Siyasət

Rusiya və ABŞ-ın yeni və gizli siyasi savaşı… Paşinyan Ermənistan prezidenti olacaqmı?

Ermənistan prezidenti Armen Sarkisyan tutduğu vəzifədən istefa verdi. Çox yəqin ki, onu postunda müvəqqəti olaraq ölkə parlamentinin spikeri Alen Simonyan əvəzləyəcək.
İlk baxışdan nə qədər paradoksal olsa da, Sarkisyanın istefası Qazaxıstandakı hakimiyyət böhranının nəticəsidir.
A.Sarkisyan uzun illər idi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarları sırasında idi. Daha dəqiq olsaq, Sarkisyan “Qarabağ klanı”nın, Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj Sarqsyanın mənsub olduğu dəstənin üzvü idi.
Serj Sarqsyan prezident postunda ikinci səlahiyyət müddəti başa çatandan sonra da hakimiyyətdə qalmaq istədi, Konstitusiyaya “zəruri” əlavələr və dəyişikliklər etdi, idarəetmə səlahiyyətlərinin tam əksəriyyətini prezidentdən baş nazirə verdi və baş nazir oldu. Amma bütün bunlar Ermənistanda kütləvi etirazlara səbəb oldu, “inqilab” yaşandı, Sarqsyan devrildi və kollektiv Qərbin, daha doğrusu, ABŞ-ın kreaturası Nikol Paşinyan baş nazir oldu.
Rusiya Paşinyana nifrət edirdi və indi də sevmir, onu potensial xəyanətkar hesab edir.
Prezident postunda isə S.Sarqsyanın faktiki olaraq təyin etdiyi marionet Armen Sarkisyan qalırdı.
A.Sarkisyan indiyədək bir dəfə olsun belə, Paşinyana qarşı açıq-aşkar çıxmayıb, sərt etirazını bəyan etməyib. Lakin o, Paşinyana qarşı duran siyasətçilərin düşərgəsində yer alırdı. Ermənistanı faktiki quberniyası hesab edən Rusiya da vəziyyətdən razı idi, çünki aşkar Qərbpərəst baş nazirə qarşı Rusiyaya meylli prezident A.Sarkisyan vardı.
Fəqət, Qazaxıstandakı hakimiyyət böhranı zamanı Nikol Paşinyan Rusiyanın fikrincə, nümunəvi davrandı. O, Moskvadan aldığı göstərişlərin hamısını tam yerinə yetirdi. Və məhz bundan sonra Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı oldu.
Rusiyanın tam kontrolunda olan Armen Sarkisyan da məhz həmin telefon danışığından sonra istefa ərizəsi yazdı.
Situasiya sadədir: telefon danışığı əsnasında Paşinyan Ermənistan prezidentinin gerçək “hami”si və “ağası”ndan rəqib hesab etdiyi adamın istefaya göndərilməsinə razılıq istəmişdi.
Hadisələrin bundan sonrakı inkişaf ssenarisinin iki istiqaməti var.
1. Ermənistanın yeni prezidentini ölkə parlamenti seçəcək. Parlamentdə Paşinyana 80 səs gərəkdir. Ermənistanın baş nazirinin hazırda 79 səsi olduğundan, ya bir deputatı şirnikləndirib oyuna qatacaqlar, ya da seçkilərin ikinci turu olacaq. 2-ci turda Paşinyana 65 deputat səsi bəs edir. Ermənistan prezidenti postuna seçkilər isə gələn ayda, fevralda olacaq.
2. Erimənistanda Konstitusiyaya yenidən əlavələr və dəyişikliklər ediləcək, ölkə prezident üsul-idarəsinə qayıdacaq. Nikol Paşinyan seçkilərə qatılaraq qalib gələcək, bütün səlahiyyətləri əldə cəmləmiş prezident olacaq.
MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) indiki katibi qismində Qazaxıstandakı olaylarda Moskvanın tapşırıqlarını tam icra etdiyi üçün Nikol Paşinyanı Kreml mükafatlandırdı.
Paşinyan Ermənistandakı hakimiyyəti indi əlində cəmləyə bilər. Bu isə İrəvanın Bakı və Ankara ilə daha tez anlaşacağı, Azərbaycanla sərhədin delimitasiya və demarkasiya proseslərinin sürətlənməsi, Qarabağın hələlik rusiyalı sülhməramlıların nəzarətindəki hissəsinin Azərbaycana dinc yolla inteqrasiyası, Ermənistanın nəqliyyat blokadasından çıxması, habelə Rusiya, Azərbaycan, İran, Türkiyə, Ermənistan və Gürcüstanın “3+3” layihəsinin gerçəkləşməsi deməkdir.
Armen Sarkisyana gəldikdə isə…
Onun səlahiyyətləri gerçəkdən də az olsa da, Sarkisyan prezident “seçiləndə” nəyə getdiyini, nəyə razılaşdırığını bilirdi və buna görə indi onun şikayətləri absurd təsir bağışlayır.
Sarkisyanın bundan sonra atacağı addımları təxminləmək çətin deyil. O, Nikol Paşinyanın planlarını təxminlədiyindən, mütləq şəkildə prezident seçkilərinə qatılacaq. “Üçüncü qüvvə” olmağa çalışacaq A.Sarkisyanın özünə partiya da quracağı istisna deyil.
A.Sarkisyanın son səfərləri, bəhs etdiyi layihələr də prezident seçilərsə, nələr etməyə hazırlaşacağınının ilkin bəyanı da sayıla bilər.
Ermənistanda prezident səlahiyyətlərini müvəqqəti icra edəcək potensial fiqurlara gəldikdə isə, onlar XİN başçısı Ararat Mirzoyan, parlament spikeri Alen Simonyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandır.

Orxan Hun, Milli.Az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button