Redaktor seçimi

Əhmədəli mirzə Qovanlı-Qacar-ARAŞDIRMA

Qacar əsilli şairlərdən biri də Əhmədəli mirzə Qovanlı-Qacardır. XIX əsr İran ədəbi mühitində sayılıb-seçilən sənətkarlardan idi. Şairin ədəbi irsi indiyədək İranda cüzi şəkildə tədqiq olunmuş və əsərlərinin bir qismi işıq üzü görmüşdür. Lakin bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, şairin zəngin bədii irsinin tədqiqi istiqamətində indiyədək yerinə yetirilən işlər kifayət dərəcədə deyil və bu yöndə daha mükəmməl araşdırılmaya böyük ehtiyac var.

Fətəli şahın оndоqquzuncu оğlu Əhmədəli mirzə (anası Məryəm xanım yəhudi) 19 yanvar 1804-cü ildə Tehran şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı.

Əhmədəli mirzə bir müddət Xоrasanın valisi оlmuşdu. Abbas mirzə Hеrata və üsyançı еlxanların üstünə yürüş еdəndə qardaşı ilə qоvğaya girmişdi.

Əminə Pakrəvan Abbas mirzənin Xоrasan səfəri haqqında yazır: «Məşhəd şəhərinin icra işlərindən sorumlu və Əhmədəli mirzənin vəziri olan Mirzə Musa türkmənlərlə gizlin-gizlin irtibat qurmağa başlamışdı. Türkmən xanları bütün türkmənləri öz yanlarında bulundura bilmələri üçün məzhəb fərqliliyini də sıx-sıx gündəmə gətirirdilər.

Şiə Azərbaycan ordusunun gəlib Sünni Türkmənistana hökm edə-cəyinin mümkün olmayacağını təbliğ edirdilər. Digər tərəfdən, Əhmədəli mirzənin Abbas mirzəyə qarşı həsədini, nifrət və kinini də körükləməyə başlamışdılar. Əhmədəli mirzə başdan bəri Abbas mirzəni sevməməkdə idi. Xorasan xanları onun bu duyğusundan yararlanmağa çalışırdılar.

Əhmədəli mirzə də özünü xanların dəstəyi ilə gücləndirib və Azərbaycan ordusuna qarşı çıxmaq istəyirdi. Bir çapar həyəcanlı bir şəkildə xəbər gətirdi ki, Azərbaycan ordusu Şahrudu tərk etmiş və Bəstama yaxınlaşmaqdadır. Bu qasidin tutub dilini kəsdilər ki, niyə belə bəd xəbərlər gətirirsən!

Abbas mirzəyə qarşı bir plan oluşdurmaq amacı ilə şahzadə Əhmədəli mirzə, Mirzə Musa, Rzaqulu xan, Qoçan elxanı və bütün kürd sərkərdələrinin qatılımı ilə bir şura düzənləndi.

Digər önəmsiz xanlar isə bu şuradan çıxacaq ortaq qərara təslim olacaqlarını bildirdilər. Şurada təklif olundu ki, Məşhədin darvazları Azərbaycan ordusuna qarşı qapansın və kəsinliklə açılmasın.

Məşhəd əhalisinə də təbliğ edilsin ki, Azərbaycan ordusunun mənsubları uzun müddətdir daima savaşlara qatıldıqları üçün vəhşiləşmişlər. Azərbaycan ordusu Məşhədə girsə, İmam Rzanın məzarındaki xəzinəni də talan edib aparacaqdır.

Onlar düşünürdülər ki, qış boyunca Abbas mirzənin Məşhədə girişini əngəlləyə bilsələr, Şahzadə ordusunun ehtiyaclarını bu soyuq havalarda təmin edə bilməyəcək və Azərbaycan ordusunun düzəni ehtiyac üzündən dağılacaqdır. Baharda isə Abbas mirzə ordusunu toparlayana qədər ona hücum etmək mümkün olacaqdı.

Bu şurada qərara alındı ki, Abbas mirzənin Məşhədə yaxınlaşmasına izn verilsin. Elxanlardan Abbas mirzəyə itaətə hazır olduqları haqda məktublar gəlirdi. Lakin Abbas mirzə öz ehtiyatını əldən vermədən dərin-dərin düşünür və bölgədən gələn, casusları vasitəsi ilə gətirilən xəbərləri yaxşı-yaxşı dəyərləndirirdi. Bu şurada toplanan insanlar Şahzadənin illər boyu sürən savaşlarda birikdirdiyi təcrübəni nəzərə almadıqları üçün yanlış hesab yapırdılar.

Bu planlar Abbas mirzə üçün çocuq oyuncağı kimi bir şey idi. Abbas mirzə ona ard-arda gələn bu məktubların arxasındakı təhdid planlarını dərhal sezə bilmişdi. Abbas mirzənin Məşhədin yaxınlığında bir kürd qalasını amansızca məğlub etmə xəbəri Məşhədə gəldiyində bu şuradakı ittifaq öz-özünə çözülməyə başladı. Artıq birlikdən deyil, hər ağızdan bir səs çıxmağa başlamışdı.

Xanlar başlarına çarə qılmaq üçün öz qalalarına geri döndülər. Çevrələrinin boşalmasını görən Əhmədəli mirzə və onun vəziri Abbas mirzəyə olan sonsuz nifrətlərinə rəğmən ona qarşı gəlməməyi düşündülər.

Abbas mirzəni qarşılamaq üçün göstəri hazırlıqlarının başlanmasına əmr verildi. Lakin üzlərində qorxu əlaməti açıqca görünməkdə idi. Azərbaycan ordusuna qarşı düzənlədikləri şura haqqında Abbas mirzə bilgi əldə etdikdən sonra onlarla necə davranacağından əndişələnirdilər.

Bu şura haqqında Abbas mirzə ayrıntılı şəkildə bilgi sahibi olmasına baxmayaraq özünü elə aparırdı ki, sanki heç bir şey bilməməkdədir. Bu önəmsiz qardaşı ilə mehribanca davrandı. Kirman valisi Həsənəli mirzə kimi Məşhəd valisi Əhmədəli mirzəni də Tehrana göndərdi”. (Əminə Pakrəvan, Abbas mirzə və Azərbaycan, Bakı, “Qanun”, 2007, s.)

Əhmədəli mirzə şair idi. Rzaqulu xan Hidayət “Məcməülfüsəha” adlı təzkirəsində yazır: “Əhmədəli mirzə həzrəti şahənşah sahibqran Qacarın onsəkkizinci (-?-Ə.Ç.) oğludur. Nəvvab Mahmud mirzənin anabir üçüncü, Hümayun mirzədən sonra qardaşıdır.

Nəvvab şahzadə Hüseynəli mirzə ilə birgə Fars əyalətində kamal kəsb etmiş, sonra Darülxüləfaya (Tehrana-Ə.Ç.) gəlmişdi.

1245-ci (1830-cu) ildə Xorasan əyalətinə məmur edilmişdi. Mirzə Musa Gilani onun naibi, pişkarı və vəziri idi. Günlərin bir günü Xorasan əyalətinin vilayət və mahallarından keçdi və sərhədlərin intizamının kamil olduğunu yoxladı.

Onun Xorasanda valiliyi dönəmində Səadətqulu xanın oğlu, Ləknurun vəziri Asəfüddövlənin qardaşı Mehdiqulu xan Cəlalüddövlə İrana gəldi. Məşhədi-müqəddəsdə Əli ibn Musa əleyhisəlamı ziyarət etdi. Yolda türkmənlər onu tutmuşdular. Əhmədəli mirzə Xaqan sahibqranla məsləhətləşib, türkmənlərə 10 min ödəyərək onu azad etdi.

Sonra qoşun çəkib türkmənləri tənbeh etmişdi. Gözəl əxlaq sahibi şahzadə 1270-ci (1854-cü) ildə vəfat edib”. (Rzaqulu xan Hidayət, Məcməülfüsəha, I cild, 1-ci bəxş, s.73)
Şeirlərini farsca yazırdı. Bir örnək:

Zinəti xame kərdəam, qətreyi xun didə ra,
Zəbibi zikri bud be tən, həbibi xun keşidə ra.

Ta be sərəm rəsidəhayi bər ləbi mən rəsidə can,
Çareyi təbib qu məkən əmr be sər rəsidə ra.

Dər dəmi rəftəm ey cəvan, əz setəm tu nəğd can,
Midəhəm və nəmidəhəm mehr bə can xəridə ra.

Tənə zənid kərdikan pir ze pa fetadə ra,
Təmə kənid kərdikan şir be xun təpidə ra.

Xətti tu ta ze dəsti sər şadəm əz anki dər nəzər,
Məsti təravət digər səbzə no dəmidə ra.

Əz pi del çu kərdikan həmə su şum dəvan,
Ta ki, be dəst avərəm mürğ ze kəf pəridə ra.

Əhmədəli mirzə sonrakı həyatını paytaxtda yaşamışdı. Qardaşı nəvəsi və kürəkəni Nasirəddin şahın dövründə, 1855-ci ildə Tehranda vəfat еdib.

Əhmədəli mirzənin törəməsi Əhmədi sоyadını daşıyırlar.

Əhmədəli mirzə Məhəmmədtağı xanın qızıyla, Hacı Hüsеynqulu xan Qоvanlı-Qacarın qızıyla və türkmən qızıyla həyat qurmuşdu. Yaqub mirzə, Sultan Hüsеyn mirzə, Nadir mirzə, Xangəldi mirzə adlı оğulları, Fəxriülmülk xanım (Gəlin xanım) adlı qızı vardı.

Qeyd etdik ki, İranda Əhmədəli mirzənin həyatı haqqında təzkirəçilər səviyyəsində ümumi məlumat verməklə kifayətlənmişlər. Bizə genişlətmək qaldı…

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button