Siyasət

NATO Rusiya qarşıdurması regional təhdidləri gücləndirir

NATO Rusiya ixtilafı hələ 2008-ci ildə başlamışdı. O zaman NATO-nun keçirilən zirvə toplantısında Ukrayna və Gürcüstanın üzvlük məsələsi müzakirə edilmişdi. ABŞ bu dövlətlərə dəstək verəcəyini bildirirdi. Amma Fransa və Almaniya həmin ölkələrin təşkilata üzv qəbul edilməsinin Rusiyanı narahat edəcəyini iddia edərək bu təklifə qarşı çıxdılar. Nəhayət zirvə toplantısının sonunda ortaq qərar almaq mümkün oldu. Ukrayna və Gürcüstanın NATO-ya üzv olması üçün davamlı müzakirələrə yol açıldı.

Son dövrlər NATO-nun genişlənməsi, hətta Ukrayna və Gürcüstanın bu təşkilata üzv olmaq istəyi Rusiyanı daha da hiddətləndirir. Əslində hər bir ölkənin öz strateji maraqlarını və təhlükəsizliyini nəzərə alaraq beynəlxalq hərbi bloklarda təmsil olunmaq hüququnun və istəyinin olması təbii haldır. Bugünkü Rusiya isə Baltikyanı respublikalar istisna olmaqla keçmiş SSRİ məkanındakı respublikaların NATO-ya üzvlük məsələsini özünə qarşı ciddi təhlükə hesab edir.

İmperiya iddialarından əl çəkməyən, öz əhalisinin sosial-iqtisadi problemlərini həll etmək gücündə olmayan Rusiya keçmiş SSRİ məkanındakı bir sıra regionlara o cümlədən Cənubi Qafqaza təhdidlərini davam etdirir. Belə təhdidlərin qarşısını almaq üçün Qərbə və yaxud ABŞ-a bel bağlamaq çətin məsələdir. Çünki böyük tələfatlar, qanlar hesabına Əfqanıstanda formalaşmış hakimiyyəti bir göz qırpımında Talibana təslim etməsi və oranı biabır olaraq tərk etməsi ABŞ siyasətinin mahiyyətini göstərdi. Onu da xatırlatmaq istərdim ki, 2008-ci ildə avqust ayında məlum Gürcüstan hadisələri zamanı da həm Qərb, həm də ABŞ Rusiya qarşısında dişsizliyini nümayiş etdirmişdilər.

Digər tərəfdən ABŞ-ın bugünkü hədədəfləri keçmiş SSRİ məkanı deyil. Müşahidələr göstərir ki, bu ölkənin hazırda hədəfi Çindir. Bu amillər Rusiyanı imperiya iddialarına daha da həvəsləndirir. Hətta Moskvada bəzi ideoloqlar SSRİ nağılını ortaya ataraq barmaq silkələməklə məşğul olurlar. Gorbagor olmuş SSRİ-nin bərpa etməyin mümkünsüz olduğunu həmin ideoloqlar yaxşı anlayırlar. Onların məqsədi Kremldəki bəzi dairələrin sifarişlərini yerinə yetirmək, müstəqil dövlətlərə qarşı təzyiqləri artırmaq, bu ölkələrdəki narazı, sosial-iqtisadi problemləri olan kütlələrə gorbagor olmuş SSRİ-ni dirçəltmək xülyalarını çatdırmaq istəkləri ola bilər.

Digər bir məkrli plan Türk Dövlətləri Təşkilatının genişlənməsinin qarşısını almaq və həmin ölkələrdə müxtəlif formada çaxnaşmalar yaratmaq Rusiyadakı bəzi qüvvələrin hədəflərindədir. Qazaxıstanda baş verən son hadisələr bunu sübut edir. Şimal qonşumuz belə imperiya gedişli hərəkətləri ilə bütün keçmiş SSRİ məkanında antirus meyllərini gücləndirsə də, təəssüf ki, bu siyasətindən əl çəkənə oxşamır.

Bu təhdidlərdən qorunmaq üçün bəs Azərbaycan nə etməlidir?

Mənim qənaətimcə, Azərbaycan və Türkiyə Prezidentlərinin ötən il müdrikcəsinə imzaladıqları Şuşa Bəyannaməsi ölkəmizi çox ciddi təhdidlərdən qoruyacaq addımlardan biridir. Bu tarixi sənəd regiona ediləcək təhdidlərinin qarşısını almaqla bərabər, bölgə dövlətlərinin sabit inkişafına təminat yaradacaq.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Bölgənin geosiyasi mənzərəsini dəyişəcək bu Bəyannamə dünyaya ünvanlanmış ciddi mesaj oldu.

Təbii ki, digər son dərəcə zərururi addımların atılması gərəkdir. Bütün bu məsələlərə kompleks yanaşma tələb olunur. Ən əsası Qazaxıstan hadisələrindən öyrənməli və nəticə çıxarmalı məqamlar çoxdur.

Gerçəkdən Şimal küləyinin nə qədər təhlükəli olduğunun hər kəs fərqində olmalı və buna hazır olub məqamı yetişəndə adekvat cavab verməyin zəruriliyini dərk etməlidir. Sosial-iqtisadi problemləri olan kütlələrin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmalıdır. Ən əsası vətəndaş məmnunluğunun təmin edilməsi real əməldə hiss olunmalıdır.

Əkrəm Bəydəmirli
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button