Redaktor seçimi

Talehin Bayramı, Bayramın Talehi…

“Ölüm güzel şey, budur perde ardından haber… Hiç güzel olmasaydı ölü müydü Peygamber”.

Adı özünə, özü adına yaraşan Taleh Əlioğlu va. Yaşadığım məmləkətdə tanıdığım ən saf adamlardan biridir. Hələ mən onun qabiliyyətindən, ailəyə, dostluğa, yoldaşlığa sədaqətindən danışmıram. Üzünə baxanda qəlbinin dibi görünür.

Talehlə tanışlığım dostlarım şair Qılman İman və Polad İmranoğlunun sayəsində oldu. Gəncəyə istəkli televiziya aparıcısı şairə Çiçək Mahmudqızının verilişinin çəkilişinə gedirdik. Qılman atüstü Talehə zəng elədi, hal-əhval tutdu. Haradan gəlib hara getdiyimizi söylədi.Bizim salamlarımızı da ona ismarladı.Talehlə tanışlığımın olmamasına baxmayaraq bütün qəlbimlə ona salam yolladım.Taleh sanki bu zəngdən ilan gülləyə atılan kimi hövlang tərpənib – Gəncəyə gedən yol Dəli Məmmədlidən keçir – deyib israrla bizi evinə qonaq dəvət etdi. Qılman – yol üstəyik, sonra gəlib görüşərik – desə də, Taleh mən evdən çıxıram sizi filan yerdə gözləyəcəm, Əli baba da bildi sizlə danışdığımı, o da gözləyir – deyib dəstəyi dərhal asdı.Taleh Qılmana Dəli Məmmədlinin girişində görüş vəd etmişdi.Dediyi yerə beş-on dəqiqəyə çatdıq. Avtomobildən düşən kimi Talehin birnəfəsə üstümüzə qaçmağı və bizi qucaqlayıb öpməyi, “dayanmayaq gedək evə” deməsi mənim insanlıq haqqında olan düşüncələrimi o qaranlıq gecədə və palçıqlı küçədə bir anlıq dəyişdi. Özü də necə…Yaşadığımız cəmiyyətdə hər gün qarşılaşdığımız müəyyən hadisələr, bəzən ciddi, bəzən də heç bir mənası olmayan problemləri bizə yaşadan adamları gözümün önünə gətirəndə Talehin bu planetdə yaşamadığını çox götür-qoydan sonra özümdə dəqiq müəyyən etdim. Taleh bu yumru kürənin sakini deyil. Və sakini olmadığı kimi bu zəhrimar od püskürən dünyanın nə havasını udub, nə suyunu içib, nə də əppəyini yeyib.O an anladm ki, onun havası da ayrıdı, mayası da, suyu da. Dəqiq belədir. Onu gördüyüm andan gəldiyim qənaətdən yanılmadım. Əminəm ki, yanılmaram da.Biz öz avtomobilimizə əyləşdik, Taleh də öz avtomobilinə əyləşən kimi qabağa düşüb bizi arxasınca apardı. İşıqlı qəlbiylə o qaranlıq əyri-üyrü küçələrədən keçirib öz dünyasına – Əli Ələkbər oğlunun ocağına apardı.Ona görə Əli Ələkbər oğlunun ocağı dedim ki, Əli kişi ozanlar ozanı Dədə Alının soyundandır. Atası Ələkbər kişi kimi bu ocağın od qoruyucularından biridir.Bilgi üçün qeyd edim ki, Əli baba 1939-cu ildə qarlı şaxtalı noyabr ayında Göyçənin Qızılvəng kəndində Ələkbər kişinin ailəsində göz açıb. Ələkbər kişi 1940-cı ildə oğlunun bir yaşı tamam olanda ailəsini məcbur qalıb Göyçədən Goranboya köçürüb.Goranboya gəlmələri də təsadüfən olmayıb. Qədim oğuz türk yurdu olan indiki Ermənistan adlanan ərazidə başlanan köçürmələr onları yerdən -yurddan eləyib. Ələkbər kişi 1940-ci ildən ömrünü-gününü bu şen olmuş yurda – Goranboyun Dəliməmmədli kəndinə xərcləyib. Onu da qeyd edim ki, Ələkbər kişinin ata-baba yurdu Qızılvəngin adı 1948-cı ildə dəyişilib Çiçəkli qoyulub.Əli baba atası Ələkbər kişiylə Göyçəyə sonralar tez-tez gedib-gələrmiş. Hər gedişində ulu babalarının qəbrini ziyarət edər, onların narahat ruhlarını sevindirərmiş. Göyçədən və Qərbi Azərbaycandan köçürülən soydaşlarımızın bir çoxu Azərbaycanın müxtəlif bölgələrində məskunlaşandan sonra elə soydaşlarımız oldu ki, öz yurd yerlərinə qayıtdı. Amma bayaq qeyd etdiyim kimi Ələkbər kişi öz dədə-baba yurduna köçürülmədən sonra yalnız qonaq kimi gedib gəlib. Elə oğlu Əli kişini də dəfələrlə Göyçəyə qonaq kimi aparıb gətirib.Yurddan perik düşən, amma sığındığı Dəliməmmədlidə dəmir yol stansiyasında çalışan Ələkbər kişinin taleyinə Dəliməmmədli elə yazılır ki, elə haqq dünyasına da 1982-ci ildə buradan köçür.Bu qısa arayışı ona görə verdim ki, Əli baba bir yaşında doğulduğu Göyçədən ayrılandan sonra tez-tez Göyçəyə gedib gəlsə də, 1988-ci ildə son köçürülmədə oralardan əlini və ümidini bir dəfəlik üzür.Ata-baba yurdu üçün darıxanda, qəhərlənəndə əli o pirlər ocağına çatmayanda, gəncliyində çox gəzib dolaşdığı, sərin bulaqlarından içdiyi, ulu babaları Aşıq Alının ruhu dolaşan Qızılvəng üçün, bəlkə də, bir küncə çəkilib xısın-xısın ağlayıb.Əli babanln yurd üçün, doğulduğu evi, nənə-baba məzarı üçün axıtdığı göz yaşı ilk gördüyüm gündə, Talehlə tanış olduğum o qutsal gecəyədək qurumamışdı. Ustad şairimiz Ramiz Rövşənin: Gözümüzün yaşını da,Bağrımızın başını da,Qəbrimizin daşını daYağış yuyur, gün qurudur. – misralarını xatırladım. Yağış suyu kimi dupduru misraları da məhz Əli babanın göz yaşını axıdanda yağış yuyub gün qurudub. Göz yaşı qurusa da, bənizində yaş dipdiri qalmışdı.Mən də həmin gecə axan o yaşı görmüşdüm.Əli baba əsgərlikdən qayıdandan sonra uzun illər Dəliməmmədlidə kolxozda, kolxozun anbarlarında və bir çox məsul vəzifələrdə çalışıb. Eldə-obada gözəl ad-san qazanıb. Elçiliklərə gedib, neçə gəncin taleyində xoş günlərin adamı kimi yaddaşlarda qalıb. Xeyir işlərdə xeyir-duasını verib, şər məclislərində də qollarını çırmayıb əlindən gələni el-oba üçün edib.Həmin gecə Əli baba bilmirdi ki, daşıyıcısı olduğu Aşıq Alı babasından hansı xatirəni danışsın, hansı qoşmanı söyləsin. Elə istəyirdi bir nəfəsə sinəsində olanları bizə çatdırsın. Gecə dadlı təamlarla bəzədilmiş masada bu axarla davam edirdi. Ərinmədən də Aşıq Alı şəcərəsinə aid olan qədim su səhəngini də gətirib bizə göstərdi.O unudulmaz gecə eləbil səhərə çıxmaq istəmirdi. Vaxt, zaman da həmin an bizim masada əyləşmişdi, bizim masadakı söhbətlərə qulaq vermişdi. Qılman, əziz dostumuz Polad İmranoğlu və mən Əli babaya o qədər suallar verdik ki…Hələ Qılmanın sazı bağrına basıb Əli babanın dərdlərini təzələməsini demirəm.Hiss edirdim ki, Əli baba, o gecə danışdıqlarını bizə danışmasaydı bəlkə də bağrı çartdayardı,gecəni yata bilməzdi. Sanki ürəyini boşaltmaq istəyirdi. Taleh də atasının ürəyindən keçənləri hiss etdiyindən bizi evə dəvət etmişdi. Bax beləcə, biz uzun-uzun əlimiz çatmayan, atımız işləməyən, yağışımız, dolumuz düşməyən yurd yerlərimizdən danışdıq. Qərib ruhları andıq.Bir də baxdıq ki, sabaha az qalıb. Səhər tezdən yetişməliyik Gəncəyə. Gözümüzün yuxusunu azca aldatmaqdan ötrü bir balaca yatmaq qərarına gəldik. Yuxudan oyananda saat ondan bir balaca keçmişdi. Səhər yeməyi masası ətrafında yenə məclis quruldu. Bir balaca söhbətləşəndən sonra hörmətli dostumuz Çiçək Mahmudqızının “Könül körpüsü”ndən keçmək üçün yol aldıq Şeyx Nizaminin uyduğu qədim Gəncəyə”. İlk görüşdən xoş təəssüratlarla belə ayrılırıq. Özümüzlə apardığımız fotoaparatla o ki var şəkil çəkdirib, qucaqlaşıb öpüşdük. Bu görüşün üstündən çox az vaxt keçəndən sonra Talehin əmisi indi haqq dünyasında olan Bəşir babayla tanışlığım yarandı, Gədəbəydə evində qonağı oldum, halal çörəyini kəsdim. Bəşir baba haqqında o qədər xoş xatirələrim var ki, danışmaq istəyirəm, amma Bəşir babanın xatirələrini keçmiş zaman şəkilçisiylə danışmaq mənə olduqca çətindi.Bəşir baba Gədəbəyin Slavyanka kəndində yaşayırdı. Gədəbəydə gözəl ad-sana malikiydi. Bir zamanlar məsul vəzifələrin öhdəsindən layiqincə gəlmişdi. Saz-söz adamıydı. Yunis Rzayevlə, Qəşəm Aslanovla hər ömrə örnək olan dadlı-duzlu dostluğu olmuşdu. Görüşlərimizin birində bir dəfə elə gözəl avazla oxumuşdu ki, o səs hələ də qulağımdadır. Bax bu və digər xatirələri ona görə danışmıram ki, Bəşir babaya olan xatirələrimi keçmişə vermək istəmirəm.O xatirələr istəyirəm ki, indiki zamana aid olsun. Baxmayaraq ki, Bəşir baba 2016-ci ildə haqq dünyası üçün tələsdi.Torpağın yüngül olsun, Bəşir baba!Sonralar dəfələrlə Talehlə tez-tez görüşdük. Ya biz Gəncəyə gedəndə, ya o Bakıya gələndə hər dəfə zəngləşirdik.Ayda iki-üç dəfə zəngləşir, hal-əhval tuturuq.Yazıya Talehin hansı qəlbə malik olduğu insan haqqında başlamağa qərar versəm də, yazmaq istəyəcəyim cümlələrin heç biri inanmıram ki içimdəki sayğını, məhəbbəti ifadə etsin. Bədii cümlələr qurub nöqətsinə, vergülünə, dilin qrammatik qaydalarına əməl etməyə çalışsam da, lap cümlənin sonunda üç nida qoymaq istəsəm də, Talehi ehtiva etməyəcək.Taleh babasının, atasının yurd itirməsini uşaq yaşlarında bilib. Özünün on yaşını ulu babası Aşıq Alının param-parça olmuş kəndində – Qızılvəngdə qeyd edib. O, yurd haqqında da yaxşı bilir, yurdsuzluq haqqında da.Gənclik illərində anası Ceyran xanımı,bacıları Əslini, Bənövşə və Mehparəni itirən Taleh artıq babası şeyx Alının qədimdən qədim – Ölüm haqqdı, çıxmaq olmaz əmrdən – misrasının da çəkisini bir daha özündə yəqin etdi. Ona bu itkilər nə qədər çətin olsa da tanrının şah əsəri olan ölümə üsyan etmədi. Ölümlə razılaşmamaq tanrını inkar etməkdir. Düşünürəm ki, Taleh də taleyiylə barışıb susdu.Onun bu susqunluğu iyun ayının 15-nə qədər çəkdi.Qəfil aldığım xəbər, Talehin son beşiyi Bayramın faciəvi vaxtsız vəfatı mənə tərs şillə kimi dəydi. Dostum Qılman İman hönkürə-hönkürə bu xəbəri çatdırsa da,” bəlkə, dəqiq deyil, zəng elə bir dəqiqləşdir”- deməsi məni daha da çaşbaş saldı. Bilmədim Qılmanı sakitləşdirim, yoxsa bu qara xəbər üçün soraq salım.Talehin nömrəsini yığsam da, “yes” düyməsini sıxıb zəng etməyə ürək etmədim. Axı zəng edib nə deyəcəm. Necə soruşacam. Xeyli götür-qoy elədim. Təkrar Qılmanı yığıb, bəlkə, sən zəng edib dəqiqləşdirərsən. Qılman “yox!” deyib, dəstəyi asdı. Bir neçə saat xəbərin şokunu yaşadım. Dilim söz tutmurdu, lal-dinməz dayanmışdım. Demək olar nitqim qurumuşdu.Amma zəng etməyi, başsağlığı verməyi vacib bildiyimdən özümü toxtayıb zəng çaldım. Bu qara xəbər Talehin səsindən hiss olundu. Yenə söz öz məcrasından çıxdı. Artıq hər şey bəlli idi…Bayram gözlərini Ramazan bayramının son günündə əbədi yumdu. Yaşının az olmasına baxmayaraq dost kəlməsinin məsuliyyətini yaxşı bildiyi üçün boğulan dostunu axan sudan çıxartmaq üçün canından keçmişdi bu əl boyda uşaq.Yas mərasimində iştirak etmək üçün Qılmanla, Şəhriyar Seyidoğluyla yollandıq Dəli Məmmədliyə. Yol boyu ancaq Talehi, Əli babanı düşünürdük.Bu zalım fələk Əli babaya nələr yaşatmamışdı ki. Bir yaşında ata-baba yurdundan ayrılması, həyatda gördüyü çətinliklər, dərd-ələmli günlər. Eh hansı birini deyim…Ömrünün bu çağında bunu da yaşadı. Həyat yoldaşı Ceyran xanımın, qızları Əsli Bənövşə və Mehparənin vaxtsız vəfatı azmış kimi bir də Bayramın vəfatı…Hüzr yerində Qılman, Şəhriyar və mən Talehə, Əli babaya təsəlli verdik. Gücümüz çatan quru təsəlli və axıtdığımız göz yaşı idi.Son kədəriniz, son qəminiz, həyat sınağında bu olsun, ölüm üçün üzülməyin, mənim əzizlərim. Hələ görün ustad Nəcib Fazil nə gözəl deyib:“Ölüm güzel şey, budur perde ardından haber… Hiç güzel olmasaydı ölü müydü Peygamber”.

Savalan TALIBLI

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button