Redaktor seçimi

Vətənə xidmətdə keçən ömür- General 60 yaşını qeyd edir

General-mayor, Azərbaycan Respublikasının Əməkdar həkimi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Müharibə veteranı, tibb üzrə fəlsəfə doktoru Natiq Əliyev 60 yaşını qeyd edir. Natiq Əliyev 26 avqust 1964-cü ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun və Azərbaycan Kooperasiya Universitetinin məzunudur. Əmək fəaliyyətinə Naxçıvan Muxtar Respublikasında başlayıb.

Natiq Əliyev 1991-ci ildən Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında fəaliyyət göstərib. Ölkəmizin ən ağır vaxtlarında, xüsusilə Naxçıvanın müharibə şəraitində olduğu dövrdə məhz Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan qarnizonu hospitalında fəaliyyət göstərib.

Naxçıvan qarnizonu hospitalındakı fəaliyyəti, eləcə də daha sonra Bakıda Azərbaycan Silahlı Qüvvələrinə məxsus strukturlardakı fəaliyyətinə görə dəfələrlə Ulu öndər Heydər Əliyev tərəfindən təltif edilib. 2016-cı ilin Aprel döyüşlərində hərbi tibbi xidmətin fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.

Natiq Əliyev 1999-2012-ci illərdə Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun rəisi, 2012-2020-ci illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifələrində çalışıb. Fəaliyyətini 2021-2022-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Sumqayıt Olimpiya Kompleksinin direktoru kimi davam etdirib.

Natiq Əliyev müxtəlif vaxtlarda ‘’Qüsursuz hərbi xidmətə görə’’, ‘’Hərbi xidmətdə fərqlənməyə görə’’ medallarının müxtəlif dərəcələri ilə, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin digər medalları ilə təltif edilib. Bundan başqa, Natiq Əliyev Beynəlxalq Hərbi İdman Şurası tərəfindən 1-ci və 2-ci dərəcəli ‘’Grand Officer’’ (Ali Zabit) medallarına layiq görülüb.

Elmi fəaliyyətlə də məşğul olan Natiq Əliyev Azərbaycanda antidopinq mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmiş və bu sahənin ölkəmizdə inkişafına töhfələr vermiş yeganə azərbaycanlıdır. O, ‘’Azərbaycan Respublikasında dopinq nəzarətinin təşkilinin öyrənilməsi’’ elmi əsərinin, eləcə də ‘’Bitki mənşəli dərman vasitələri’’ kitabının müəllifidir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button