir.

Digər çıxışçılar Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Majid, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər, AMEA-ın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun professoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elman Quliyev, Özbəkistan Milli Elmlər Akademiyası Dil, Ədəbiyyat, Folklor İnstitutunun dosenti Gülnaz Sattarova Əlişir Nəvaini iki xalq arasında möhkəm dostluğun, ədəbi əlaqələrdə xidmətlərindən danışaraq, ötən il dahi şairin 580 illik yubileyinin Özbəkistanda və dünyada dövlət səviyyəsində qeyd olunmasını, Əlişir Nəvainin Türk dünyası ədəbiyyatına verdiyi töhfələr barədə məruzələr ediblər. Qeyd olunub ki, Əlişir Nəvai Özbək ədəbi dilinin banisi, Türk dünyası şairlərinin ilham mənbəyi və özündən sonra nəhəng ədəbi-fəlsəfi irs qoyub gedən dahi mütəfəkkirdir.

Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin eksperti, publisist, şair Əkbər Qoşalı, Əlişir Nəvai adına Daşkənd dövlət Özbək dili və ədəbiyyatı Universitetinin dosenti, Universitetdə Füzuli adına Azərbaycan Mərkəzinin direktoru Gülbahor Aşurova, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə şairin həyat yolunu və yaradıcılıq fəaliyyətini dərindən təhlil edərək, onun dünya ədəbiyyatında mövqeyi, “Xəmsəçilik” fəaliyyəti haqqında çıxış ediblər. Onlar, bir filosof və tarixçi kimi poeziya, elmi fəaliyyət, Nəvai  yaradıcılığının dilçilikdə rolu, şair obrazının müasir ədəbiyyatda təcəssümü, o cümlədən Nəvai yaradıcılığının Türk dövlətlərində tədqiqi, dünyada tanıdılması istiqamətində fikirlərini bölüşüblər.

Tədbirdə görkəmli özbək şairi, dövlət xadimi Əlişir Nəvainin həyat və yaradıcılığına həsr olunmuş video material nümayiş olunub, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin tələbələrinin Əlişir Nəvaiyə həsr olunmuş şeirləri təqdim olunub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button