Siyasət

Avropa İttifaqı Azərbaycanın Minsk qrupunun fəaliyyətsizliyindən narazılığını nəzərə alır

Azərbaycan Prezidentinin Brüsseldə Aİ-nın ali vəzifəli şəxslərindən olan Şarl Mişelin vasitəçiliyi ilə N.Paşinyan ilə görüşməsi ölkəmizin qarşıya qoyduğu bir çox strateji və taktiki prioritetlər baxımından əhəmiyyətlidir.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elşən Məcidov bildirib.
Aİ-nin Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ixrac tərəfdaşı olduğunu xatırladan siyasi ekspert deyib: “Avropa İttifaqı Azərbaycan iqtisadiyyatına ən böyük sərmayələr qoyan təsisatdır. Bu səbəblərdən Avropa İttifaqı ilə əməkdaşlığın bütün sferalarda inkişafı Azərbaycanın milli təhlükəsizliyi prioritetləri ilə üst-üstə düşür. Bununla belə unutmaq lazım deyil, Brüssel görüşü Soçi görüşü və BMT Ədalət Məhkəməsinin yekun qərarından sonra baş tutmuşdur. Brüssel görüşünə qədər vacib məsələlərin, o cümlədən əksər digər mövzuların artıq müzakirə edilməsi, bu görüşün əhəmiyyətini bundan qabaqkı görüşlərlə müqayisədə nisbətən zəif edir. Bununla belə bunu neqativ yox, pozitiv anlamda qəbul etmək lazımdır. Əslində bu Azərbaycanın Brüssel görüşünü gözləmədən öz problemlərini həll etmək qabiliyyətində olmasından xəbər verir”.
Elşən Məcidov diqqətə çatdırıb ki, dörd saatdan artıq davam edən görüşün yekunlarını Aİ Şurasının Prezidenti Şarl Mişelin bəyanatından geniş təhlil etmək mümkündür. Ş.Mişel tərəfindən səsləndirilən tezislər, onun dediyini cümlələr nə qədər vacib əhəmiyyət kəsb etsə də, zənnimizcə əsas diqqəti onun demədiklərinə yönləndirmək lazımdır. Ş.Mişel üçtərəfli görüşün yekunlarına dair çıxışında bir dəfə də olsun ATƏT-in Minsk qrupunun adını çəkmədi. Təəccüb doğuracaq hal bundadır ki, bu görüşə qədər Qərbdə əksər yüksək vəzifəli şəxslər hər bir bəyanatlarında Minsk qrupunu xüsusi yada salmağı sanki bir müqəddəs öhdəlik sayırdılar. Belə şəraitdə Ş.Mişelin Minsk qrupunu yada salmaması iki fərziyyəyə yol açır. Birinci fərziyyə Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında vasitəçiliyi ATƏT-in Minsk qrupundan almaq istəməsindən ibarətdir. ATƏT-in Minsk qrupunun 30 ilə yaxın fəaliyyətsiz səyləri və bu səbəbdən münaqişə dövründə və II Qarabağ müharibəsindən sonra postmünaqişə dövründə Azərbaycan tərəfindən haqlı olaraq tənqid olunması bu formata etibarı olduqca azaltdı. Belə fərz etmək olar ki, Avropa İttifaqı Minsk qrupunun fəaliyyətsizliyini və Azərbaycanın bundan narazılığını nəzərə alıb, vasitəçilik missiyasını öz üzərində götürməyə cəhd edir. Bu fərziyyənin xeyrinə, o cümlədən Ş.Mişelin 18 iyul tarixində Azərbaycana səfər edərək Minsk qrupu və Aİ haqqında səsləndirdiyi bir fikir işləyir: “Mən həm Azərbaycan Prezidentinə, həm də Ermənistan baş nazirinə Avropa İttifaqının mümkün qədər müsbət və konstruktiv rol oynamağa hazır olduğunu bildirdim. Əlbəttə ki, biz Minsk qrupunun oynadığı rola hörmət bəsləyirik. Lakin bu, Avropa İttifaqı tərəfindən müəyyən mütəxəssis biliyi, dəstək və ideyaların təmin edilməsinin və daha çox sabitliyin, təhlükəsizliyin təmin olunması, regionda dayanıqlı sülhün bərqərar olmasından əmin olmaq üçün müəyyən mümkün irəliləyişlərə dəstək verilməsinin mümkün olmaması anlamına gəlməməlidir”. Azərbaycan Prezidenti ilə görüşdən sonra mətbuat konfransı zamanı ifadə edilən bu tezisdə Avropa İttifaqının regionda dayanıqlı sülhün bərqərar olmasında daha aktiv və daha çox səlahiyyətli olmaq istəməsi açıq mətnlə bildirilir.
“İkinci fərziyyə birinci fərziyyəyə qismən oxşayır. Bununla belə birinci fərziyyədən əsas fərqi ondan ibarətdir ki, burda Aİ-nın ATƏT-i əvəzləməsi yox, onunla birgə uzunmüddətli sülh yaratma prosesi üzərində işləməsi nəzərdə tutulur. Böyük ehtimal biz burda Aİ-nın Fransanı həmsədr institutu çərçivəsində əvəzləməsindən danışa bilərik. Belə şəraitdə ATƏT-in Minsk qrupu ABŞ, Aİ və Rusiya timsalından yenidən qurulacaqdır. Belə format 3 güc mərkəzinin bir arada toplaşmasına imkan verəcək. Bu fərziyyənin xeyrinə bir neçə arqument işləyir. Əvvəla bildirək ki, birinci fərziyyədə irəli sürülən tezisə, yəni ATƏT-in Aİ ilə əvəzlənməsinə cari həmsədrlərdən heç biri razı olmayacaqdır. ABŞ Avropa İttifaqı ölkəsi deyil, buna görə də həmsədr yerini itirmək istəmədiyindən belə dəyişikliyə böyük ehtimal razı olmayacaqdır. Rusiya məlum səbəblərdən onun cənub sərhədlərində və maraq sferasında mövcud prosesin onun iştirakı olmadan Qərb strukturu tərəfindən nəzarətə götürülməsinə əleyhinə çıxış edəcəkdir. Fransa Aİ üzvü olsa da, prosesin Minsk qrupundan Aİ-na keçməsində maraqlı deyil. Beləki, Minsk qrupu çərçivəsində o 3 həmsədrdən biri kimi dövlət statusunda təmsil olunduğu halda, Aİ çərçivəsində sadəcə 27 üzvdən biri olacaqdır. Bütün bunları nəzərə alaraq ikinci fərziyyənin daha yüksək ehtimal olması qənaətinə gəlirik. Lakin Brüssel görüşündən sonra biz tərəfdən irəli sürülən bu iki fərziyyənin hansının daha doğru olacağı və ya hər ikisinin yanlış olacağı növbəti aylarda baş verəcək hadisələr ilə müəyyən olunacaq. O vaxta qədər isə bu fərziyyələr bir çox digər elmi fərziyyələr kimi yaşamaq hüququna malik bir yanaşmadır”, – deyə siyasi ekspert vurğulayıb.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button